Ölkə əhalisinin Bakıya axını niyə davam edir ?

15-07-2019, 07:32           
Ölkə əhalisinin Bakıya axını niyə davam edir ?
Elçin Bayramlı: “Belə çıxır ki, regionlarda istehsal varsa, bunlar büdcədən gizlədilir”

"Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasındakı fərq getdikcə azalır” - Ölkənin sosial-iqtisadi inkişafdan danışan Baş nazir Novruz Məmmədovun səsləndirdiyi bu fikirlər etiraz doğurub. Qeyd edək ki, o, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qarşıdakı illərdə bölgələrin inkişafına yeni təkan olacağını söyləyib.

Hökumət başçısı bildirib ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxu da məhz regionların payına düşüb.

Bəs, regionlar sürətlə inkişaf edirlərsə, ölkə əhalisinin Bakıya axını niyə davam edir və 90-cı illərdəki urbanizasiya prosesində paytaxtda məskunlaşan sakinlərin geri dönüşü niyə hiss olunmur? Paytaxt gün-gündən sıxlaşır, küçələr və yollar keçilməz olur?

“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, regionlar inkişaf etsə də, bu inkişafın tempi çox zəifdir:

“Deyilənlər real olsa idi, regionlarda canlanma, əhalinin Bakıdan bölgələrə qayıdışı müşahidə olunardı. Bəzi şirkətlər, dövlət orqanları bir çox bank əməliyyatlarını Bakıda həyata keçirsələr də, pul köçürmələrini bankların yerli şöbələri vasitəsilə reallaşdırırlar, həmin şöbələrdə qeydə alınan vəsaitlər də həmin bölgənin maliyyəsi kimi qeydə alınır. Doğrudur, həyata keçirilən proqramlarının nəticəsində regionlar - aqrar təsərrüfatlar, emal müəssisələri - inkişaf edir, amma bu inkişaf zəifdir. Bakı isə getdikcə böyüyür, ölkənin qalan əhalisi də Bakıya gəlməyə cəhd edir. Çünki karyera, biznes imkanları burdadır. Ölkəmizdə tarazlı deyil, birtərəfli iqtisadiyyat inkişaf edir”.

İqtisadçı deyir ki, regionlarda inkişafın hansı səviyyədə olmasını bazarda kənd təsərrüfatı mallarının qiymətləri də sübut edir:

“Hökumət bu vəziyyətin aradan qaldırılması üçün müəyyən tədbirlər həyata keçirməlidir. Məsələn, bir sıra fabrik, zavodları regionlara yönəltməlidir. Vergi Məcəlləsində dəyişiklik edildi, regionlarla Bakının vergi öhdəlikləri bərabərləşdirildi. Əvvəllər paytaxdakı fiziki şəxslərlə rayonlardakının vergi öhdəlikləri arasında 2 dəfə fərq var idi. Bu hər hansı istehsal obyektinin regionlarda açılmasını stimullaşdırırdı. Bakının hər hansı bir obyektinin, mağazasının gəliri ilə regiondakının gəliri eyni ola bilməz. Onlar eyni formada vergi verməsi stimullaşdırmaya zidddir. Belə məlum olur ki, istehsal müəssisələrini Bakıda yaratmaq daha sərfəlidir”.

Elçin Bayramlı hesab edir ki, Rusiyada, Belarusda, Qazaxıstanda olduğu kimi, Azərbaycanda da “Kəndə qayıdış” proqramı hazırlanmalıdır:

“Bu ölkələrdə kəndlərə gedən insanlara güzəştlər olunur, uzunmüddətli kreditlər, texnika verilir, kəndlər məskunlaşdırılır. Bizdə hazırlanan özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, onun əhatə dairəsi çox kiçikdir. Bu proqramın əhatə dairəsini genişləndirmək olar. Hesab edirəm ki, dövlətin maliyyə ayrılması üçün hər hansı problem yoxdur, bizim 45 milyardlıq strateji maliyyə ehtiyatlarımız 1 faizlə xarici fondlarda yatır. Bunu 2 faizlə real biznes-planlara yönəltsinlər, dövlət də ikiqat qazansın, insanlarımız da. Bizim iqlimizmiz də buna imkan verir. Niyə Gürcüstana, Rusiyaya, Türkiyəyə investitsiyalar qoyurlar, çünki onlarda biznes üçün daha əlverişli mühit var. Baş nazir bu cür açıqlama verməkdənsə konkret rəqəmlərlə danışsın”.

Ekspert deyir ki, dövlət büdcəsinin strukturuna nəzər yetirdikdə mənzərə aydın olur:

“İxrac rəqəmləri 95 faiz Bakıya -Abşerona aiddir. Həm ümumdaxili məhsulun, həm dövlət büdcəsinin, həm də ixracın strukturundakı rəqəmlər göstərir ki, ölkə iqtisadiyyatı Bakıdan ibarətdir. Belə çıxır ki, regionlarda istehsal varsa, bunlar büdcədən gizlədilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.