Türkiyə hökumətinə amerikan məsləhəti
3-10-2018, 08:47
Müzakirələrə səbəb olan şirkət haqda nə bilirik?
ABŞ-ın dünyaca məşhur müşavir şirkəti “McKinsey” Türkiyə hökuməti ilə anlaşma imzalayıb. Anlaşmaya əsasən, nüfuzlu şirkət Türkiyədə iki həftə əvvəl elan olunmuş “Yeni İqtisadi Proqram” çərçivəsində qurulacaq İctimai Maliyyə Konversiyası və Dəyişdirilməsi Ofisinə məsləhət xidməti göstərəcək.
Anlaşmanın detalları barədə məlumat verilməsə də, Amerika şirkətinin dövlətin əsas maliyyə qurumlarının da cəlb olunduğu layihədə iştirak etməsi etirazlara səbəb olub. “McKinsey” şirkəti də BBC-nin sorğusuna cavab olaraq, müştəriləri üçün xidmətlər və siyasi anlaşmalar barədə açıqlama vermədiyini bəyan edib. Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi sözügedən müşavirlik anlaşmasının icra funksiyası və səlahiyyətlərinin olmadığını bildirir.
Ümumiyyətlə isə sözügedən şirkət dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyənin özündə daha əvvəl, dəqiq desək, 1980-ci illərin ortalarında çalışıb. Həmin vaxt “McKinsey” Türkiyənin Avropa Birliyinə üzvlük prosesində Ankara hökumətinə dəstək verib. Bundan başqa, 1990-cı illərdə özəlləşmə, 2000-ci illərin əvvəllərində isə bankların yenidən strukturlaşdırılması layihələrində məsləhət xidməti göstərib. O cümlədən 1995-ci ildə “McKinsey” İstanbul ofisini qurub və Özəlləşdirmə İdarəsinə məsləhət xidməti verib.
Ancaq maraqlıdır ki, 1996-cı ildə Türkiyə Nazirlər Kabinetinə bağlı Yüksək Araşdırma Qurumu “McKinsey”in özəlləşdirmə ilə bağlı xidmətlərinin yetərli olmadığını, gözləntiləri doğrultmadığını açıqlayan məruzə hazırlayıb. Bununla belə, şirkət 2000 və 2004-cü illərdə də Türkiyə hökuməti ilə əməkdaşlıq edib.
Türkiyənin maliyyə naziri Berat Albayrak bildirib ki, yeni anlaşmaya əsasən yeni Maliyyə və Çevrilmə Ofisi layihəsində Türkiyənin 16 nazirliyindən nümayəndə təmsil olunacaq. Bu ofis Türkiyə hökumətinin iqtisadi hədəfləri və nəticələrə nəzarət edəcək. Maliyyə Nazirliyinin yaydığı rəsmi açıqlamada deyilir ki, yeni qurumun yaradılmasında məqsəd ictimai xərclərdə qənaət, əlavə gəlirlərin təmin edəcək tədbirləri görülməsidir. Nazirliklərin təmsilçilərinin olduğu bu ofisə xarici şirkət məsləhət xidməti verəcək. Belə aydın olur ki, yeni ofis və ona məsləhət verən xarici şirkət Türkiyə hökumətinin dövlət vəsaitinin xərclənməsi prosesini müşahidə edəcək və bununla bağlı hökumətə məsləhətlər verəcək.
Özəl və dövlət sektorunda xidmətlər təklif edən “McKinsey” şirkəti dünyanın ən böyük müşavirlik xidməti şirkətlərindən hesab olunur. Şirkət 1926-cı ildə ABŞ-da Ceyms Oskar McKinsey tərəfindən təsis olunub. Hazırda dünyanın 60-dan çox ölkəsində 10 mindən artıq işçisi var - o cümlədən Türkiyədə Ankara və İstanbul ofisləri fəaliyyət göstərir. Təkcə İstanbul ofisində şirkət 30-a yaxın firmaya məsləhət xidməti göstərir. Şirkətin internet saytında “böyümənin təşviq edilməsi və iqtisadi fürsətlərdən istifadə” məqsədli strategiyalar hazırlamaq və onları tətbiq etmək üçün hökumətlərlə birlikdə çalışdığı qeyd olunur.
Maraqlıdır ki, “McKinsey” şirkətinin daha əvvəl çalışdığı ölkələr sırasında Azərbaycan da var. Şirkət haqda məlumatlarda qeyd olunur ki, “McKinsey” Livan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Pakistan, Myanma, Puerto Riko və Böyük Britaniyada var.
Azərbaycanda şirkət nisbətən yeni sayıla bilər. 2014-2015-ci illər devalvasiyasından sonra rəsmi Bakı ABŞ şirkətini dəvət edib. 2016-cı ilin sentyabrından etibarən “McKinsey” Azərbaycan üçün 2025-ci ilə qədər iqtisadi inkişafın “Yol xəritəsi”ni hazırlayacaq. Livanda isə bu ilin yanvarında əldə olunan anlaşma əsasında 6 ay ərzində rəsmi Beyrut üçün 1000 səhifəlik təkliflər paketi hazırlayıb təqdim edib. BBC-nin məlumatında qeyd olunur ki, şirkət bu hesabat əvəzində Livan hökumətindən 1,5 milyon dollar zəhmət haqqı alıb.
Dünyanın neft nəhəngi hesab olunan Səudiyyə Ərəbistanı isə Azərbaycanla eyni vaxtda - neft böhranı illərində qapılarını amerikalılara açıb. “McKinsey” Səudiyyə Ərəbistanının Planlama Nazirliyinin əsas məsləhətçisi hesab olunur. Şirkətin krallığın əsas adamı - vəliəhd Məhəmməd bin Salmanın iqtisadi islahatlarında aparıcı rol oynadığı iddia edilir. 2015-ci ildə şirkət “Səudiyyə Ərəbistanı iqtisadiyyatını neftin təsirindən xilas etmək” adlı məruzə hazırlayıb. Məhz bu məruzə əsasında “Vizion 2030" iqtisadi inkişaf planı hazırlanıb.
2013-cü ildə Pakistan hökuməti Və “Mckinsey” şirkəti Arasında “Sosial-iqtisadi vizion” adlı İnkişaf Proqramının hazırlanması ilə bağlı anlaşma imzalanıb. Oxşar inkişaf məruzəsi Myanma hökuməti üçün hazırlanıb. 135 səhifəlik sənədə əsasən gərəkli addımlar atılacağı təqdirdə Myanma 2023-cü ilə qədər 300 milyard dollar dəyəri olan bir iqtisadiyyata nail olacaq.
Ancaq Türkiyədə siyasi müxalifət və müstəqil analitiklər hökumətin bu addımını təqdir etmirlər. Hər kəsin də öz arqumenti var. Məsələn, ana müxalifət CHP-nin sədri Kamal Kılıçdaroğlu deyir ki, bu qərar Osmanlının son illərində xarici borcların ödənməsi üçün əcnəbi şirkətlərlə bağlanan anlaşmaları xatırladır. Onun fikrincə, bu addım Türkiyə iqtisadiyyatının idarəsinin əcnəbilərə verilməsidir.
Oxşar mövqeni İyi Partiyanın sədri Meral Akşener də sərgiləyib. O deyib ki, bu addım “dövləti xarici ölkələrə təslim etməkdir”.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”