"Türkiyəni diz çökdürmək istəyirlər" - Ərdoğan
20-08-2018, 17:42
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk milli valyutası olan lirənin ucuzlaşması və ölkənin maliyyə problemi ilə üzləşməsinə görə Ankaranı diz çökdürməyə çalışan qüvvələri ittiham edib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğan müsəlmanların müqəddəs Qurban bayramı münasibətilə xalqa ünvanladığı video-təbrikində bəyan edib.
“Türkiyə iqtisadiyyatına edilən hücumların dini ənənələrimizə və dövlətçiliyimizə edilən birbaşa hücumlardan heç bir fərqi yoxdur. Məqsəd eynidir – Türkiyəni və türk millətini diz çökdürmək və əsir almaqla başqalarının əmrini yerinə yetirməyə məcbur etməkdir. Terror qruplaşmaları və içərimizdəki xəyanətkar şəbəkələri ilə, min bir hiylə ilə, tələ ilə çökdürə bilmədikləri Türkiyəni valyuta bazarında manipulyasiya ilə dağıda biləcəklərini zənn edənlər çox yaxında yanıldıqlarını görəcəklər. Allahın izni ilə ölkəmiz bunların hamısının öhdəsindən gələcək gücə, imkana və qüdrətə sahibdir”, – deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb - 1 dollar 7,24 lirə təşkil edib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.
Vaşinqtonun ikiqat ticarət tariflərinə cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-dan idxal olunan tütün məmulatlarına qoyulan rüsumun 60 faiz, alkoqollu içkilərdə 140 faiz, avtomobillərdə 140 faiz, kosmetik məhsullarda 60 faiz, düyüdə və meyvələrdə 40 faizə qədər artırılmasilə bağlı qərar imzalayıb.