“Diplomlu kababçı” istəyən ölkədə peşəyə nə ehtiyac var?
26-01-2016, 10:45
Axır ki, Təhsil Nazirliyi (TN) orta ixtisas və ilk peşə təhsili müəssisələrinin təkmilləşdirilməsi ilə bağlı düşünməyə başlayıb. Buna dair hazırlanan təkliflər ilk növbədə orta ixtisas və ilk peşə təhsili müəssisələrinin sayının azaldılmasını nəzərdə tutur. Regionların inkişafı üçün həmin müəssisələrin profilləşdirilməsi də təklif ediləcək. Profilləşdirmə zamanı ilk növbədə hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.
Məlumatda Azərbaycanda 113 ilk peşə təhsili müəssisəsi (25 mindən çox şagird təhsil alır), 61 orta ixtisas təhsili müəssisəsinin (60 min nəfərdən çox tələbə təhsil alır) fəaliyyət göstərdiyi bildirilir. TN-in web-saytında 57 orta ixtisas, 99 ilk peşə-ixtisas təhsili müəssisəsinin adı var. "Hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək", deyilməsindən belə çıxır ki, indiyə qədər bu meyar əsas götürülmürdü. Onda bu qədər məktəbin mövcudluğu hansı meyara əsaslanmışdı və onlar nə hazırlayırdılar? Məlumat bazalarında bu təhsil müəssisələrinə kifayət qədər də vəsait ayrıldığı görünür. İndi məlum olur ki, TN kadr hazırlayan mövcud texniki peşə məktəblərini yenidən nəzərdən keçirib və müəyyənləşdirib ki, ölkədə peşə məktəbləri ənənəvi köhnə ixtisaslarla davam edir, onlarda lazımi maddi-texniki baza yoxdur, həmin sahələr üzrə peşə kadrı hazırlanması çox zəifdir. Bu, o deməkdir ki, bizdə hələ də təhsilin bu qolu Sovet sistemindən qalmadır. Biz soveti tərk edəni əsrin dörddə biri olub, neçə təhsil naziri dəyişib, büdcədən bu sahəyə ayrılan vəsaitləri və onların necə xərcləndiyi barədə məlumatları ortaya qoysaq onda sual yaranacaq ki, maddi-texniki baza yoxdursa, o pullar hara xərclənib? Təkcə 2011-ci ildə peşə liseyləri üzrə 269 dəfə pul xərcləndiyi barədə tender məlumatı var. Yalnız bir dəyişiklik mövcuddur - orta ixtisas təhsili müəssisələrinin adı "kollec", ilk peşə-ixtisas təhsili müəssisələrininki isə "lisey" olub.
Halbuki, Prezident İlham Əliyevin 2007-ci il 3 iyul tarixdə imzaladığı sərəncamla "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə dövlət proqramı (2007-2012-ci illər") həyata keçirilməli idi. Proqramın əlaqələndirici orqanı Təhsil Nazirliyi, sərəncamdan irəli gələn məsələləri həll etməli olan qurum isə Nazirlər Kabinetidir. Yəni beş illik proqram hələ 2012-ci ildə başa çatmalıydı. Proqramda o dövrki statistik rəqəmlərə güvənsək respublikada 114 texniki peşə təhsili müəssisəsi mövcud olub. Onlardan 7-si işğal olunmuş ərazilərdə fəaliyyət göstərib. İşləyən texniki peşə təhsili müəssisələrindən 47-si peşə liseyi, 60-ı isə peşə məktəbidir. Respublikanın məktəb və liseylərində 101 peşə üzrə 23 mindən artıq şagird təhsil alıb. Hər il texniki peşə təhsili müəssisələrinə orta hesabla 13 mindən yuxarı şagird qəbul olunub. Proqramın yerinə yetirilməsində gözlənilən nəticələr beləydi ki, texniki peşə təhsilinin normativ-hüquqi, iqtisadi və informasiya, maddi- texniki və tədris bazası təkmilləşəcək, onlar müasir avadanlıqla təmin olunacaq, təlim prosesinin səmərəsi artacaq, müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanması üçün əlverişli şərait yaranacaq. Bununla yanaşı texniki peşə təhsili müəssisələrinin strukturu və idarə edilməsi mexanizmi təkmilləşəcək, şəbəkə optimallaşacaq, regionlarda sosial-iqtisadi potensial nəzərə alınmaqla yeni tip peşə təhsil müəssisələri yaradılacaq. Təhsilin məzmununun müasir tələblərə uyğun yenilənəcəyi, elmi-metodik və informasiya təminatının yaxşılaşacağı, müasir texnika və texnologiyalara dair tədris materiallarını özündə əks etdirən proqramlar, dərslik və dərs vəsaitlərinin nəşri sahəsində dönüş olacağı, peşə-ixtisas kadrları hazırlığının əmək bazarının tələblərinə və ehtiyacına uyğun proqnozlaşdırılması sisteminin yaradılacağı, kadr hazırlığının planlaşdırılması üzrə çevik mexanizmin qurulacağı, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşaraq, dövlət və qeyri-dövlət müəssisələrinin kadrlara olan tələbatının ödəniləcəyi, əhalinin və əmək bazarının ehtiyaclarına uyğun peşə-ixtisası kadrların hazırlığının həcmi və profil strukturunun formalaşacağı nəzərdə tutulurdu.
Proqramın həyata keçirilməsi üzrə 25 bənddən ibarət tədbirlər planı da vardı. Tədris emalatxanaları və təlim təsərrüfatlarının fəaliyyətinin təkmilləşdirilməsi, texniki peşə təhsilini əmək bazarının dəyişən tələbinə uyğunlaşdırmaq məqsədi ilə bu sahə üzrə yeni ixtisas və ixtisaslaşma klassifikatorunun hazırlanması, işəgötürənlərlə texniki peşə təhsili müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin təşkil edilməsi və bu prosesin tənzimlənməsi məqsədi ilə Əlaqələndirmə Şurasının yaradılması, peşə təhsilinin məzmununun təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartlarına uyğun tədris plan və proqramlarının hazırlanması, dünyada mövcud olan təhsil texnologiyalarının öyrənilməsi və tətbiqi, regional inkişaf istiqamətlərində və yeni yaranacaq istehsal və xidmət müəssisələrinin tələbatına uyğun peşə ixtisas kadrlarının hazırlanması proqnozlarının işlənib hazırlanması, peşə ixtisas fənləri üzrə yeni texnika və texnologiyaları əks etdirən dərs vəsaitlərinin nəşri, peşə təhsili üzrə vahid monitorinq və qiymətləndirmə sisteminin tətbiqi, sistemin mühəndis-pedaqoji işçilər və digər mütəxəssislərə tələbatının proqnozlaşdırılması sisteminin yaradılması, bunun üçün kadr hazırlığının, ixtisaslaşdırılma və yenidən hazırlanma təhsilinin təkmilləşdirilməsi, istehsalat təlimi ustalarının yeni texnika və mütərəqqi texnologiyalarla işləyən müəssisələrdə staj keçmələrinin təmin edilməsi, qabaqcıl texniki peşə təhsili müəssisələrinin iş təcrübəsinin, pedaqoji nailiyyətlərin və şagirdlərinin peşəkar bacarığının təbliğ olunması və yayılması üzrə tədbirlərin həyata keçirilməsi ölkədə informativ və analitik məlumatları əks etdirən vahid internet saytının yaradılması təsdiq olunmuş plana əsaslanırdı.
Amma təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda ilk Avropa Oyunları ərəfəsində yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrların tapılmadığından, qonşu ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət etmək məcburiyyətində qaldıqlarından gileylənib. Səbəb isə bu proqramın həyata keçirilməməsidir. Peşə hazırlığı kursları bir qayda olaraq TN-in tədris bazası olan müəssisə və təşkilatların, eləcə də Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilir və əsas məsuliyyət də nazirliyin üzərindədir. Peşə təhsili verənlər, o məktəblərdən məzun olanların işlə təmin edilməsini də üzərlərinə götürməlidirlər. Hazırda Məşğulluq Xidməti orqanlarında ənənəvi proqramlarla 55 müxtəlif peşə və ixtisas üzrə hazırlıq kursları mövcuddur. Həmin kursların müddəti 2-3 ay arasındadır. Lakin belə kurslara bizdə ciddi baxılmır. Hər kəs ali təhsil diplomu tələb edir. Nə qədər ki, biz peşəyönümlü məktəbləri bitirənlərə yuxarıdan-aşağı baxırıq, onlardan universitet diplomu tələb etmək düşüncəsini özümüzdə daşıyırıq, bu sahəni irəli aparmaq mümkün olmayacaq. İşədüzəltmə saytlarında ən çox təəccübümə səbəb olan kababçı axtaran bir restoranın işçidən ali təhsil diplomu tələb etməsidir. Həm öz sahəsində peşəkar istəyir, həm də "diplomu olsun", deyir. Bildiyimə görə, bizdə kababçılıq üzrə ali təhsil yoxdur, heç texniki peşə məktəblərində də "kababçı", deyə bir peşə növü mövcud deyil, aşpaz və aşpaz köməkçisi var. Yüksək ehtimalla sahibkar başqa sahədə universitet təhsili almış, lakin o sahədə özünü təsdiqləyə bilməyən, ya da iş tapmayan və bu səbəbdən kababçı olmuş birini nəzərdə tutub. Gündəlik ödəniş 20-25 manat, iş saatı 11.00-dan 22.00-a qədərdir. Üstəlik yazıq kababçı 11 saat işləməlidir. Bu, özü də əmək qanunvericiliyinin pozulması deməkdir.
Qərbdə peşəyönümlü təhsili olanlara mütəxəssis kimi baxırlar. Üçüncü ölkələrdən gedən mühacirlərin çoxu ixtisasartırma və dil kurslarını keçərək həmin sahələr üzrə çalışmaqla həyatlarını təmin edirlər. Finlandiyada insanların daim təhsilə marağını saxlamaq üçün ildə iki dəfə bütün poçt qutularına qalın bir məlumat kitabçası qoyulur. Yerli peşə məktəbləri qəbul imtahansız və müsabiqəsiz hər bir sahədə təlim verməyə hazırdırlar: əl əməyi, incəsənət, xarici dil, şkiper (gəmiçilikdə), kompüter mühəndisindən tutmuş, ev təmiri, bağçılıq və s. peşələrə qədər kurslara cəlb edirlər. Hər il bu kurslarda təhsil alan yüzlərlə insan iki milyondan çox dərsə girir. Təhsil müəssisələri yaş senzinə baxmadan hamını "öz dünyaları"na buraxırlar. Fin cəmiyyətinə görə hər kəsin yaxşı təhsil almaq şansı var. Hətta onlar açıq universitet kurslarını ziyarət edə, proqramını mənimsəyə bilərlər. Peşəni dəyişmək bu ölkədə problem deyil. Həyatı boyu fasiləsiz təhsil ideyası keçən əsrdə yaranıb. Təhsil almaq, öyrənmək bu ölkənin əhalisinin çoxunun hobbisidir. 9,6 milyon əhalisi olan Azərbaycan 100-dən bir az artıq peşə məktəbi çox gəlir, 6 milyon əhalisi olan Finlandiyada 1000 belə təhsil müəssisəsi var.
Bizdə peşə yönümündə ixtisaslar da mübahisə doğurur. Məsələn, həsir hörənə çoxmu ehtiyac var ki, bu, ayrıca peşə kimi qeyd olunur? Ola bilsin ki, bu işi görən də lazımdır, amma məhdud sayda insan onu öyrənməyə maraq göstərər. Həsir hörmə, xalçaçılıq, əl işləri ilə bağlı peşələr birləşdirilə bilər. Ya da məsələn, geniş profilli dəzgahçı, misgər-tənəkəçi, dulusçu, dülgər, şəbəkəçi, çilingər-yığıcı, alətçi çilingər, təmirçi çilingər, çəkic və presdə dəmirçi, qalvançı, termist, ştamplayıcı, pardaqlayıcıya yəqin ki, istehsalatda tələbat var və onların çoxu sanki bir-birinə yaxın işlərdir. Amma bu gün onlara hər peşə məktəbində ehtiyac varmı? "B" və "D" kateqoriyalı sürücülər daha çox pullu kurslarda təhsil alırlar, ya da adları yazılır. Dövlətin sürücü hazırladığını şəxsən mən bilmirdim. İndi daha müasir peşələrə ehtiyac var. Etiraf edək ki, bu gün xidmət sahələrində işləyən ofisiant, satıcı, katibə, bərbər, konsiyerj, ekskursiya bələdçisi bu sahədə təhsil almağa ehtiyac görmür, işləyə-işləyə öyrənirlər. Bu yaxınlarda araşdırma apardım, bu boyda ölkədə cəmi 13 broker şirkət var, onun da bir əlin barmaqlarının saya biləcəyi qədəri işləkdir. Hər birində də 2-3 işçi çalışır. Peşəyönümlü məktəblərdə xarici dil kimi yalnız ingilis dili göstərilir. Amma dünyaya inteqrasiya etməkdə iddialı olan bir ölkə kimi biz təkcə ingilis dili ilə məhdudlaşa bilmərik. Fransızlar, almanlar bir yana qalsın, bir çox orta ümumtəhsil məktəblərində ləğvindən sonra yeni nəsil heç rus qonşularımızın dilini bilmir. Türkiyədə demək olar ki, bütün sahələr üzrə peşə təhsili mövcuddur. Doğrudur, həmin məslək liseyləri universitet diplomu vermir, amma təhsil müddəti peşə liseylərində 3 il, texniki liseydə 4 il, Anadolu Texniki Liseyində hazırlıq + 4 ildır. Sonra praktika dövrü gəlir. Bizdə daha bir problem var. Məsələn, peşə liseylərində sığorta agenti peşəsi mövcuddur. Bununla belə, sual yaranır: hansı sığorta təşkilatı 2 ay kurs keçmiş birini sığorta agenti kimi işə götürər? Odur ki, müddət məsələsi də bir qədər mübahisəlidir. bizimyol.info/