4 dəfə "edam olunan" Cütçünün ilginc dosyesi
4-10-2018, 08:11
Türkiyə siyasi tarixində ən dəhşətli cinayət işi 1978-ci ilin martın 24-də baş verib. Həmin gün dövlət içində əks-partizan quruluşunu araşdıran prokuror Doğan Öz öldürülüb. Ancaq qəribədir ki, prokurorun beyninə 6 güllə vuran qatil 4 dəfə edam cəzasına məhkum olunsa da, sonda bəraət alıb.
Teleqraf.com bu səs-küylü cinayət və qatilin azadlığa buraxılması haqqında yazını təqdim edir.
Prokuror Doğan Öz sağ idealist qatil İbrahim Cütçü tərəfindən qətlə yetirilib. Övladları ilə görüşərək səhər saatlarında evindən çıxan Doğan Öz avtomobilinə yaxınlaşan zaman güllələnib. Qatil onun beyin nahiyəsinə 6 ədəd güllə sıxıb.
Bu zaman prokurorun xanımı Sezən Öz həyətə qaçıb və öldürülən şəxsin əri olduğunu görüb.
Sonradan ortaya çıxdı ki, bu planlı cinayətdir. Səbəb isə prokurorun öz məsləyinə prinsipial bağlılığı, araşdırmalarından geri çəkilməməsi, ülkücülərlə əlaqəli gördüyü tədbirlər idi.
Qeyd edək ki, prokuror 1978-ci ildə Ankarada öldürülən Levent Özyürük adlı tələbənin qatillərini tapmaq üçün yataqxanalarda axtarışlar həyata keçirib və bir qrup ülküçünü həbs edib. Və elə bu səbəbdən də öldürülmüşdü.
Araşdırmalar zamanı ortaya çıxır ki, Doğan Özü İbrahim Cütçü, Hüseyn Qocabaş və Hüseyn Dəmirəl öldürüb.
Ancaq məhkəmə qarşısına onlardan yalnız ikisi çıxarılır. Hüseyn Dəmirəl heç vaxt yaxalanmır.
Prokurorun öldürülməsindən 20 il sonra qələmə alınan kitabda dövrün baş komissarı Zəki Kaman Yaşıl maraqlı bir şəxsdən bəhs edir:
“Bu cinayətin çox əhəmiyyətli bir iştirakçısı var. Qətli hazırlayan və həyata keçirən odur. Abdulla Çatlının rəisidir. O dövrlər üzərinə çox getdik. Ancaq həbs edə bilmədik. Prokurorun öldürülməsi cinayətinə də bulaşmışdı. O, tapılmayana qədər bir çox cinayətlər açılmayacaq”.
Ən qəribəsi Doğan Özün öldürülməsinə dair məhkəmə işində inanılmaz ssenarilər ortaya çıxır. Məhkəmə prosesi 6 il 9 ay çəkir. Qatil İbrahm Cütçü məhkəmə prosesi zamanı 4 dəfə edam cəzasına çatdırılsa da, sonda bəraət alır.
Bəs məhkəmənin edam cəzasından bəraətə gedən yolda nələr baş verib?
Səhər saatlarında baş verən qətl hadisəsinin çoxlu sayda şahidi olub. Onlardan biri də kömürçü Hayati Erdoğandır. Məhz kömürçünün qatil haqqında fikirlərindən sonra onun fotorobortu hazırlanır. Qatil prokuroru öldürdükdən sonra şahidlə üz-üzə gəlibmiş. Qəribədir ki, İbrahim Cütçüyə qədər şahidin qarşısına 179-a yaxın şəxs və foto çıxarılıb. Lakin şahid onların heç birinə "hə" deməyib. İbrahim Cütçünü görən an “qatil budur” ifadəsini işlədib. Buna görə, ciddi təhdid olunub. Bu səbəbdən də məhkəmədə “Hakim bəy, bunu yazın. Mənim düşmənim yoxdur. Əgər başıma bir şey gəlsə, demək bunlar öldürüb məni” deyib.
Cinayətkar Cütçü məhz şahid Ərdoğanın qatil haqqında verdiyi ifadələrə uyğun gəldiyi üçün saxlanılıb və sonradan şahid cinayətkarı tanıyıb.
Qəribədir ki, cinayətkarlar şahid üzləşdirildikdən sonra İbrahim Cütçü cinayəti boynuna alıb və prokuroru öldürdüyünü etiraf edib.
“Prokuror Doğan Özü Ankara Ülkü Ocaqları sədrinin müavini Hüseyn Dəmirəl və Hüseyn Qoçbaşının təlimatı əsasında öldürdüm. Sonradan tapançanı Hüseyn Dəmirələ verdim. Bu şəxslər mənə Doğan Özün ulküçü ocaqlarını bağladığı, araşdırmalar apardığını dedilər. Mən də prokuroru öldürdüm”,- qatil ifadəsində qeyd edib.
Amma buna rəğmən məhkəmə prosesində işlər düz getməyib. Verilən qərarlar digər üst məhkəmələr tərəfindən tormozlanıb. Söhbət qatilə verilən 4 edam hökmünün hər birinin hərbi məhkəmə tərəfindən qüvvədən salınmasından gedir.
Nəhayətdə 1985-ci ildə məhkəmə İbrahim Cütçü haqqında dördüncü dəfə edam, Hüseyn Qocabaş haqqında isə 12 il müddətinə həbs cəzası çıxarıb. Lakin Baş Prokurorluq bu qərarla razı olmayıb və hökmün qüvvədən düşməsinə yaşıl işıq yandıraraq İbrahim Cütçüyə bəraət verilməsinə səbəb olub. Ali Hərbi Məhkəmənin şurası İbrahim Cütçünün bəraət almasına dair qərarı səkkizin yeddiyə səs nisbəti ilə qəbul edib.
Qəribədir ki, bəraət qərarına həm prokurorun ailəsi, həm də Cütçünün ailəsi inanmayıb. İbrahim Cütçüyə bəraət aldın dedikdə, “xeyir” cavabını verərək “məni öldürəcəksiniz, buradan çıxmıram” ifadələrini işlədib.
İbrahim Cütçü bəraət aldıqdan sonra dövlətin keçirdiyi tenderlərdən yararlanaraq iş adamına çevrilib, hətta MHP-nin İdarə Heyətinin üzvü olub. Amma şərikinin müəmmalı ölümü faktından sonra həbs edilib. Buna rəğmən 1997-ci ildə keçirilən MHP qurultayında başqanlığa namizədliyi irəli sürülüb.