2019-2020-ci illərdə Türkiyəni çox böyük iqtisadi risklər gözləyir
8-10-2018, 11:58
Türkiyənin indiki halda cəhd etdiyi təşəbbüslər və iqtisadi gözləntilər özünü doğrultmur. İndiki halda qardaş Türkiyənin 2 əsas strateji tərəfdaşı olan ölkə var- Azərbaycan və Qətər. Azərbaycanın Türkiyəyə edə biləcəyi maliyyə dəstəyi kifayət etməz. Əvvəla, Azərbaycanın indiki və gələcək nəslin vəsaitinin cəmləşdiyi NF-nun 33,4 mlrd. dollarlıq ehtiyatı “son günün” pullarıdır. Türkiyənin təkcə 1 il ərzində qaytarmalı olduğu 240 mlrd. dollara bəs etməz. Qətərdən olan gözləntilər isə özünü doğrultmadı. Bunun yozumu ictimaiyyətə çox yalnış olaraq təqdim edilir. Söhbət 15 mlrd. dollarlıq birbaşa maliyyə yardımından getmir. Hətta Qətərin Türkiyəyə 3 mlrd. dollarlıq kredit verməsindən də getmir. Razılaşmada sadəcə olaraq 3 mlrd. dollarlıq alış-veriş etmək nəzərdə tutulur.
Türkiyənin özünün isə valyuta ehtiyatları demək olar ki, yox səviyyəsindədir. Tez-tez güvən yeri kimi səsləndirilən Mərkəz Bankasının 120 mlrd. dollarlıq ehtiyatı isə tam rezerv sayıla bilməz. Bir neçə səbəbdən. Həmin rezervlərin sadə sxemini izah etməyə çalışacam.
Türkiyənin valyuta ehtiyatları cəmi 120 mlrd. dollar təşkil edir. Amma bu o demək deyil ki, bunu nağd vəsait olaraq MB sərbəst götürüb idarə edə bilər. Qətiyyən! Burada vətəndaşın, əmanətçinin, bankların vəsaitləri var. Məsələn, əgər vətəndaş 100 dollar banka əmanət yerləşdiribsə, bu zaman məcburi ehtiyat norması kimi banklar bu vəsaitin 5%-i MB-nın hesabında zəmanət olaraq oturdur. Bu cür olanda MB-ın 120 mlrd. dollarıq rezervlərin dövlətə məxsus hissəsi yalnız 32 mlrd. dollar təşkil edirdi. Yerdə qalan hissə vətəndaşın, şirkətlərin vəsaitləridir. Bank sistemində buna məcburi ehtiyat norması deyilir. Türkiyədə seçki öncəsi verilən bu bəyanatdan sonra həmin rezervlər də aşağı düşərək hazırda 18 mlrd. dollar təşkil etmişdir. Bu vəsaitlə Türkiyə həm xarici borclanmanı (toplam 466 mlrd. dollar) ödəməlidir, digər tərəfdən isə “cari açıq” dedikləri kəsri kapatmalıdırlar. Həmin 18 mlrd. dollarlıq MB-ın ehtiyatları isə Türkiyəyə bir neçə ay bəs edər. Yəni, ilin sonuna qədər ehtiyaclarını ödəyə bilər.