Ankara Rusiya ilə bağlı məyus ola bilər – Açıqlama
9-09-2018, 11:04
Ankaranın bütün ehtimalları nəzərə alması vacibdir. Əks halda, yaxın zamanda Türkiyə üçün Rusiya ilə bağlı yeni xəyal qırıqlıqlarının gündəmə gəlməsi yüksək bir ehtimaldır.
Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, Rusiya və Türkiyə əlaqələrinin 2 əsas problemin həlli istiqamətində davam etdirilməsi mümkündür:
“Qarabağ problemi və Suriya məsələsi. Qarabağ məsələsində Moskva ilə Ankara arasında münasibətlərin strateji dərinləşməsinə töhfə verəcək qarşılıqlı razılaşmanı görə bilmirik. Hətta Moskvanın bu məsələ ilə bağlı Ankaranın həssaslığına nə qədər əhəmiyyət verdiyi də məlum deyil.
Suriya məsələsində isə Astana prosesi ilə bəlli bir uzlaşma yaranmışdı. Ancaq İdlib məsələsi, Tehranda baş tutan son sammitdən sonra qəbul edilən bəyannamə Astana prosesində əldə olan razılaşmada ciddi problemlər olduğunu göstərir. Burada əsas məqam İdlibdə əməliyyat keçirilməsi ilə bağlı məsələdə 3 ölkə arasında ortaq razılaşmanın əldə edilə bilməməsidir. Həm bəyannamədə, həm də Ərdoğan və Putinin açıqlamalarında İdlibin indiki vəziyyəti və gələcəyi ilə bağlı fikir ayrılıqlarının olduğu açıq-aşkar göründü. Diqqətçəkən məqamlardan biri də odur ki, sözügedən bəyannamədə İŞİD, Əl-Nüsrə və bənzər terror qruplarının adı çəkilsə də, PYD burada yer almayıb”.
N.Cəfərsoy vurğulayıb ki, Rusiya-Türkiyə münasibətləri hər iki məsələdə sınaqdan yaxşı keçmir:
“Buna görə də Türkiyə-Rusiya əlaqələrinin stareji anlamda yaxşı potensialı olsa da, bu potensiala uyğun ciddi nəticələr əldə ediləcəyini düşünmürəm”.