Problemli kreditlər: Banklar yeni əngəl yaradır - "Problemli kreditlərə ikili yanaşma var"

11-04-2019, 10:48           
Problemli kreditlər: Banklar yeni əngəl yaradır - "Problemli kreditlərə ikili yanaşma var"
Problemli kreditlərin həlli ilə bağlı ölkə başçısının müvafiq sərəncamından sonra aidiyyatı qurumlar müəyyən işlər görür.

Artıq kompensasiya ödəniləcək şəxslərin siyahısı, onlara ödəniləcək məbləğini Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hazırladığı kalkulyatorla hesablamaq mümkündür.Amma bəzi şəxslərin adı hələ də bu siyahıda yoxdur və onlarla bağlı müəyyən araşdırmalar aparılır.Bu məsələyə iqtisadçı-alim Vüqar Bayramov da toxunub.

“Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır . Son günlər bizə olan müraciətlərdə bunun səbəbi və nə zaman dəqiqləşdirmənin başa çatacağı soruşulur.Əvvəlla, bu heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar. Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlarla Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır.Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var. Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də, yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdə sonra kompensasiya məbləğlərini hesablaya bilər. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, bütün siyahılar sənədə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu, o deməkdir ki, belə mesaj alan vətəndaşlarımız ilə bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək. Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır”, -deyə V.Bayramov məsələni şərh edib.

Bu məsələdə əsas diqqətçəkən məqamlardan biri MKR-dəki rəqəmlərlə bankın məlumatlarının üst-üstə düşməməsidir.

Bu problemin devalvasiyadan sonra baş verməsi isə bir sıra məqamlardan xəbər verir.Məlumdur ki, devalvasiyadan sonra problemli kreditlərin həcmi sürətlə artmağa başladı.Banklar isə kredit portfeli üçün nəzərdə tutulan limiti keçməmək üçün problemli kreditlərin həcmini süni şəkildə azaltmağa başlamışdılar.Məsələn, banklar 3000 dollar həcmində olan kreditin yalnız gecikmə müddətindəki ödənilməli olan məbləği problemli kredit göstərir, qalan məbləği isə normal kredit portfelinə daxil edirdi.Bu da problemin həcminin süni şəkildə azalmasına səbəb olurdu.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov də problemi kreditlər məsələsinə münasibət bildirərkən bu məsələyə xüsusilə toxunmuşdu:

“Problemli kreditlərə ikili yanaşma var. Məsələn, 10 min manat kredit götürülüb və aylıq olaraq 500 manat ödənilməlidir. Amma iki ay heç bir ödəniş olmayıb.Bank problemli kredit kimi həmin günə olan iki aylıq ödəniş borcunu göstərir.İkinci yanaşma isə odur ki, kredit bütövlükdə problemli olaraq göstərilir.Amma hər bir halda bilinir ki, problemli kreditin həcmi ümumi olaraq qalan borcdur.Təbii ki, bir neçə aydan sonra onsuz da bank məcbur edilir ki, həmin krediti bütövlükdə problem kimi göstərsin”.

Problemli kreditlərin həlli ilə bağlı prezidentin sərəncamından sonra yaranan problemlər, yəni banklarla MKR-dəni rəqəmlərin uyğunsuzluğu məhz bu amillə bağlıdır.Digər tərəfdən bankların hesabladığı faiz borcları, kreditlərin yenidən sənədləşdirilməsindəki problemlər (problemli kreditin məbləğində yeni kredit xəttinin açılması) və digər amillər hazırkı vəziyyətin yaranmasına zəmin yaradan amillərdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.