İran şahı Türkiyə nazirinin qulağına pıçıldadı: “Bir həftə sonra...” – Qara tarix

10-10-2018, 09:25           
İran şahı Türkiyə nazirinin qulağına pıçıldadı: “Bir həftə sonra...” – Qara tarix
Məşhur amerikalı qəzetçi Endryu Tulli Türkiyədə 1960-cı il mayın 27-də baş verən dövlət çevrilişindən bir həftə əvvəl ABŞ-ın məlumatlı olduğunu yazıb.

Teleqraf.com xəbər verir ki, jurnalist bu barədə 1962-ci ildə nəşr olunmuş kitabında belə iddia irəli sürüb.

Müəllif o zamankı baş nazir Adnan Menderesin devrilməsi haqqında maraqlı faktlar səsləndirib.

Əsərdə qeyd olunur ki, geosiyasi baxımdan Türkiyənin baş naziri Menderes və prezident Cəlal Bayar Vaşinqtonun arzu etdiyi şəxslər idi. Onların populyarlığı vardı, Atatürkdən qalma komanda üçün cəlbedici görünürdülər. Həmçinin kommunizmə qarşı sərt müxalif mövqedən çıxış edirlər.

Koreyaya hərbçilər göndərmişdilər, NATO-nun öndə duran qalası kimi Türkiyə ərazilərində ABŞ hərbi hissələrinin yerləşdirilməsinə icazə vermişdilər.

Ancaq Menderesin müxalifətə münasibəti, habelə ordunun hörmətlə yanaşdığı İsmət İnönüyə qarşı reaksiyası ölkədə gərginlik yaratmışdı. Bununla paralel olaraq iqtisadi durum da ürək açan deyildi. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Vaşinqtonu Türkiyədə dövlət çevrilişi olacağı haqqında bir həftə öncə məlumatlandırmışdı.

Yəni ABŞ-ın Türkiyədə baş verən 1960-cı il dövlət çevrilişi aktından bir həftə əvvəl məlumatı vardı.

Lakin MKİ və Vaşinqton hökuməti Menderesi gözlənilən dövlət çevrilişi haqqında məlumatlandırmayaraq öz dostuna xəyanət etdi. Vaşinqton çevrilişdən sonra qurulan xuntanın başına Camal Gürselin keçəcəyini təxmin etmədi. Çünki onu siyasətdən kənar biri kimi xarakterizə edirdilər.

Endryu Tulli bu prosesdə ABŞ-ın tutduğu mövqeyi xəyanət kimi qiymətləndirir.

Müəllif əlavə edir ki, ABŞ-ın sadəcə mənfəətləri var və heç bir zaman demokratiyaya sadiq mövqedə olmayıb. ABŞ-ın ən qanlı rejimləri belə çəkinmədən dəstəklədiyini hamımız bilirik. Üstəlik, tarixdə İran nümunəsi var.

MKİ 1953-cü ilin 19 avqustunda İranda çevrilişlə baş nazir vəzifəsindən kənarlaşdırılan Məhəmməd Mussadiqin devrilməsindəki məsuliyyətini düz 50 il sonra etiraf etdi.

2013-cü ildə açıqlanan sənədlərdə MKİ-nin çevrilişi dəstəkləmək üçün tərtib etdiyi planın hissələri də var. MKİ Mussadiqin devrilməsi üçün xalq arasında kampaniya apardığını, Şah Rza Pəhləvini buna məcbur etdiyini, deputatlara rüşvət verdiyini, təhlükəsizlik qüvvələrini idarə etdiyini və tədbirlər həyata keçirdiklərini qəbul edib.

Şah Pəhləvi həmin vaxt ABŞ-ın faktiki kuklası durumunda idi. O, 1971-ci ilin ilk günlərində rəsmi kanallardan istifadə etmədən Türkiyə xarici işlər naziri Çağlayanı Tehrana dəvət edir. Şah Türkiyə xarici işlər nazirini qarşıladıqdan sonra “Bir neçə ay ərzində ordu sizə qarşı dövlət çevrilişi həyata keçirəcək” xəbərdarlığını edir.

12 mart 1971-ci ildə bu xəbər doğru çıxır. O dövrdə İran xüsusi xidməti MKİ-nin bir şöbəsi olaraq fəaliyyət göstərirdi.

27 may 1960-cı il çevrilişini dəstəkləyən və daha sonra 9 mart 1971-ci ildə çevriliş planlayan Doğan Ovçuoğlu MKİ ilə əlaqələrini aşağıdakı formada yazıb: “27 may mənzərəsini tamamlamaq üçün ABŞ-la əlaqələri də hesaba almaq lazımdır. ABŞ kəşfiyyat xidmətləri bir hərbi müdaxilənin qaçılmaz olduğunu düşüncəsindədir. MKİ 27 may çevrilişini bildiyi halda Menderes hökumətini xəbərdar etmədi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.