Ərəb ölkələri Qətərin Türkiyə dəstəyinə qarşı - Çirkin kampaniya
17-08-2018, 09:09
Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində Qətərin Türkiyəyə yardım etməsinə qarşı çirkin kampaniyaya start verilib.
Hər üç ölkənin mətbuatında Qətərin dəstək addımı tənqid olunub.
BƏƏ-nin "Əl İttihad" qəzeti başlığa "Qətər əmiri xalqının 15 milyard dollarını Türkiyəyə bağışladı" ifadəsini çıxarıb. Yazıda Qətərin Türkiyədə dəstəyi sərt tənqid olunub.
Səudiyyə Ərəbistanının "Əl-Eqtisadiya" qəzeti isə "Doha Ankaranın tənqidlərinə boyun əydi" başlıqlı məqalədə qeyd olunur ki, 4 ərəb ölkəsinin boykotu qarşılığında böhranla üzləşən Qətər Türkiyə mətbuatında "nankor Doha" ittihamları qarşısında geri çəkildi və Ankaraya yardım etmək zorunda qaldı.
Misirin "Əl-Şafad" qəzeti isə Qətərin dəstəyini "ABŞ ilə toqquşan Ərdoğan rejiminə utanmadan edilən yardım" adlandırıb.
Yazıda qeyd olunur ki, Qətər əmirinin əsas məqsədi Türkiyə tərəfindən qorunmaqdır.
xatırladaq ki, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ötən gün Türkiyə prezidenti Ərdoğanla görüşündə bu ölkəyə 15 milyard dollar birbaşa investisiya yatıracağını açıqlayıb.
Bu açıqlamadan sonra Türkiyədə dollar 6 faiz ucuzlaşaraq 5,85 TL səviyyəsinə düşüb.