Günahsız türk generalın faciəli aqibəti... – Şok dosye
10-10-2018, 09:23
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bağçasında heykəli qoyulan general Mustafa Muğlalının kim olması və hansı səbəbdən onun haqqında edam qərarı çıxarılmasından çoxları xəbərsizdir. Onun haqqında yalnız bir həqiqət bəllidir - üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdiyi üçün ölümlə cəzalandırılıb.
Teleqraf.com məşhur generalın dosyesini təqdim edir.
Mustafa Muğlalı 1882-ci ildə Muğlada doğulub,1901-ci ildə hərbi məktəbin, 1904-cü ildə Hərbi Akademiyanın məzunu olub. Balkan müharibəsində iştirak edib. I Dünya Müharibəsi zamanı Adanada regional komandanlığa rəhbərlik edib. Türk kəşfiyyatı -Milli İstihbarzt Təşkilatının ana nüvəsi olan Təşkilatı Mahsusada işləyib. Osmanlıda qurtuluş savaşına leytenant kimi qatılan general 1922-ci ildə polkovnik, 1927-ci ildə isə general rütbəsinə layiq görülüb.
O, 1930-cu ildə Hərbi Şuraya, 1931-1939-cu illərdə I Orduya komandanlıq edib. 1943-1945-ci illərdə III Orduya rəhbərlik edən general haqqında əvvəl edam, daha sonra 20 il müddətinə həbs cəzası qərarı çıxarılıb.
1940-cı illərdə - II Dünya Müharibəsinin ən kəskin çağlarında ingilis, rus, alman və İran casusları Türkiyədə aktiv fəaliyyət göstərirdilər. Şərqi Anadoluda isə vəziyyət daha gərgin idi. Xaricilərin xeyrinə casusluq iddiaları hər gün müvafiq idarələrə çatdırılır, dövlət həmin regionda fövqəladə hal rejimi tətbiq etsə də, oğurluq, qaçaqmalçılıq, soyğunçuluq, təcavüz hallarının qarşısını almaq olmurdu. Casus, xain, soyğunçu olduğu bilinməyən qruplar bölgədə sabitliyi və təhlükəsizliyi qorumağa çalışan əsgərləri tələyə salaraq öldürür, daha sonra İran və ya İraqa qaçaraq, bir müddət orada yaşadıqdan sonra təkrar Şərqi Anadoluya qayıdaraq, cinayətlərini davam etdirirdilər. Dövrün mənbələrinə görə, belə qruplar İran və Rusiya dövləti tərəfindən qorunur və dəstəklənirdi.
Məhz bu amillər nəzərə alınaraq, general Mustafa Muğlalı III Orduya komandan təyin edilir və tətbiq olunan xüsusi rejimin idarəçiliyi ona tapşırılır. Həyatı müharibələrdə keçən general dərhal mübarizəyə başlayır və bəzi tədbirlər həyata keçirir. Çobanları silahlandırır, səyyar qruplar qurur. Bundan başqa, general əmr verir ki, İraq və İrana qaçan cinayətkar qruplar təqib edilsin və əsgərə müqavimət göstəriləcəyi təqdirdə cavab atəşi açılsın. 1943-cü ildə Vandan İrana qaçmağa çalışan bir qrup quldurla generalın əsgərləri arasında silahlı qarşıdurma baş verir və əsgər “dur” əmrinə tabe olmayan 33 kürd quldurunu güllələyir. Bu hadisədən sonra bölgədə nisbətən sakitlik yaranır. Daxili İşlər Nzirliyi bölgədə sabitlik yaratdığı üçün təşəkkür məktubu belə yazır.
1943-cü ilin yanvarında Van həbsxanasından İsmayıl Özay adlı məhkum Türkiyə parlamentinə məktub yazaraq öldürülən 33 şəxsin quldur olmadığı, qəsdən onların qətl edildiyini bəyan edir, bu olay zamanı yaralı xilas olaraq İrana qaçan qardaşının əfv edilməsini tələb edir.
Bunun ardınca Ədliyyə Nazirliyinin Baş Qərargahdan qanunun ədalətli tətbiqinin araşdırılmasına dair tələbinə Marşal Fevzi Çaxmaq “Ordu komandanlığı o günün şərtlərinə uyğun olaraq, lazım olan tədbiri həyata keçirib. Vəzifəsini layiqincə yerinə yetirən bir komandanı məhkəməyə verə bilmərəm” şəklində cavab verir. Fevzi Çaxmaqdan sonra Baş Qərargahın rəisi olan general Kazım Orbay da Ədliyyə Nazirliyinə bu cür cavab verir.
1945-ci ildə II Dünya Müharibəsi başa çatır və həyat normal axara qayıdır. 1946-cı ildə seçkilərə gedən siyasətçilər səs qazanmaq naminə bu hadisədən yararlanmağa qərar verirlər. 1946-cı il seçkilərindən sonra parlamentə daxil olan Demokrat Partiyasının deputatları bu məsələni yenidən gündəmə gətirir, qarşıdurma zamanı öldürülən 33 quldurun məsum olduğunu bəyan edirlər. Beləcə yenidən qiyamət qopur. Müxalifətçi deputatlar bu hadisədə prezident İnönü, Müdafiə naziri Əli Rıza Artunkal və Daxili İşlər naziri Hilmi Uranı ittiham edirlər. Aylarla çəkən bu qarşıdurmadan sonra parlamentdə hadisəni araşdırmaq üçün komissiya qurulur. Komissiya 33 quldurun ölkəyə verdiyi zərəri, stabilliyi pozmasını, xarici dövlətlərlə əlaqələrini nəzərə almır və general Mustafa Muğlanın vətən sevgisini diqqətdən kənarda qoyur. Komissiya 33 quldurun öldürülməsində general Mustafa Muğlanı, zabitlərdən Nəcdət Bilgəz və Bilal Balini günahkar sayır.
Parlament komissiyasının qərarından sonra general Muğlalı 1947-ci ildə məhkəmə önünə çıxarılır. Məhkəmə də 1943-cü ilin şərtlərini, Şərqi Anadoluda sabitliyi pozmaq, sadə insanları soymaq kimi şərtləri nəzərə almır və 1948-ci ilin havasına uyğun qərar çıxarır. Muğlalı isə proses boyunca zabit ləyaqətinə yaraşan hərəkət edir, bildirir ki, yalnız onun özü ganahkardır, onun əmrini yerinə yetirən əsgər və zabitlərin heç bir günahı yoxdur. Məhkəmə generaldan “əsgər və zabitlər əmrinizə tabe olmasaydı, nə addım atardınız” replikasına “ölkəni dağıtmaq istəyənləri tək-tək özüm güllələyərdim” cavabını verir. Məhkəmə ömrünün 50 ildən çoxunu Türk Ordusunda keçirən və vətəninə ləyaqətlə xidmət edən paşaya edam cəzası verir. Daha sonra edam cəzası 20 illik həbslə əvəzlənir. Beləcə ləyaqətli bir türk generalı siyasətçilərin səs qazanmaq üçün qurduğu torun qurbanına çevrilir. Ancaq Hərbi Apelyasiya Məhkəməsi bu qərarı tormozlayır və generalın xilası üçün hərəkətə keçir. Amma ömrünü Türkiyənin qorunmasına, ölkədə sabitliyin saxlanılmasına xərcləyən general Muğlalı ona qarşı irəli sürülən ittihamları həzm edə bilmir və saxlanıldığı həbsxanada 1951-ci ilin aprelin 11-də vəfat edir.
Dövrün siyasi iqtidarının bütün cəhdlərinə baxmayaraq, Türk Silahlı Qüvvələri ölən generala sahib çıxır, onun dövlət məzarlığında dəfninə nail olur və Baş Qərargahın bağçasındakı “Ölməzlər Yolu”nda qəhrəman generalın şərəfinə heykəl ucaldılır.
Qeyd edək ki, bir neçə il əvvəl Türkiyə hökumətinin “Kürd açılımı” siyasətinin tətbiqi zamanı PKK və onun siyasi qanadı olan HDP general Mustafa Muğlalı olayını dəfələrlə gündəmə gətirdi.