2016 barədə 9 fəlakət ssenarisi: - "Türkiyədə vətəndaş müharibəsi..."

26-01-2016, 12:28           
2016 barədə 9 fəlakət ssenarisi: - "Türkiyədə vətəndaş müharibəsi..."
Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu “Newsweek” dərgisi cari ildə Yaxın Şərqdə siyasi tarazlıqları dəyişdirəcək, regionu yenidən formalaşdıracaq 9 proqnoz irəli sürüb. ANS PRESS-in məlumatına görə, Cek Mur (Jack Moore) imzası ilə “2016-cı ildə Yaxın Şərqi formalaşdıracaq 9 hadisə” adlı məqalədə bir-birindən maraqlı iddialara yer verilib.

1 – Mosul
ABŞ rəhbərliyindəki koalisiyanın verdiyi hava dəstəyi ilə İraq qüvvələri və yerli sünni əşirətləri 2015-ci ilin axırında İŞİD-in işğal etdiyi Rəmadini öz nəzarətinə keçirdi. Bundan sonra rəsmi Vaşinqton və rəsmi Bağdad üzünü, İŞİD-in 2014-cü ilin iyulunda işğal etdiyi Mosula çevirdi.

Rəmadinin 3 qatı böyüklükdə olan Mosulda İraq və kürd qüvvələrini daha çətin bir mübarizə gözləyir. Digər tərəfdən İraqın baş naziri Heydər Abadi 2016-cı ildə İŞİD-ə ölümcül zərbə vurulacağını açıqlayıb. Bu proqnozlar hər an dəyişilə bilər. Ehtimal edilən bir Mosul hərəkatında 2016-cı ilin ən böyük müharibəsi baş verəcək.

2 – Suriyada sülh
Bu ilin mart ayında Suriyada davam edən vətəndaş müharibəsinin 6-cı ili tamam olacaq. BMT Təhlükəsizlik Şurası dekabrda Əsəd rejimi ilə müxaliflər arasında planlaşdırılan sülh layihəsini səs çoxluğu ilə qəbul etdi. Müxalifəti kimin təmsil etdiyi hələlik bilinmir. Sülh layihəsi iki tərəf arasındakı danışıqların yanvarda başlamasını və iki il davam edəcək keçid dövrü üçün ittifaq hökuməti qurulmasını və liderlik seçkisinin keçiriləcəyini irəli sürür.

BMT-nin layihəsində Əsədin vəziyyəti barədə heç nə qeyd edilməsə də, yerində qalması və ya getməsi Qərb qüvvələri ilə Dəməşqin müttəfiqləri Moskva ilə Tehran arasında fikir ayrılığı yarada bilər. Qarşıdakı il, daha çox diplomatiyaya, daha çox müzakirəyə və hərbi dalanda olan ölkə barədə nəticə hasil olması üçün daha çox təxirə salmalara səhnə olacaq.

3 – İŞİD-in Liviyaya meyl etməsi
ABŞ rəhbərliyindəki koalisiya və Rusiya, İŞİD-in İraq və Suriyadakı bazalarını bombardıman edərkən qruplaşma ilə mübarizə Yaxın Şərqin xaricində, Şimali Afrikada davam edəcək.

İŞİD Sirtdə qüvvələrini cəmləşdirərək Liviyada özünə geri çəkilmək üçün yer yaradıb. Bu ölkədə ittifaq hökumətinin qurulması müzakirələrinin yaratdığı boşluq İŞİD-ə burda rahat yerləşmək imkanı verdi.

İŞİD Şimali Afrikada böyüməyə başlayarkən Liviyanın təbii sərvətləri də risk qarşısında qalır. Bu hal Avropanın təhlükəsizliyi üçün də risk yaradır. Çünki İtalya Liviyaya Aralıq dənizi ilə yarım günlük məsafədədir. Fransa Liviyada kəşfiyyat uçuşlarına başlayıb; ABŞ noyabrda Liviyadakı İŞİD liderini öldürdü. ABŞ-ın xüsusi qüvvələri Liviya topaqlarında da görünüb. Beynəlxalq qüvvələr 2016-cı ildə hərbi hərəkata başlayır.

4 – Səudiyyə Ərəbistanı ilə İran arasındakı sünni-şiə rəqabəti
2015-ci ildə Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstək verdiyi husi qüvvələrinə qarşı müttəfiqləri ilə hərbi hərəkat başlatdı. Rəsmi Riyad Suriyada İranın müttəfiqi olan Əsədə müxalif qüvvələri dəstəkləyir. Səudiyyə Ərəbistanının bu həmlələri İranın bölgədəki şiə liderliyinə qarşı təsirini çoxaltmağa istiqamətlənmiş bir səydir.

Nüvə danışıqlarından sonra İranın bölgədəki qərarlı mövqeyi rəsmi Riyadın təşvişinə səbəb olacaq. Sanksiyalarla dondurulmuş investisiyalar, nüvə razılaşmalarından sonra Ruhaninin mötədil idarəsi altındakı ölkəyə axacaq. İran ilə Qərbin münasibətləri düzələrkən Tehran ilə Riyad arasındakı gərginlik davam edəcək. Məzhəb münaqişəsi tarazlıq müharibəsinin aparıldığı Suriyada və Yəməmndə 2016-cı ildə də davam edəcək.

5 – Hizbullahla İsrailin sərhəddən kənar insidentləri
Hizbullah komandiri Samir Qantarın dekabrda Dəməşqdə öldürülməsindən sonra Livandakı şiə lider Həsən Nəsrallah açıqca İsraili ittiham etdi. Maddi və siyasi olaraq İran tərəfindən dəstəklənən və Əsədlə müttəfiq olan qrup intiqam alacağını bildirmişdi.

Bunun qarşılığında İsrail ordusu cənubi Livanın sərhəddində istehkam qurmuş, baş qərargah rəisi intiqama cəhd ediləcəyi təqdirdə ağır cavab veriləcəyini bəyan etdi. Deyilənlər hər nə qədər sözdə qalsa da 2016-cı ildə gərginliyin çoxalacağını güman etmək olar.

6 – Qəzza
Rəsmi Tel-Əvivə görə Qəzza, 2-ci intifadadan və 2000-ci ildəki üsyandan sonra 2015-ci ildə ən sakit ilini keçirib. Həmas 2014-cü ildəki insidentdən sonra 50 günlük atəşkəsə sadiq qaldı.

İşğalçı israilli mütəxəssislərə görə bu qrupun İranla münasibətlərini dayandırmasından sonra baş verən maddi sıxıntılar və Qəzzada baş verən enerji və yenidənqurma böhranı səbəbindən qrup sağ qalmaq üçün İsrail ilə yeni bir insidenti ən yaxşı variant kimi görməkdədir. Bu da 2016-cı ildə yeni bir zorakılıq dövrünə giriləcəyindən xəbər verir.

7 – Abbas və İsrail-Fələstin sülhü
Fələstinin 80 yaşlı baş naziri Mahmud Abbas 10 illik hakimiyyətdən sonra 4 il daha iqtidarda qalacaq. 2015-ci ildə başlayan bıçaqlı hücumlar, avtomobillə hücum, İordan çayının Qərb sahilində və Qüdsdəki insidentlər, Fələstin xalqının yaşlı liderinin İsrail ilə sülh müzakirələri nöqtəsində “diplomatik intifada”nı bacara bilmədiyini göstərir.

Keçirilən son anketlərə görə, fələstinlilərin ⅔ Abbasın istefasını tələb edir. Bu səbəbdən mütəxəssislər Fələstin siyasətində böhranın qapıda olduğunu deyirlər. Bu cür böhran İordan çayının Qərb sahili ilə İsrail-Fələstin sülh prosesinə mənfi təsir edəcək. 2015-ci ildə Mahmud Abbasın istefa verəcəyinə dair söhbətlər yayılmışdı. Əgər 2016-cı ildə bu baş verərsə Fələstində 10 ildən sonra ilk dəfə lider dəyişikliyi olacaq.

8 – Türkiyədə vətəndaş müharibəsi
Hakim AKP-nin iyun seçkisindən sonra parlamentdəki üstünlüyü itirməsindən sonra PKK ilə razılaşdırılan 2 illik atəşkəs başa çatdı. Bu hal ölkənin Cənub-Şərqində təhlükəsizliyin burulğana düşməsinə səbəb oldu. Türkiyə Silahlı Qüvvələri PKK-nın ölkənin təhlükəsizlik qüvvələrinə intensiv hücumlarına qarşılıq olaraq bir sıra əməliyyatlar keçirdi.

Zorakılıq hallarının çoxalması və AKP-nin HDP-yə qarşı apardığı mənfi kampaniya Əhməd Davudoğlunun noyabr seçkisində üstünlük qazanmasına səbəb oldu. Amma bu vəziyyət kürd xalqı arasında gərginliyin çoxalmasına səbəb oldu.

Dekabrda Türkiyənin Cənub-Şərqində bəzi kürd qruplar HDP-nin tavanı altında kürd bölgələri üçün muxtariyyət çağırışları etdilər. Kürd hərəkatının Ankaradan ayrılmasının gözləndiyi, türk rəhbərliyinin kürd terroru kimi gördükləri hala şiddətli qarşılıq verildiyi mühitdə nə prezident Ərdoğan, nə də baş nazir Davudoğlu kürdlərə ciddi bir status vəd etmir. Atəşkəs çox uzaqda, insidentlərin isə öz külündən yenidən doğulacağı görülməkdədir.

9 – ABŞ seçkiləri
8 noyabr 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkisi Obama rəhbərliyindəki 8 illik demokratların iqtidarına son verəcək. Respublikaçıların namizədi Donald Tramp ilə Marko Rubio və onların qarşısındakı demokratların namizədi Hillari Klinton ilə Bernie Sanders Yaxın Şərqin ən böyük məsələlərinə müxtəlif baxışlar və mövqelər nümayiş etdirəcəklər. Tramp müsəlmanların Amerikaya girişinə məhdudiyyət qoyacağını deyir.

Respublikaçıların 90%-i ABŞ-ın İŞİD-ə qarşı hərəkatının kifayət qədər fəal olmadığı qənaətindədir. Respublikaçı meylli amerikalıların 96%-i İŞİD-lə mübarizə üçün İraq və Suriyaya quru qoşunu göndərməsinin tərəfdarıdır.

Əgər noyabrın 9-da Ağ ev qırmızıya boyanarsa Yaxın Şərqə daha çox müdaxilə edən bir ABŞ-la qarşı-qarşıya olacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.