Atatürkü aldadan dələduz: Onun pulları belə ələ keçirildi

13-09-2018, 08:42           
Atatürkü aldadan dələduz: Onun pulları belə ələ keçirildi
“Milliyət” qəzetinin yazarı Günəri Civaloğlu öz məqaləsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı olduqca maraqlı faktı qələmə alıb.

Kult.az xəbər verir ki, yazar M.K.Atatürkün hələ Ordular Qrup Komandanlığında olarkən bir dələduz tərəfindən necə aldadıldığını oxuculara açıqlayıb.

Bildirilir ki, Atatürk Ordular Qrup Komandanlığından (OQK) İstanbula gələndə dostları onun 3-5 min lirəlik büdcəsinin olduğunu öyrənirlər və türk xalqının gələcək xilaskarını bu pulu ticari işlərə qoymağa təşviq edirlər:

“Mustafa Kamal bu təklifi eşitdikdə “Mən ticarət bacarmıram ki”, - deyə bildirir. Dostları isə bu yöndə heç bir narahatlığın olmadığını deyirlər və indiki deyimlə, biznesin qurulması üçün onu A. adlı iş adamı (əslində dələduz) ilə tanış edirlər”.

Civaloğlu yazısında qeyd edir ki, M.K.Atatürkün dostları A. adlı şəxslə onu məclislərin birində tanış edir.

Məclisdə uzun danışıqlardan və təkliflərdən sonra Türkiyə Respublikasının qurucusu əlində olan-qalan pulunu zərfin içində sözügedən fırıldaqçıya verir.

Yazar qeyd edir ki, hətta Atatürk bu əmanəti ona təqdim edən zaman olduqca həyəcanlı imiş və ikincinin pulu qəbul etməyəcəyindən qorxurmuş.

Uzun müddət keçir və ticarət sövdələşməsi, gəlirlərlə bağlı heç bir səs-soraq olmur. Atatürk yaxın dostlarından birindən pulunun taleyi barədə soruşur. Həmin dostu da ona əncir idxalından danışır:

“İzmirdən İstanbula yelkənli gəmi ilə daşınacaq. Böyük gəlirlər belə qazanılır”.

Yazar qeyd edir ki, Atatürk bu qarmaqarışıq durum qarşısında bir şey anlamır. Daha sonra isə Atatürkə məlumat çatır ki, sözügedən gəmi “batıb”. Lakin əslində gəmi deyilən bir şey də yox imiş. Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürk sadəcə bir dələduz tərəfindən aldadılıb.

Tarixi məlumata görə, Atatürkün yavəri Cavad Abbas bu fırıldaqçılıq olayını qəbul edə bilmir və A. adlı həmin şəxsi körpünün üzərində yaxalayır. “Mənə bax! Mən Paşa deyiləm! Ya pulu verəcəksən, ya da səni bu körpüdən aşağı atacağam”, - deyə yavər hirsli şəkildə bildirir.

Yavərin təhdidindən qorxan dələduz pulu qaytarır.

Məqalənin sonunda isə verilən bu cümlə böyük öndərin əsl mərdlik xarakterini ortaya qoyur:

“Atatürkü siyasətdə dünya liderləri, müharibələrdə komandanlar məğlub edə bilmədi. Amma bir dələduz... Böyük insanların kiçik hesablarla işi olmaz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.