Eyzəbər ə, beyzəbər bə – “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var!”

14-07-2019, 00:45           
Eyzəbər ə, beyzəbər bə – “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var!”
“Bizlər yeniləşsək belə daim,

Bir əskiklik az-çox bizə hakim.”

Hüseyn Cavidin “Azər” pyesindən.

İnsanlar iki kateqoriyaya —

kitab oxuyanlara və kitab oxuyanları dinləyənlərə ayrılır.

Nədir o əksiklik bizlərdə? Salome Zurabişvili xanımın — Gürcüstan Respublikası prezidentinin “Azərbaycanın nefti, bizim isə mədəniyyətimiz var” deməsi nə deməkdir?

Keçmiş SSRİ-də elmi-tədqiqat sahəsində çalışmış alimlərin milli mənsubiyyətinə dair internetdə bir statistikaya rast gəlmişdim. Əqli işlərdə çalışanların ən yüksək faizini, hər yerdə, hər zaman olduğu kimi, yəhudilər təşkil edirdi. Onlardan sonra siyahıda ermənilər, sonra ruslar və gürcülər gəlirdi. Azərbaycanlılar 11-ci ya da 14-cü yerdə idilər. Sovetlərdən də çox-çox əvvəllər sultanların, şahların vəzirləri, həkimləri, hakimləri, xəzinədarları çoxbilmiş, bic saydığımız bu qeyri-müsəlmanlar idi. Daha savadlı, intellektual olduqlarına görə. Onları bizlərdən daha savadlı, daha intellektual edən nə idi?

İş belə gətirib — qədim zamanlardan üzü bu yana bütün İsrail oğulları “tanrını tanımaq” borclarını Tövratı öyrənməklə yerinə yetirməlidirlər. Tövratın mətnlərini də mütləq öz gözləri ilə oxumalıdırlar. Yüz illərdir davam edən bu diini qayda, yəhudi xalqının başdan-başa savadlanmasına təkan verdi. Yəhudilər öz müqəddəs kitablarını oxumağa başlayanda, indi çiçəklənən bəzi xalqlar hələ heyvan dərisinə bürünüb, əllərində daş balta gəzdirirdilər. Peyğəmbər məktəbləri deyilən qədim yəhudi universitetləri müəllim və şagirdlərlə dolu idi. Sayları ilə dillərə düşən 124 min peyğəmbər məhz oxumuş musaoğulları idilər. Bu 124000 rəqəmi bəziləri sonsuzluğa gedən həndəsi proqressiyaya bir işarə, simvol sayır. İndi də, müasir elmin, tərəqqinin ən yüksək səviyyəsinə qalxmış İsrail dövlətində “peyğəmbər” anlamında olan “rabi” sözü “ziyalı”, “alim”, “sayqın” sözünə bərabərdir.

Eramızın təxminən IV-V əsrlərində İncilin gürcü və erməni dillərinə tərcümə edilməsinin, bu xalqların kütləvi savadlanmasında və dünya mədəniyyətinə qaynayıb-qarışmasında danılmaz böyük rolu oldu. Bu böyük rol — insanlarda oxuma vərdişinin, mütaliəyə ehtiyacın yaradılmasında idi. O zamanlar kitab ilə təmas — müqəddəs hadisə, nadir görüş, bir zinət əşyasından dəyərli idi. (Haydegerin bir fikri var: “Müqəddəs kitab — kitabın müqəddəsliyi anlamına gəlir”.) Hərflərin əvvəlcə sözlərə, sözlərin obrazlara, obrazların isə bütöv səhnələrə, hadisələrə çevrilməsi oxucunun, daha doğrusu — oxucu beyninin aktiv iştirakını tələb edir. Mətni qavrama insan beynində müəyyən psixi, əqli gərginlik yaradır. Bu şəkildə davam etdikdə, beyin neyronlarının aktivliyi və artması nəticəsində intellektual imkanlar da çoxalır.İdman bədən əzələlərini gücləndirdiyi, böyütdüyü kimi, müntəzəm gərgin əqli iş də beyin neyronlarının arasında yeni əlaqələr yaradaraq, intellekti artırır.Həyat boyu qazanılan müxtəlif təcrübələr nəsildən nəsilə sadəcə şəxsi nümunə, öyüd-nəsiətlə deyil, genetik yolla da ötürülür.

Bu qonşu xalqlar əsrlər boyu daha güclü dövlətlərdən çox vaxt siyasi asılı olduqlarına görə, hakim xalqların dillərini də öyrənməyə məcbur qalırdılar. Nəticədə, savadları hesabına daha yaxşı vəzifələrə, daha zəngin yaşamağa nail olurdular. Evladları da bəlli səbəblərdən dolayı əsgərlikdən azad olduqlarına görə, özlərinin maddi, əqli, mədəni inkişafı ilə məşğul olur, xarici dillər öyrənir, çeşidli sənət və elmlərə yiyələnirdilər.

Azərbaycan türkləri isə atlarını çaparaq gah o sultanın, gah bu şahın arxasınca düşür, gah o dinin, gah bu mənsəbin uğrunda passionar enerjilərini avamca tükədirdilər. Yadlar yanını yerə qoyub yazıb-oxumaq öyrənəndə, bizimkilər “ox atıb qılınc oynadırdılar”. Doğma əlifbasını Altaylarda ağır böyük daşlara tapşırıb, yollarda genetik gübrətək səpələnə-səpələnə, dəliqanlı başlarını dünyanı fəth etməklə qatırdılar. Bu üzdən Asif Ata türkün günahını qılıncla çox oynamasında görürdü. “Avropa, türkün qılıncının gücünü tanıyır, idrakının gücünü hələ tanımır”, – deyirdi. Yad dildə yazıldığına görə anlamadığımız, oxuya bilmədiyimiz kitaba kor-koranə tapınıb, tapındırılıb, aldadıldıq, oynadıldıq kitablarını öz ana dillərində oxuyanlar tərəfindən. Adı bizim oldu, dadı onların…

Təqribən 2000-1500 il bundan qabaq kilsələrinin, sinaqoqların nəznindəki məktəblərdə, evlərdə oxunulan, oxutdurulan o diini kitablar sayəsində sonralar qalaq-qalaq yeni kitablar yazıldı, yaradıldı. Biz öz keçmişimizi ərəb, erməni, gürcü, fars və s. dillərdə yazılmış o kitablardan öyrənmədikmi?

Bizlərdə isə mədrəsələrdə ərəb dilini anlamayan uşaqlara mollalar tərəfindən döyülə-döyülə, kor-koranə Quran əzbərlətdilirdi. Məcburi əzbərçilik düşünməkdən, yaradıcılıqdan, şəxsi təşəbbüskarlıqdan, daxili inkişafdan çox-çox uzaqdır. Çar Rusiyası dövründə M.F.Axundovun təşəbbüsü ilə Gürcüstanın Qori və Tiflis məktəblərinə Qafqaz tatarlarının evladlarını da qəbul etdilər. Sovetlər qurulandan azərbaycanlılar kütləvi şəkildə dünyəvi məktəblərə göndərildi. Xalqımızın ana dilində oxuma-yazma tarixinin cəmi 100-150 yaşı var. Bir əsrdə yüzlərlə, minlərlə parlaq şəxsiyyətlərimiz yetişdi. Gör, məsələn, 500 – 700 ildə neçə və necə dəyərli insanlar yetişə bilərdi! Əfsuslar, hər yüksək təhsilli adam xalqının ziyalısı olmur, çox dil bilən də mütləq istedadlı, dahi olmur. Bununla belə, savadın, çoxdilliliyin insan ağlına, təfəkkürünə müsbət təsirləri danılmazıdr. Maraqlıdır, yurdumuzun sayseçmə, qürurverici tarixi şəxsiyyətlərindən neçəsi sadəcə bir ana dilini bilir?

Qonşularımızdan çox-çox gec başladılan maariflənmə, intellektuallaşma, mədəniləşmə işlərimiz hər sahədə yarım-yamalaq vəziyyətdədir. Bir yandan —tədris ocaqlarında rüşvətxorluğun tüğyan etməsi faktları… Digər yandan — uşaq hüquqlarının yetərincə qorunulmaması, valideyn və müəllimlər tərəfindən zorakılığa məruz qalmaları. Azərbaycanın hər iki tayında bəzi məktəblərdə şagirdlər müəllimlər tərəfindən döyülür, söyülür. İnsan əməllərinin, duyğularının genlərdə kodlaşdırıldığını və sonrakı nəsillərə ötürüldüyü elmi şəkildə sübut edilir. Əsrlər boyu davam edən fiziki, psixi təzyiqlər, dərin travmalar xalqın genetikasına, davranışına hopması acınacaqlı bir faktdır. Uşaq ikən qüruru, haqqı tapdalanmış insandan böyüyəndə necə vətəndaş olacaq? Müasir sivil ölkələrdə bir azyaşlının nadincliyi, təhsildə geriləməsi, ipə-sapa yatmaması və s. tərbiyyəsizlik əlaməti yox — təhlilə, fizioloji, nevroloji və ya psixoloji yardıma, müalicəyə ehtiyac əlaməti sayılır. Mütəxəssislər təkcə narahat uşaqlarla deyil, onların ailə üzvləri, yaxın çevrələri ilə də çoxşaxəli iş aparır.

Bizdə hələ çox sahədə əskiklik var, çox…

Hüseyn Cavid haqlı deyildimi? Gürcüstanın birinci ledisi haqlı deyilmi?

İlahə Ucaruh












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.