İranda molla rejimi: “Ölkədə nə İslam qalıb, nə də respublika”-AÇIQLAMA

1-07-2020, 19:46           
İranda molla rejimi: “Ölkədə nə İslam qalıb, nə də respublika”-AÇIQLAMA
İranın sabiq millət vəkili Faizə Haşimi Rəfsəncani Stenford Universitetinin İranşünaslıq mərkəzinin "online" formatda keçirilən toplantısında İran İslam Respublikasının nə dini, nə də inqilabi hökumət olmadığını deyib. Çıxışı zamanı İran rejiminin həyata keçirdiyi siyasəti tənqid edən Faizə Haşimi zaman keçdikcə hökumətlərin ideologiyaları müdafiə edə bilmədiyini, əksinə ideologiyanın onların əlində alətə çevrildiyini deyib.

Məsələyə münasibət bildirən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Cebhe. info-ya açıqlamasında deyib ki, İranda nə İslam, nə də respublika var:



“İranda müxtəlif siyasi qurumlar da bildirir ki, İran İslam Respublikası elan olunub, lakin İslam var, respublika yox. Yəni İranda İslamla bağlı bir sıra tələblər həyata keçirilsə də cümhuriyyət yoxdur. Cümhuriyyət isə cəmiyyətin azadlığıdır. İran İslam inqilabının qarşısına qoyduğu hədəflərdən biri ədalət və azadlıq idi. Lakin bu ölkədə nə ədalət, nə də azadlıq təmin olunmadı. Deməli cümhuriyyət olmadı. Digər tərəfdən mövcud hakimiyyətin irəli sürdüyü dini-siyasi-ideoloji xətt İranın özünütəcridinə gətirib çıxardı. Deməli bu İslam da deyil. Çünki İslam alimləri bəyan edir ki, bu din barış, birlik, bərabərlik dinidir. Amma mövcud rejim İranı beynəlxalq ictimaiyyət tərəfindən terrorçu kimi tanınan bir dövlətə gətirib çıxardı. Məsələn, ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasını terrorçu təşkilatlar siyahısına salıb və onun Qüds qolunun liderini terrorçu kimi öldürdü. Deməli mövcud hakimiyyət İranın İslamını da məhv edib, respublikasını da. Yəni indi İranda nə İslam qalıb, nə də respublika. İranda nə var? Burada hər şey formaldır. Bu formalitə mollaların saqqal saxlayıb əmmamə geyməsindən, qadınların baş örtməsindən və hər cümə günü cümə namazında mollanın çıxışından ibarətdir. Bu görüntü İslam deyil”.

Ekspert İranın hazırkı həyat şəraitində İslama zidd olan faktorlara da diqqət çəkib: “İslam biliciləri deyirlər ki, İslam dinində bu cür geyim, titul və davranışlar yoxdur. İslam yarandığı dövrdə bu dinin yayıcıları başı keçəl, uzun kirli saqqallı olmayıblar. Onların uzun saçları, normal saqqalları və dövrün ərəb geyimlərinə uyğun geyim formaları olub. Yəni o vaxt indiki kimi görüntü xatirinə əmmamə geyinib, titul daşımayıblar. Zamanında ərəblərin milli geyiminin indi görüntü xatirinə geyilməsi və bununla mesaj ötürülməsi xütpəsəndlik və təkəbbürlülükdür. Bu isə İslam dininə ziddir. Deməli burda da mövcud hakimiyyət İslam dininin qaydalarını pozub. İslamda axund və başqa titullar olmayıb. Çünki titul ayrıcılıqdır. İslamda yalnız din xadimi, iman gətirənlər, dindarlar və ateistlər kimi təbəqələrə bölünürlər. Yəni rütbələr ayrımcılıq yaradır. Bunu da zaman-zaman din alimləri bildiriblər. Bu gün də dini islahatların aparılmasında həmin faktorlar önə çəkilir. Faizə Haşimi Rəfsəncaninin də söylədiyi fikir yeni deyil. Bu fikir İranın tanınmış şəxsləri tərəfindən dəfələrlə səsləndirilib. Yəqin ki, Faizə Haşimi Rəfsəncani də gündəmə gəlmək üçün həmin fikri təkrarlayıb”.
Əli Bədir
Cebhe. info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.