Neftin ucuzlaşmasının əsas günahkarı kim olub: Putin, yoxsa Vəhabi Krallığı
12-03-2020, 00:03
8 martda neftin qiymətinin 30 faizə qədər aşağı düşməsi ilə bir çox ölkədə iqtisadi böhran baş verəcəyi barədə ajiotaj yarandı.
AzToday.az xəbər verir ki, Azərbaycan da daxil olmaqla region ölkələrində əhali neftin ucuzlaşması ilə qiymətlərin bahalaşması arasında əlaqə yaradaraq dollar almağa başladı. Lakin heç kim bu neftin niyə birdən-birə bahalaşması ilə maraqlanmayıb. Bəs nə baş verib?
Məsələ isə çox sadə olub. Səudiyyə Ərəbistanı ilə Rusiya ümumi razılığa gələ bilmədikləri üçün rəsmi Ər-Riyad birətərəfli şəkildə neft hasilatını artırmaq qərarına gəlib və “Brend” markalı neftin qiyməti 32 dollara qədər aşağı düşüb. Bu qərarın arxasında isə Səudiyyə Ərəbistanının gənc vəliəhd şahzadə Salman dayanıb. Buna görə də çoxsaylı suallar yaranır. Məsələn, vəliəhd şahzadə Salman tərəfindən belə bir qərarın qəbul edilməsində əsas səbəbin nə olduğu hələlik dəqiq bilinmir? Səudiyyə Ərəbistanı niyə neft istehsalını azaltmaq istəyir? Rusiya nəyə və niyə qarşı çıxır?
Bununla yanaşı, bundan sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salmanın növbəti addımların necə olacağı da maraqlıdır.
“Səudiyyə Ərəbistanı niyə neft müharibəsinə başladı” sualına cabab axtaran məşhur “Financial Times” nəşrinin təhlilində bu fikirlər yer alıb: Səudiyyə Ərəbistanı, neftin satışına koronavirusun təsir etməməsi üçün qiymətlərin təyinedicisi olmaq istəyir. Bununla da iqtisadiyyatı neftdən asılı olan Səudiyyə Ərəbistanı daha az qazanc əldə etsə belə, qiymətləri azaltmaqla neft satışını artırmaq istəyir.
Səudiyyənin əksinə olaraq Rusiya prezdenti Vladimir Putin koronavirusun iqtisadi təsirlərini tam görmədən neftin qiymətini aşağı salmaq istəmir. Yəni bəzilərinin iddia etdiyi kimi, neftin qiymətinin ucuzlaşmasında Rusiyanın günahı yoxdur. Hərçənd ki, Rusiya eyni zamanda dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-ı çətin vəziyyətdə qoymaq istəyir.
Bəz ABŞ bu böhrandan necə nəsibini alacaq? Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da bərk neftin istehsalı ilə bağlı neft sektoru qazanc baxımından çətin duruma düşüb. Qiymətlərin aşağı düşməsinin bu sektora təsir göstərəcəyi gözlənilir. Bərk neft sənayesində əldə olunan gəlir son dərəcə az idi, indi daha da azaldı. ABŞ enerji şirkətlərinin borcları və bank kreditləri var. Bu həm də ABŞ-ın ümumi iqtisadiyyatı üçün bir riskdir. Neft qiymətlərinin düşməsi dövlət başçısı Donald Tramp üçün də riskdir. Trampın əsas elektoratının yaşadığı Texas və Şimali Dakota ştatlarının iqtisadiyyatı neftdən asılıdır və qiymətlərin düşməsi bu ştatlara pis təsir edəcək.
Ən nəhayət, “Financial Times” belə bir suala cavab tapmaq istəyib: neftin qiymətlərinin aşağı düşməsi bundan sonra da davam edəcəkmi?
Məlum olduğu kimi, neftin qiymətində enmə koronavirusla bağlı olub və hər mənfi xəbər neft qiymətlərinə yaxından təsir edir. Virusdan asılı olaraq, Çində istehsal sahəsində dayanmalar əsas yanacaq növü olan neftə tələbatı azaldıb və buna uyğun olaraq da neftin istehsalı azalır. Hələ ki, mütəxəssislər qiymətlərin enməyəcəyinə dair şərh verməkdən yayınırlar. Qiymətin aşağı düşməsi Səudiyyə Ərəbistanının neft istehsalını nə qədər artırmasından asılı olacağı şübhəsizdir.
Elmidar Əliyev
AzToday.az