Türkiyə Bransonu verib, nə aldı? – Hərbi əməliyyat başlayır

15-10-2018, 08:33           
Türkiyə Bransonu verib, nə aldı? – Hərbi əməliyyat başlayır
Geosiyasi münasibətlərdə, ümumiyyətlə, iki dövlət arasında əlaqələrin nə tam yaxşılaşması, nə də tam pisləşməsi mümkündür. Ortada müəyyən razılaşmalar olur.

Bu sözləri Axar az-a analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Bransonun azadlığa buraxılması heç şübhəsiz ki, ABŞ-ın müəyyən məqamlarla bağlı Türkiyənin tələblərinə müsbət cavab verməsi ilə əlaqədardır:

“Yəni belə olmasaydı, Branson azadlığa çıxmazdı. Bu işin birinci tərəfidir. İşin ikinci tərəfi isə ABŞ-ın Türkiyənin hansı tələblərinə, istəklərinə müsbət reaksiya verə biləcəyidir. İlk növbədə bu, müəyyən iqtisadi sanksiyaların tədricən aradan götürülməsi və ya tamamilə yumşalması ilə bağlı ola bilər. Digər tərəfdən isə burada geosiyasi amil də müəyyən mənada rol oynayır. Fikir verdinizsə, rahib Bransonun azadlığa çıxması ilə paralel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni əməliyyatlara start veriləcəyi ilə bağlı açıqlama verdi. Fəratın şərqində Menbiç, Ayn-əl Ərəb (Kobani), Resulayın və Qamışlı kimi istiqamətlərdə yeni əməliyyatlar başladıla bilər. Hətta mümkündür ki, bu əməliyyatlar “Zeytun budağı”ndan daha geniş bir miqyası əhatə etsin”.

Analitik artıq Türkiyənin həyata keçirdiyi əməliyyatların üçüncü mərhələsinin başlamasının şahidi olacağımızı qeyd edib:

“Bransonun azad edilməsi ilə paralel səslənən bu fikirlər, ötürülən bu mesajlar onu göstərir ki, ABŞ Türkiyənin həyata keçirəcəyi bu əməliyyatlara müəyyən mənada razılıq verib. Digər tərəfdən, İraqın və Suriyanın şimalı ilə bağlı Türkiyənin net bir mövqeyi var. Bu, həm də Türkiyənin milli maraqlarından irəli gələn bir mövqedir. Digər tərəfdən bu ərazilərdə məskunlaşmış terrorçulara və separatçı, bölücü qruplaşmalara ABŞ-ın müəyyən mənada yardımı dayandırılacaq. Düşünmürəm ki, ABŞ bu yardımı tamamilə dayandıracaq. Çünki ABŞ-ın Yaxın Şərq siyasətində kürd bölücü qruplaşmalarının kifayət qədər ciddi rolu var. Müəyyən məqamlarda ABŞ özünün ata bilmədiyi addımları həmin qruplaşmalar vasitəsi ilə həyata keçirir. Bu mənada deməzdim ki, ABŞ onların üstündən əlini tam çəkəcək. Amma müəyyən mənada ABŞ məhz bu məsələ ilə də bağlı bəzi məqamlarda Türkiyəyə güzəştə gedəcək”.

Analitik vurğulayıb ki, böyük bir siyasi polemikadan, dövlət başçılarının bir-birini ittiham etməsindən və ümumiyyətlə, Branson məsələsi bu qədər böyüdükdən sonra onun azad edilməsi yalnız və yalnılz Türkiyənin müəyyən şərtlərinin ABŞ tərəfindən qəbul edilməsi nəticəsində mümkün ola bilər:

“Bunun altını, türklər demişkən, “çizərək” vurğulayıram. Əlavə olaraq, Türkiyə və ABŞ arasında FETÖ ilə də bağlı müəyyən razılaşmalar ola bilər. Türkiyə ABŞ-da olan FETÖ-çuları və təşkilatın başçısını tələb edirdi. Ola bilər ki, gələcəkdə bununla da bağlı hər hansı bir gəlişmənin şahidi olaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.