Zərrab sərvətini Türkiyədən necə çıxarıb? – Türk kəşfiyyatı göz önündəki xəyanəti görməyib

2-10-2018, 13:07           
Zərrab sərvətini Türkiyədən necə çıxarıb? – Türk kəşfiyyatı göz önündəki xəyanəti görməyib
Türkiyədə bu səhər geniş miqyaslı polis əməliyyatı keçirilib. Əməliyyat nəticəsində 417 nəfər göz altına alınıb.

Ovqat.com xəbər verir ki, saxlananların 2017-ci ildən bu yana ABŞ-dakı müxtəlif bank hesablarına böyük miqdarda pul köçürdükləri məlum olub.

İstanbul Respublika Baş Prokurorluğunun bildirdiyinə görə, bu pul köçürmələri hansısa “qara pulların” yuyulması əməliyyatı imiş.

Bildirilir ki, şübhəli bilinən 417 nəfərin hər biri ən azı 5 min TL həcmində vəsaiti ABŞ-dakı müxtəlif ünvanlara göndəriblər. Ümumilikdə 2 milyard yarım Türk lirəsi bu yolla ABŞ-a transfer olunub.

Polis idarəsində dindirilən şübhəlilər müxtəlif ünvanlara pul göndərdiklərini qəbul ediblər və “komissiyon haqqı” müqabilində bu işi gördüklərini bildiriblər.

Maraqlıdır ki, Türkiyədən ABŞ-a göndərilən bu pullar həmin ölkədə yaşayan iranlların hesabına yatırılıb. Həmin bank hesablarının sayı da xeyli çox olub: 28 min 88 ədəd.
Pulyuma əməliyyatının arxasında konkret kimin dayandığı bildirilməsə də, bəzi ipucları bir neçə ay əvvəl ABŞ məhkəməsində mühakimə edilən azərbaycanlı iş adamı Rza Zərrabı göstərir. Belə ki, AKP hakimiyyətinin yüksək çinli məmurlarıyla əlbir olub saxta pul yumaqda günahlandırılan və məşhur ayaqqabı qutuları ilə korrupsiya tarixinə düşən Rza Zərrab 2016-cü ilin Novruz bayramı ərəfəsində Mayamiyə istirahətə gedərkən ABŞ prokurorunun qərarıyla göz altına alınmışdı. O, əsasən sanksiya altında olan İrana aid qara pulların yuyulmasında ittiham olunurdu.

2017-ci ilin sonlarında başlayan məhkəmədə Rza Zərrab Türkiyəyə qarşı etiraflar edərək, öz cəzasını yüngülləşdirməyə çalışmışdı. Zərrabın bülbül kimi ötməsindən narahat olan Türkiyə hökuməti iş adamının bütün mülkiyyətini müsadirə etmək qərarı vermişdi. Obyektləri yoxlananda isə quru binadan başa heç nə qalmadığı ortaya çıxmışdı. Məlum olmuşdu ki, Zərrab “satılmamış”dan əvvəl başının çarəsinə baxıb və bütün sərvətini bilinməyən ünvana daşıyıb.

Əgər bu gün Türkiyədə başlayan polis əməliyyatı nəticəsində saxlanılan şəxslərin Zərrabın pullarını ölkədən çıxaran şəbəkənin üzvləri olduqları təsdiqlənsə, sözügedən hadisənin bir başqa detalı ortaya çıxacaq. Məlum olacaq ki, Rza Zərrab məhkəmə başlamamışdan çox-çox əvvəl satılmağa hazırlaşırmış və öz sərvətini kiçik bank köçürmələri yoluyla Türkiyədən çıxarırmış. Türkiyə kəşfiyyat orqanları isə Zərrabın etiraf gününə qədər onun satılacağından xəbərsiz idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.