Müharibənin dəhşətli raundu: Türkiyə seçim edəcək

5-09-2018, 09:24           
Müharibənin dəhşətli raundu: Türkiyə seçim edəcək
Suriyada proseslər narahatedici ssenari üzrə inkişaf etməkdədir. Belə ki, müharibənin yeni və dəhşətli raundu başlaya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, bu dəfə Qərb dünyası ilə Rusiya-İran birliyi üz-üzə qala bilər:

“Amma burada diqqəti ən çox çəkən Türkiyənin mövqeyidir. Çünki Türkiyə indiyə qədər Rusiya və İranla yaxınlıq siyasətini seçərək, faktiki olaraq, Suriya rejiminin özünə də müəyyən loyal münasibət bəsləyirdi. Amma indi Türkiyə bölgədə nüfuzuna xələl vura biləcək ciddi mənzərə ilə üz-üzədir. Türkiyənin yaxın dəstəyi və maliyyə vəsaiti hesabına formalaşdırılan Suriya Azadlıq Ordusuna, Suriya müxalifət düşərgəsinə və Türkiyənin strateji maraqlarına ciddi zərbə endirən İdlib əməliyyatı bunun ən başlıca səbəbi olacaq. Çünki İdlib Türkiyənin Hatay vilayətinə çox yaxındır. Eyni zamanda, İdlib Suriya müxalifətinin və Suriya Azadlıq Ordusunun bir növ qərargahı və sığınacağı rolunu oynayır. Əgər Bəşər Əsəd və ona yaxın dəstək verən Rusiya-İran müxalifətə qarşı hücum kampaniyasını həyata keçirib, müxalifəti sıradan çıxarsa və onların sosial bazasını həyata keçirən dinc siyasilərə qarşı geniş repressiya tədbirlərinə başlasa, bu, ölkədə ciddi humanitar fəlakətə gətirib çıxara bilər. Nəticədə ən azından 3 milyona yaxın insan Türkiyə sərhədlərinə doğru qaça və Türkiyədən sığınacaq istəyər. Bu isə Türkiyənin onsuz da çətinə salınan iqtisadiyyatı üçün yeni problemlər yaradar”.

Politoloq vurğulayıb ki, ən başlıcası bu əməliyyat Türkiyənin xarici siyasətində müəyyən dəyərlərin aşınmasına gətirib çıxara bilər:

“Türkiyə üçün tarixi sınaq anı yetişib. Türkiyə bu prosesdə öz geostrateji maraqlarına uyğun seçim etməlidir. Xüsusilə Türkiyə İran ilə aralarında mütləq məsafə saxlamalıdır. Tehranda keçiriləcək 3-lü görüşə getməmək və yaxud burada İdlib əməliyyatını kəskin surətdə pisləmək və bu əməliyyata qarşı olduğunu bütün dünyaya bəyan etmək doğru seçim olardı. Amma Lavrovun və İran Silahlı Qüvvələrinin bəyanatından belə görünür ki, İdlib əməliyyatında Əsəd rejiminə yardım ediləcək”.

Politoloq qeyd edib ki, bölgədə tamamilə spesifik bir vəziyyət yaranıb:

“Yəni İdlib əməliyyatında Suriya müxalifəti əzilərsə və Əsəd rejimi qələbə qazanarsa, bu, Əsəd rejiminin az qala Suriyanlın 90%-i üzərində nəzarəti ələ keçirməsi demək olacaqdır. Bu, həm də Türkiyə üçün geostrateji planda çox böyük itkilərin yaşanmasına gətirib çıxaracaq. Türkiyə bölgənin regional gücü kimi öz nüfuzunu itirə bilər. Yaxın bir neçə gün ərzində Türkiyənin bununla bağlı geostrateji mövqeyi müəyyənləşdiriləcək. Güman edirəm ki, Türkiyə özü üçün yeni geostrateji mövqe müəyyən edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.