Ermənistanda həbsdə saxlanılan Əli DANIŞDI - "Məni Azərbaycanın cəsusu bildilər"

27-09-2018, 12:23           
Ermənistanda həbsdə saxlanılan Əli DANIŞDI - "Məni Azərbaycanın cəsusu bildilər"
Xəbər verdiyimiz kimi, Türkiyənin Qars bölgəsində heyvan otaran zaman sərhədi pozaraq Ermənistan tərəfə keçən və 2 aydır orada həbsdə qalan Azərbaycan əsilli Umud Əli Özmən sərbəst buraxılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, ötən gün azadlığa çıxan Əli atası ilə Yerevanda gəzib. O, hadisə ilə bağlı jurnalistlərin suallarını cavablanırıb və başına gələnlər haqda danışıb: "Həmin gün təxminən saat 12:00-da yaylaqda gəzirdim. Təbiətin şəkillərini çəkirdim. Bu zaman Ermənistanın bayrağını gördüm. Dedim, niyə olmasın? Bir gedim. Çıxdım yüksəkliyə, baxdım ki, mənə ən yaxın yaşayış yeri çox uzaqdadır. Həmin yaşayış yerinə getməyə qərar verdim və bir stəkan su istəyəcəyimi düşündüm.


İlk təpəni endikdən sonra erməni əsgərlərinin yoluna düşdüm. Əvvəl düşündüm ki, lap yaxınlıqlarına getməyim. Daha sonra dedim ki, bu həyatda həyəcan lazımdır. Yol ilə getmədim. Bir az daha çətin olsun deyə, təpələri gəzərək getdim. Təxminən 3-4 saat yola davam etdim. Daha sonra qarşıma tikanlı məftillər çıxdı. Bir yaşayış yerinin ətrafı məftillərlə örtülmüşdü və qırmızı rəngdə qıfıllı qapı var idi. Ot biçən bir erməni gördüm və qışqırdım. Maşınla yanıma gəldi. Ondan ingilis dilində su istədim. Amma başa düşmədi və başını yellədi. Xəbərim olmadan əsgərlərə zəng etdi. Beş dəqiqədən sonra sərhədi qoruyan rus əsgərləri gəldilər və üzərimə silah çəkdilər. Əllərimi başımın üstünə qoyub, diz çökdürdülər. Üzərimdə bomba olub-olmadığını soruşdular. Telefonumu aldılar, orada sərhədi keçərkən çəkdiyim görüntülərə baxdılar. Buraya nə üçün gəldiyimi soruşdular. Sualı eşidəndə özümü itirdim. Sonra gözlərimi bağlayaraq, bir otağa apardılar. Hər tərəf pərdə ilə bağlanmışdı".

16 yaşlı Əli mühakimə edildiyini bildirib: "Daha sonra üç əsgər gəldi. Məni mühakimə etdilər. Sonradan həqiqəti dedim. Ermənistana marağımdan gəldiyimi etiraf etdim. Məni İrəvan Milli Təhlükəsizlik Xidmətinə apardılar. Yanlarında tərcüməçi var idi. Sorğu-suala tutdular və mühakimə etdilər. "Sən terrorçusan, sizin yaşadığınız bölgədə çox azərbaycanlı var. Azərbaycan cəsususan" dedilər. Mən də türk olduğumu söylədim və kimliyimi göstərdim. Lakin onlar saxta olacağını təxmin edib inanmadılar. Səhər 06:00-ya qədər məni mühakimə etdilər. Sonra həbsxanaya saldılar. İkinci gün vəkilim gəldi. İrəvan Bələdiyyəsi göndərmişdi. Yaşım 18-dən az olduğu üçün hüquqi nümayəndə göndərdilər. Müfəttiş mənə dedi ki, iki aylıq həbs olunursan. Tələbə olduğumu, dərsə gedəcəyimi desəm də, qulaq asmadılar. Məhkəmə 2 ay həbs olunmağıma qərar verdi. Sentyabrın 19-da baş tutan məhkəmə iclasında şərti azadlığa buraxılmağıma qərar verildi".


Əli həbsxanada ona yaxşı davrandıqlarını bildirib: "Azərbaycan dilini bilən bir nəzarətçi var idi. Otaqda tək qalırdım. 20 gün sonra televizor gətirdilər. Bütün kanallar rus və erməni dilində idi. Yemək az gəlirdi".

Qeyd edək ki, Umud Əli pasport əməliyyatları tamamlandıqdan sonra bu gün Gürcüstandan Türkiyəyə dönəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.