İstanbulda “öldürülən” jurnalistlə bağlı AĞILLARI QARIŞDIRACAQ ƏMƏLİYYAT: sən demə...
7-10-2018, 10:54
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı müəmma davam edir.
Publika.az xəbər verir ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir.
Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib.
Ötən gün isə "Röyter" agentliyi konsulluğa getdikdən sonra itən jurnalistin elə orada öldürülməsi ilə bağlı məlumat yayıb. Agentlik iki türk rəsmisinin itkin düşən Camal Qaşıqçı ilə bağlı fikirlərini yayımlayıb.
“Türk polisinin məsələni ilk dəyərləndirməsi jurnalistin səfirliyin içində öldürülməsi istiqamətindədir. Biz cinayətin əvvəldən planlaşdırıldığına və cəsədin sonradan səfirlikdən çıxarıldığına inanırıq", - agentlik türk rəsmilərindən sitat gətirib.
Dünən “Anadolu” agentliyinin təhlükəsizlik səlahiyyətlilərinə istinadən verdiyi xəbərə görə, oktyabrın 2-də Baş konsulluğa gələn Camal Qaşıqçı buradan ayrılmayıb. Eyni saatlarda iki təyyarə ilə İstanbula gələn və bir hissəsi səudiyyəli olan 15 nəfərin konsulluqda olduğu bildirilib.
Bu gün isə “Yeni Şəfəq” nəşri səudiyyəli jurnalistlə bağlı səhifəsində yeni bir iddiaya yer verib. Nəşr ərəb mediasına istinad edərək “Vaşinqton Post” əməkdaşının Səudiyyə Ərəbistanının kəşfiyyatı və “İnterpol” tərəfindən əvvəlcədən planlaşdırılan bir əməliyyatla üçüncü ölkəyə qaçırıldığını iddia edib. Bu ölkənin isə Livan olduğu bildirilir. Onun həyatda olub-olmadığına dair isə məlumat yoxdur.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ötən gün “Blomberg” agentliyinə müsahibəsində “Türk səlahiyyətlilərinə İstanbuldakı Baş konsulluğumuzda axtarış aparmasına icazə verməyə hazırıq” söyləmişdi. Şahzadənin bu qədər arxayın danışması jurnalistin Türkiyədən çıxarıldığı barədə ərəb mediasının iddialarını güçləndirir.