İdlib anlaşması işləməyə başladı - silahlı qruplar geri çəkilir

28-09-2018, 10:17           
İdlib anlaşması işləməyə başladı - silahlı qruplar geri çəkilir
Radikal silahlılar Soçi anlaşmasına riayət edəcəklərini bəyan edib, oktyabrın 15-nə qədər İdlibdə yeni situasiya yaranmalıdır

İdlibdə fəaliyyət göstərən silahlı qruplar Putin-Ərdoğan razılaşmasına uyğun olaraq geri çəkilməyə başlayıb. Bu barədə məlumatı “Röyters” agentliyi İdlibdəki silahlıların nümayəndəsinə istinadən yayıb.

Bildirilir ki, daha əvvəl silahlı radikal qruplar, o cümlədən “Heyət Tahrir əş-Şam”, “Dinin Mühafizəçiləri” adlı koalisiyalar Soçi anlaşmasına tabe olmayacaqlarını elan etmişdilər. Xatırladaq ki, Türkiyə və Rusiya prezidentlərinin sentyabrın 18-də Soçidə baş tutan görüşündə İdlib mövzusunda anlaşma əldə olunub.

Anlaşma İdlibdə atəşkəsi nəzərdə tutur. Belə ki, oktyabrın 10-dək silahlı müxaliflər raket sistemləri, top, tank kimi ağır silahları bölgədən çəkəcəklər. Oktyabrın 15-dək isə İdlibdə silahlılar və hökumət qüvvələri arasında 15-20 kilometr genişliyində silahsızlaşdırılmış bölgə yaradılacaq. “Ən-Nusra”, ya da yeni adı ilə “Heyət Tahrir əş-Şam” qruplaşması terror təşkilatı kimi tanındığı üçün silahsızlaşdırılmış bölgədən çıxaracaq. Silahsızlaşdırılmış bölgədə Rusiya və Türkiyə ordusu patrulları birgə hərəkət edəcək. Bu anlaşmaya əsasən hər iki tərəfin terrorçu kimi tanıdığı silahlılar silahsızlaşdırılmış bölgədən çıxarılacaq, onların bu bölgədə fəaliyyətləri yasaqlanacaq. Anlaşmanın ən mühüm detallarından biri də Hələb-Hama, oradan da Dəməşq və ölkənin cənub sərhədinə qədər gedib çıxan M-5 magistralının hökumət qüvvələrinin nəzarətinə keçməsidir.

Ancaq ilk günlərdə bəzi silahlı qruplar bu anlaşmaya tabe olmayacaqlarını bildirirdilər. Bu isə o deməkdir ki, müəyyən olunmuş vaxta qədər silahlılar anlaşmaya əməl etməsələr, Türkiyə və Rusiya İdlibdə atəşkəs razılaşmasının icrası üçün fəaliyyətə keçməlidir. Yəni başqa sözlə, silahlı əməliyyatları bərpa edib silahlıları o bölgədən çıxarsınlar. Ancaq son anda silahlılar mövqelərini dəyişib və Rusiya-Türkiyə anlaşmasına riayət edəcəklərini bəyan ediblər.

Qeyd edək ki, bu həftənin çərşənbə axşamı günü Türkiyə prezidenti Ərdoğan bəyan edib ki, radikal qruplar artıq İdlibdə razılaşma bölgəsini tərk etməyə başlayıb. Daha əvvəl anlaşmanı rədd edən Təhrir əş-Şam artıq anlaşmanın şərtlərinə əməl edəcəyini qəbul edib. Lakin qruplaşma bunu rəsmən elan etməyəcək, yəni formal olaraq Soçi anlaşmasını qəbul etməyəcək. O da məlum olub ki, qruplaşma bu mesajı Türkiyə ordusu təmsilçilərinə üçüncü şəxslər vasitəsilə göndərib.

İdlib ile ilgili görsel sonucu

Xatırladaq ki, rəsmi olmayan məlumatlara əsasən hazırda İdlib ərazisinin 60-65 faizi məhz bu qruplaşmaların nəzarəti altındadır. Yeri gəlmişkən, İdlibdə fəaliyyət göstərən və Türkiyənin təsir dairəsində olan Milli Qurtuluş Cəbhəsi təşkilatının liderlərindən olan Əbdül Rəzzaq Salam Türkiyə mediasına bildirib ki, Soçi anlaşması icra prosesi başladıqdan sonra heç bir inqilabçı qrup problem yaratmayacaq. Onlar daha çox Suriya ordusunun anlaşmaya əməl etməyəcəyindən narahat olduqlarını bildiriblər.

Ancaq o da məlum olub ki, hələlik İdlibdəki heç bir qruplaşma anlaşmaya uyğun olaraq müəyyən olunmuş bölgələrə geri çəkilməyib. Yəni söhbət şifahi öhdəliklərdən gedir. Prosesin icrası üçün isə iki həftə vaxt var.

Bu anlaşmanın baş tutması indiki şərtlərdə həm Türkiyə və Rusiyanın, həm də Suriyanın maraqlarına cavab verir. Çünki İdlibdə əməliyyatların başlaması Suriya ordusu üçün ciddi risk təşkil edir, ABŞ, Fransa, Britaniya və Almaniya kimi ölkələr açıq şəkildə Dəməşqi hava zərbələri ilə hədələyib. Yəni İdlib əməliyyatı baş verəcəyi təqdirdə Qərb ölkələri növbəti dəfə hökumət qüvvələrinə zərbələr endirəcək. Bu mənada Dəməşq bu mərhələdə atəşkəsə nail olur və üstəlik, İdlibin mühüm bir hissəsini, o cümlədən M-5 magistralını geri alır.

Türkiyə isə atəşkəsə nail olmaqla dəstəklədiyi silahlı müxalifəti qorumuş olur. Eyni zamanda böyük mənada sülh danışıqları prosesinə qatılmış olur. Eyni zamanda formal olmasa da, faktiki olaraq, Suriya hakimiyyəti və Rusiya da Türkiyə ordusunun İdlibdəki, yəni Suriyadakı varlığını qəbul edir, gələcək danışıqlarda da bu amili nəzərə alır. Bu mənada İdlib ilə bağlı anlaşma Rusiya-Türkiyə-İran üçlüyünün Astana ilə başlayan və Soçi ilə davam edən nizamlanma prosesinin uğuru hesab oluna bilər. Bu mərhələdən kənarda qalan ABŞ və region müttəfiqlərinin Suriyada əsas təsir rıçaqı indi yalnız Suriya Demokratik Qüvvələri çətiri altında birləşmiş kürd qüvvələridir. Onlar isə hələlik ehtiyatlıdırlar, regional güclərlə qarşıdurmaya getmək istəmirlər. Lakin Vaşinqton da hər keçən gün kürdləri yeni-yeni silah və texnika ilə təchiz etməkdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.