Labüd addım atıldı: Təhdidlərin başa çatacağını isə söyləmək olmaz
13-10-2018, 20:10
Tramp administrasiyası Türkiyəyə qarşı daha çox sanksiyanı nəzərdən keçirirdi və Bransonun sərbəst buraxılması bu baxımdan Ankaraya sərf edir
Həftənin ən hay-küylü hadisəsi Ankaranın casusluqda ittiham olunan amerikalı keşiş Endryu Bransonu azadlığa buraxması oldu. Türkiyə məhkəməsi onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.
Xatırladaq ki, İzmirdə yerləşən protestant Diriliş kilsəsinin keşişi rahib Endryu Kreiq Branson 2016-cı il dekabrın 9-da həbs olunmuşdu. Türkiyə onu FETÖ üzvü olmaqda ittiham edir. Türkiyə mediasının iddialarına görə, rahib Bransonun FETÖ üzvü olması ilə bağlı gizli və açıq şahidlər İzmirdə ifadə veriblər.
Rəsmi ittihama əsasən, Branson “dövlətə məxsus, gizli saxlanması lazım olan məlumatları siyasi və hərbi casusluq məqsədi ilə əldə etmə, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə təşəbbüs, konstitusion sistemi dəyişməyə təşəbbüs” cinayətində ittiham olunur. Bundan başqa, Branson “Gəzi Parkı” hadisələri zamanı aksiyaları dəstəkləmək və təşkilatçılıqda ittiham olunur. İttiham olunduğu cinayətlərə görə rahib Branson 35 ilə qədər həbs cəzası ala bilərdi.
Rahib i özü isə istintaqa ifadəsində bu ittihamları rədd edib. Sadəcə, dini fəaliyyətlər həyata keçirdiyini, xristian kilsəsinə mənsub olduğunu, heç bir islamçı hərəkatı dəstəkləmədi və heç bir FETÖ üzvünü tanımadığını bildirmişdi.
Rahib Branson 1968-cı ildə ABŞ- da anadan olub. ABŞ-da dini təhsil alıb, 23 ildən artıqdır ki, Türkiyədə yaşayırdı. İzmirdə kilsədə dini fəaliyyətlə məşğul olurdu.
Bransonun həbsi ABŞ və Türkiyə arasında gərginliyə səbəb olmuşdu. Bransonun mühakiməsi Türkiyə valyutasına ciddi təsir etmişdi. ABŞ prezidenti Tramp birbaşa Ərdoğana zəng edərək geri qaytarılmasını tələb etmiş, ABŞ-ın vitse-prezidenti isə Bransona görə Ankaranı sanksiyalarla hədələmişdi. Türkiyə prezidenti Ərdoğan isə açıq şəkildə Bransonun əvəzinə ABŞ-da yaşayan Fətullah Güləni tələb edirdi.
“Bizə hədə-qorxu gəlmək heç kimə bir şey qazandırmaz. Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik. Sanksiyalarla qarşılaşsaq da, biz bir addım geri dönməyəcəyik. Onlar səmimi tərəfdaşı itirə biləcəklərini unutmamalıdır” — deyən Ərdoğan Türkiyə valyutasının ucuzlaşmasının Ankaranın qərarına təsir etməyəcəyini açıqlamışdı.
ABŞ Dövlət Departamenti isə rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi xəbərdarlığının çox ciddi olduğunu açıqlamışdı.
Ankara rahibi uzun müddət həbsdə saxlamaqla onu Pensilvaniyada yaşayan Fətullah Gülənlə dəyişmək istəyirdi. Lakin bu plan alınmadı. Türkiyə Güləni istədikdə ABŞ məhkəmənin qərarına tabe olduqlarını bildirdi.
ABŞ qəsdən Ankara ilə münasibətlərin gərginləşməsinə getdi. Əslində, iki ölkə arasında əsəb savaşı gedirdi və ilk baxışdan görünən budur ki, Vaşinqton bu mərhələdə qalib gəldi. Digər tərəfdən, ehtimal etmək olar ki, ABŞ Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq edilmiş sanksiyaları aradan qaldırmaq və bu cür yeni məhdudiyyətlər tətbiq etməmək barədə qərar qəbul edəcək.
Rahibin azad edilməsilə bağlı Ağ Evi bəyanat yayıb. Bəyanatda bildirilir ki, ABŞ Türkiyə ilə qarşılıqlı maraq doğuran məsələlərin həlli üzərində birgə işləməyə davam etməyə hazırdır:
"Biz onun evə dönməsini gözləyirik. O, ailəsi ilə görüşəcək. ABŞ və Türkiyənin regional təhlükəsizlik və sabitlik sahəsində qarşılıqlı maraq doğuran bir çox məsələləri var və biz gözləyirik ki, onların həlli üzərində birlikdə işləyəcəyik".
Türkiyənin adıçəkilən qərarı praqmatik maraqlara cavab verir. ABŞ sanksiyaları bir milyard dollarlıq cərimə nəzərdə tutur. Ehtimal etmək olar ki, Ankara bu cəzanın ləğvi qarşılığında Bransonun ekstradisiyasını vəd edib. Tramp administrasiyası Türkiyəyə qarşı daha çox sanksiyanı nəzərdən keçirirdi və Bransonun sərbəst buraxılması bu baxımdan Ankaraya sərf edir. Lakin Vaşinqton üçün Bransonun həbsi bir bəhanə idi. Türkiyənin Rusiyadan “S-400” almasına görə “F-35” döyüş təyyarələrinin satışını dondurmasını tələb edən ABŞ-ın təhdidlərinin başa çatdığını söyləmək hələ tezdir…