Buzlar əriyir: Türkiyə ABŞ-la yaxınlaşır... – Açıqlama
4-10-2018, 09:43
Son baş verən proseslər göstərir ki, Türkiyə və ABŞ-ın hansısa bir nöqtədə uzlaşması mümkündür.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, dəfələrlə vurğulandığı kimi, ABŞ və ya Qərb Yaxın Şərqdə hər hansı şəkildə aktiv siyasət həyata keçirmək istəyirsə, burada Türkiyə faktorunu nəzərə almalıdır:
“Türkiyə faktorunun nəzərə alınması Türkiyənin dövlət və milli maraqlarını qəbul etmək və bu maraqlara tərs addımlar atmamaq, siyasət yürütməməkdir. Hər halda son danışıqlar, ələlxüsus Menbiçdəki proseslərlə bağlı verilən açıqlamalar onu göstərir ki, Qərb müəyyən mənada Türkiyənin maraqları ilə öz siyasətini uzlaşdırmaq istəyir və ya buna məcburdur. Çünki ortada İran, Rusiya faktoru da var. Bununla bərabər, ABŞ, ümumilikdə, Qərb Yaxın Şərq siyasətində Türkiyə faktorunu itirmək istəməz”.
Analitik qeyd edib ki, silah məsələləri ilə bağlı ABŞ Türkiyə əleyhinə müəyyən tədbirləri həyata keçirdi:
“Amma Türkiyə burada alternativlərin olduğunu bütün dünyaya göstərdi və Rusiya ilə danışıqlara başladı. Təbii ki, burada uduzan tərəf ABŞ və Qərb oldu. Ondan sonra Qərbdən yumşaldıcı açıqlamalar gəlməyə başladı. Digər tərəfdən, Menbiç məsələsi ilə bağlı Qərb tərəfdən çox sərt açıqlamaların şahidi olurduq. Amma son günlərdə uzlaşmaya meyillənməni müşahidə edirik. Təbii ki, ABŞ öz siyasətində Türkiyənin maraqlarını nəzərə alsa, Türkiyə də qarşılıqlı olaraq, müəyyən güzəştlərə gedəcək. Məsələn, rahib Bransonla bağlı məsələdə müəyyən yumşalmanın görülməsi buna əyani sübutdur. Yəni burada söhbət maraqları nə dərəcədə uzlaşdıra bilməkdən gedir. İndiki məqamda bununla bağlı müəyyən proseslər müşahidə olunur. Amma bu proseslərin nəticə verəcəyi ilə bağlı danışmaq hələ tezdir”.
Analitik vurğulayıb ki, istər İran, istər Rusiya Yaxın Şərq siyasətində Türkiyə faktorundan yararlanmağa çalışır:
“Türkiyə-Rusiya-İran üçlüyü elə-belə qurulmayıb. Bu, əslində Yaxın Şərqdəki bir çox problemləri həll etməyi qarşısına məqsəd qoyan, eyni zamanda, xarici faktorların təsiri ilə formalaşmış üçlükdür. Doğrudur, bu üçlüyün bütün sahələrdə maraqları uzlaşmır. Hər üç dövlətin də Yaxın Şərq məsələsində kifayət qədər ciddi prinsipial kəsişən nöqtələri var. Amma onlar maraqlarını bu məsələlərdə uzlaşdırmağa çalışır. Ona görə də Qərbin Türkiyəyə belə yaxınlaşmasına üçlüyə daxil olan digər dövlətlər konkret olaraq, qırmızı xətt ortaya qoyacaqlar. Yəni tam əsaslı şəkildə artıq Qərblə Türkiyənin nədəsə razılaşdığını, uzlaşdığını demək olmaz. Yaxın zamanlarda hər iki tərəfdən də səslənən müsbət açıqlamaların uzlaşma, yaxud razılaşma ilə nəticələnib-nəticələnməyəcəyini müşahidə edəcəyik”.