S-400-ləri Ankaraya gətirən təyyarələrlə bağlı ilginc faktlar

17-07-2019, 10:07           
S-400-ləri Ankaraya gətirən təyyarələrlə bağlı ilginc faktlar
“Antonov-124" 150 tona qədər yük daşıya bilir
12 iyuldan etibarən S-400 zenit raket komplekslərinin parçaları Ankaraya gətirilir. Dünya mediasında bu raketlər və onların gələcəkdə necə tətbiq olunacağı məsələsi artıq bir neçə gündür ki, gündəm müzakirələrindən düşmür. Məlumatlara görə, S-400 sistemində istifadə olunan ən güclü raket təxminən saatda 17 min kilometr sürətə çata bilir. Bu, sərnişin təyyarəsinin sürətinin 22 qatına bərabərdir.

S-400-lər aerodinamik təyyarələr və idarə olunan raketlər kimi düşmən hədəflərini 400 kilometr mənzildə təqib edərək 250 kilometr məsafədə məhvetmə imkanlarına sahibdir. Səsdən 5-8 dəfə artıq sürətlə hərəkət edən ballistik raketləri məhv etmək potensialı isə 60 kilometrdir. Havada vura biləcəyi hədəflərin yüksəklik həddi 27 min metrdir.

Sistemin radarı eyni anda 300 hədəfi təqib etmək xüsusiyyətinə malikdir. Batareyalardakı raketlərin sayına görə 36 hədəfə eyni anda atəş aça bilir. Tamamilə mobil olan sistem atəş vəziyyətinə 5 dəqiqə kimi qısa vaxtda gətirilir.

Dünya mediasında son günlər müzakirə edilən məsələ təkcə S-400-lər deyil, həm də onları Ankaraya gətirən “div təyyarələr”dir. Raketləri gətirən Rusiyanın “İlyuşin 76" və ”AN-124" yük təyyarələri haqqında “Yeni Müsavat” kiçik araşdırma edib və heyrətamiz faktlar ortaya çıxıb.


S-400-lərin Ankaraya gətirilməsi ilə bağlı hazırlanan videomateriallardan da görünür ki, uçaqlar endikdən sonra içərisindən iri yük maşınları, hərbi maşınlar çıxır. Ona görə də artıq bu uçaqların adını yuxarıda da qeyd etdiyimiz kimi, “div uçaqlar” deyə qeyd edənlər də var.

“Antonov-124" dünyanın ikinci ən böyük yük təyyarəsi hesab edilir və bu sıralamada ikinci yeri tutur. Birinci yerdə isə ”Antonov-225" dayanır ki, bu haqda da aşağıda qısa məlumat verəcəyik. Təyyarə İkinci Dünya müharibəsindən dərhal sonra, o zaman Ukraynanın bir parçası olan Kiyev şəhərində hazırlanıb. Kiyevdə fəaliyyət göstərən və eyni zamanda tramvay və trolleybus istehsalı ilə məşğul olan şirkət hələ də fəaliyyətdədir. 1946-cı ildən etibarən istifadə edilən “Antonov” “soyuq müharibə” dönəmində hərbi ehtiyacları qarşılamaq üçün sovet hökümətinin ən önəmli təyyarələrindən biri olub. “Antonov” 1980-ci illərdə “Antonov-124" modeli ilə gündəmə gəlib. Yəni bu gün haqqında danışdığımız və S-400-lərin də daşınmasında istifadə edilən təyyarələrin istehsal tarixi 1980-cı illərə gedib çıxır. Bu modellə artıq hərbi ləvazimatların daşınması halları daha da genişlənib və model dünyada məşhurlaşmağa başlayıb. Bu təyyarə ilə yük maşınları, avadanlıqlar, helikopterlər, peyklər və əsgərlər daxil olmaqla, böyük yüklərin uzunmüddətli çatdırılması nəzərdə tutulub. Bu günə qədər ”Antonov 124"lə daşınan yükləri digər uçaqlarla aparmaq mümkün olmayıb. Yəni “Antonov-124" yükdaşıma baxımından yalnız ”Antonov-225"dən geri qalır.

Onu da qeyd edək ki, “Antonov -124"ə qısa formada ”An-124" deyilir. 1982-ci ilin dekabrında ilk uçuşunu tamamlayan “An-124" 1985-ci ildə Paris Hava Sərgisində ilk dəfə sərgilənib. Toplam 55 ədəd istehsal edilən ”An -124" hələ də istifadə olunmaqdadır. Başda Trabzon olmaqla, Türkiyədə tez-tez bu uçaq görünə bilir. Sonuncu olaraq da S-400-lərin gətirilməsi fonunda Ankara səmalarında göründü. 2018-ci ilin aprel ayında Antalyada keçirilən sərgidə “An-124" də nümayiş etdirilmişdi. Sərgilərdə də bu uçağa böyük maraq göstərilmişdi. Bu təyyarələrin ən böyük avantajlarından biri də yüklərin boşaldılmasının olduqca asan olmasıdır. Bu, S-400-lərin gətirilməsi zamanı da müşahidə olundu. Yuxarıda da qeyd etdiyimiz kimi, dünyanın ən böyük təyyarəsi ”An-124" deyil. Bu modelin üzərində hazırlanan “Antonov 225" modelidir. Kənardan da baxdıqda iki model bir-birinə çox bənzəyir. Lakin yük daşıma gücü və iriliyi baxımından ”Antonov-225" daha inkişaf etdirilib. “Antonov-124"ün texniki göstəricilərini də bilmək maraqlı olar. Belə ki, bu təyyarələrin çəkisi 402 tondur. Maksimum yük ilə uçuşu 4500 kilometrdir. Maksimal uçuş sürəti isə saatda 865 kilometrdir. 150 tona qədər yüklər bu təyyarə vasitəsilə aparıla bilir. ”Antonov-124"ü “Ruslan” adı ilə də tanıyırlar. NATO-da isə bu təyyarələrə “Condor” deyilir.

S-400-ləri gətirən ikinci bir Rusiya istehsalı olan təyyarə isə yuxarıda da qeyd etdiyimiz kimi, “İlyuşkin-76" oldu. ”İlyuşkin"lərin də tarixi ən azı “Antonov” qədər qədimdir və bu təyyarələrdən əsasən hərb dönəmində rusların hərbi ləvazimatlarını, raketlərini daşımaq üçün istifadə olunub. “Antonov”dan daha çox iri hərbi maşınları, helikopterləri və digər bu kimi yükləri daşımaqdan istifadə olunursa, “İlyuşin” daha çox raket və bu kimi yüngül partlayıcıları daşıyır. “İlyuşin -76" ”Antonov-124"dən fərqli olaraq dünyada da populyardır. Adicə bir faktı qeyd edək ki, “Antonov-124" bu günə qədər 55 ədəd istehsal edildiyi halda, ”İlyuşin-76"dan 960 ədəd istehsal olunub. Daşkənddəki “İlyuşin” fabrikində hələ də istehsal prosesi davam etməkdədir. Təyyarənin qanadının uzunluğu 14.6 metr, uzunluğu 11.6 metrdir. Quyruğunda silah və ya snayper yerləşdirmək üçün iki yer var. Silah avadanlıqları xüsusilə də tanklara qarşı çox təsirlidir. 1941-43-cü illərdə sovetlərin almanlar üzərində qazandıqları qələbələrdə “İlyuşin” təyyarələrinin də rolu böyük olub. Stalin bu təyyarələr barəsində deyib ki, “İlyuşin” havaya da çörək qədər lazımlıdır.

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.