Ərdoğanın Almaniyaya gərgin səfəri –Merkel FETÖ-nu terrorçu təşkilat hesab etmədiyini dedi
29-09-2018, 14:53
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya etdiyi 3 günlük səfəri zamanı cümə günü Berlində kansler Angela Merkellə görüşüb.
Görüşdən sonra keçirilən mətbuat konfransında iki lider əsasən Türkiyə tərəfindən FETÖ adlandırılan qruplaşma ilə əlaqəsi olanlar və Türkiyədə həbs edilən Almaniya vətəndaşları haqda müzakirə aparıb.
Ərdoğan Almaniyanın PKK və FETÖ ilə daha effektiv mübarizə aparılmalı olduğunu dilə gətirib. Ancaq Angela Merkel Ərdoğanın bu tələbinə qarşılıq olaraq FETÖ-nün ”terror qruplaşması” kimi qəbul etmək üçün kifayət qədər sübut olmadığını bildirib: ”FETÖ təşkilatı haqqında Türkiyənin təqdim etdiyi sübutlara çox ciddi yanaşırıq. Ancaq PKK-ı təsnif etdiyimiz kimi FETÖ-nü da təsnifləşdirmək üçün daha çox sübuta ehtiyacımız var. Bu barədə danışıqları davam etdieəcəyik. Almaniyada axtarışda olan insanlar var, lakin bəzilərinin burada olub-olmadığından belə tam əmin deyilik” – deyə, Almaniya kansleri Angela Merkel bildirib.
Mətbuat konfransında türkiyəli jurnalist Can Dündarla bağlı verilən suala xanım Merkel bu məsələdə Ərdoğanla fərqli fikirlərə sahib olduğunu dilə gətirib. Rəcəb Tayyib Ərdoğan isə Can Dündarın agent olduğunu bildirərək, onun ekstradasiyası tələbinin Türkiyənin ən təbii haqqı olduğunu qeyd edib.
“Can Dündarın agent olduğunu, dövlət sirlərini yaydığını və 5 il 10 ay həbs cəzası aldığını bilirsiniz. Aradakı bir boşluğu fürsət bilərək Almaniyaya gəlib. Türkiyə höküməti üçün isə o, məhbus və agentdir” – deyə, Ərdoğan bildirib
Can Dündar “Cumhuriyyət” qəzetində yazdığı “MİT TIR”-ları yazısı və 2014-cü ilin yanvar ayında çəkilmiş və yük maşınlarının Türkiyədən Suriyaya keçdiyini göstərən şəkilləri nəşr etdiyinə görə bir ilə yaxın həbsdə qalmışdı. 2016-cı ildən etibarən isə o, Almaniyada yaşayır.
Mətbuat konfransı zamanı Türkiyə mənşəli alman jurnalist Ərtoğrul Yiğit üzərində “Jurnalistlərə azadlıq” yazılmış köynəklə ayağa qalxaraq etiraz edib. Ərdoğan və Merkel heç bir şərh vermədən etirazı izləyib və mühafizəçilərin jurnalisti konfrans otağından çıxarmasını gözləyib.