18 MİLYARDLIQ MİRAS, “QARA ŞAHZADƏ”, “QIZIL GƏNCLİK”…- Rusiyalı milyarderlərin gənc varisləri necə yaşayır?

3-03-2021, 07:49           
18 MİLYARDLIQ MİRAS, “QARA ŞAHZADƏ”, “QIZIL GƏNCLİK”…-
Bir müddət əvvəl nüfuzlu “Bloomberg” nəşri planetin ən varlı 500 adamının adını açıqlamışdı. Siyahıda Leonid Mixelson, Vladimir Lisin və Viktor Vekselberq kimi Rusiya milyarderləri də vardı. Belə məlum olurdu ki, rus milyarderlər təkcə 2021-in yanvarında öz kapitallarını ümumilikdə 1 milyard 370 milyon dollar artırıblar.

Şübhəsiz ki, maqnatlar fantastik sərvətlərini övladlarına ötürəcəklər. Zəngin ataların varislərinin isə biznesə münasibəti eyni deyil. Məsələn, bəziləri valideynlərin izi ilə gedir – təhsil alır, özünü inkişaf etdirir, kapital və şəxsi həyatı sirr kimi saxlayır. Digərləri isə tipik “qızıl gənclik” həyatı yaşayır, var-dövlətlərini sosial şəbəkələrdə həvəslə nümayiş etdirirlər.

Gəlin görək, Rusiyadakı ən varlı insanların varisləri hansı işlərlə məşğuldurlar?



Leonid Mixelson və qızı Viktoriya

Başlayaq, Viktoria Mixelsondan. 28 yaşlı Viktoriya məşhur milyarder və “Novatek” və “Sibur ” şirkətlərinin sahibi Leonid Mixelsonun qızıdır. Biznesmen qızının şərəfinə 2003-cü ildə “Viktoriya” Xeyriyyə Fondu yaradıb və bir sıra layihələr həyata keçirib.

Gənc qız Nyu-Yorkda təhsil alıb və həyatını incəsənətə həsr etmək qərarına gəlib. 2016-cı ilin dekabrında o, “New Museum”da Himayəçilər Şurasının üzvü olub və 2020-ci ildə VII Moskva Beynəlxalq İncəsənət Biennalında ekspert şurasına daxil olub.

Mixelsonun uşaqlarının hər birinin payı təxminən 10 milyard dollar səviyyəsində qiymətləndirilir. Təsadüfi deyil ki, Viktoriya dəfələrlə dünyanın ən varlı varislərinin siyahısına daxil olub.

Buna baxmayaraq, milyarderin qızı dəbdəbəli və səs-küylü yığıncaqlarda gözə dəymir. Üstəlik, atasının biznesi ilə maraqlanmır, tanınmış nəşrlərə müsahibə vermir, şəxsi həyatını reklam etmir.



Vladimir Lisin və xanımı

Əsas aktivləri “Novolipetsk” metallurgiya zavodu və “Universal Cargo Logistics Holding” nəqliyyat-logistika holdinqi olan Vladimir Lisinin üç oğlu var – Aleksandr, Vyaçeslav və Dmitri.

Onarın hər üçü atalarının işlərini davam etdirir. 2020-ci ildə hər varisin sərvətinin 6 milyard dollar olduğu təxmin edilmişdi. Ailənin Şotlandiyada dəbdəbəli qəsri var. Lisinin oğlanları asudə vaxtlarını burada keçirirlər.

Ailənin gəlinləri şəxsi həyatlarını reklam etmirlər. Ailə üzvlərindən heç biri sosial şəbəkələrdə yoxdur.

İş adamının böyük oğlu Dmitri ilk şirkətini 2001-ci ildə Londonda təsis edib. Həmin vaxt o, İngiltərə İqtisadiyyat Məktəbinin 20 yaşlı tələbəsi olub. Onun şirkəti Avropadan gələn tələbələrə hüquqi xidmət göstərirdi.

Gənc varis 2008-ci ildə “Rumedia” holdinqinin direktoru təyin edilib. Hal-hazırda nəqliyyat, media işi, həmçinin strateji planlaşdırma ilə məşğuldur. Vladimir Lisinin digər iki oğlu da atalarının işini davam etdirir.



Yusuf Ələkbərov

Rusiyanın baş neft maqnatı və “Lukoil”in əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusuf Ələkbərov 1990-cı ildə anadan olub. Gənc oğlanın atasının şirkəti ilə heç bir əlaqəsi yoxdur, o, öz işini inkişaf etdirir.

Yusuf Ələkbərovun rəhbərlik etdiyi müəssisə “Plan B” enerji içkisini istehsal edir. Bundan başqa, gənc varis reklam işi ilə məşğul olan “Rəqəmsal texnologiyalar” MMC-yə sahibdir.

Varisin sərvətinin 18 milyard dollar olduğu təxmin edilir. Ata oğluna “Lukoil”in nəzarət səhmlərini vəsiyyət edib. Bir şərtlə ki, oğlu bu səhmləri satmayacaq və digər səhmdarlarla bölüşməyəcək.

Biznesmenin oğlu evlidir. Atasının zəngin olmasına baxmayaraq, bir neçə il “Lukoil”in Sibir filialında neft mühəndisi olaraq çalışıb.

Yusuf Ələkbərov bahalı avtomobilləri sevir. Onun kolleksiyasında avtomobillərin lüks və nadir nümunələri var. Ən qiymətli maşınlarından biri təxminən 14 milyon rubl dəyərində olan “Mercedes”dir.

30 yaşlı iş adamı bu ilin yanvarında “Spartak”ın idarə heyətinə qatılıb. Onun şəxsi həyatı ilə bağlı məlumatlar olduqca azdır.



Kseniya Frank

Gennadi Timçenko “Volga Group” özəl investisiya qrupunun sahibi, Fransa-Rusiya Ticarət və Sənaye Palatası İqtisadi Şurasının sədridir.

İş adamının üç övladı var. Böyük qızı Natalya “Oxford”da ingilis ədəbiyyatı üzrə təhsil alıb və hazırda kinematoqrafiya ilə məşğuldur.

Kiçik qızı Kseniya Edinburq Universitetini fərqlənmə diplomu ilə bitirib. Valideynlərinə məxsus bir xeyriyyə fondunda çalışdığı deyilir.

Kseniya dəfələrlə Rusiyadakı milyarderlərin ən zəngin varisləri reytinqinə daxil edilib. Milyarderin qızı şahmat, fortepiano, teatr və xarici dillərlə maraqlanır. O, biznesmen Qleb Frankla evlidir və cütlüyün iki övladı var.

Timçenkonun kiçik oğlu İvan Cenevrə Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alır.



Viktor Vekselberq və ailəsi

“Skolkovo” fondunun prezidenti Viktor Vekselberqin iki övladı var – Irina və Aleksandr.

Oğlu Aleksandr ABŞ vətəndaşıdır, Nyu-Cersidəki “Fieldstone” məktəbini, daha sonra Yale Universitetini bitirib. O, “Renova” Şirkətlər Qrupuna daxil olan “Columbus Nova” investisiya fondunda işləyib. Həmçinin bir müddət Denver və Filadelfiyadakı “Ferrari” salonlarının sahibi olub.

Deyilənlərə görə, biznesmen uşaqlarını ərköyün böyütməyib. Müsahibələrinin birində bildirmişdi ki, oğlu ABŞ-da tələbə olanda yataqxanada qalırdı və evdən cəmi 800 dollar xərclik ala bilirdi.

Vekselberqin qızı İrina ABŞ-dakı “Babson” kollecində riyaziyyat fakültəsində oxuyub. 2005-ci ildə Yale Universitetində maliyyə ixtisası üzrə MBA təhsili alıb və hazırda iki övladı və “Trilogy Capital Group”un qurucusu olan əri Salavat Risbaqevlə birlikdə Moskvada yaşayır.

İş adamının hər bir övladına təqribən 5 milyard dollar miras qoyduğu bildirilir.



Mariya Çigirinskaya

“Qızıl gənclik” arasında lüks həyatını nümayiş etdirənlər də az deyil. Zəngin rus uşaqları üçün hətta “İnstagram”da “Rich Russian Kids” bölməsi da yaradılıb.

Məsələn, varlı valideynlərin övladları arasında “Snegiri Development” inşaat şirkətinin sahibi olan rusiyalı iş adamı Aleksandr Çigirinskinin qızı Mariya Çigirinskaya da var.

Mariya 1997-ci ildə Moskvada anadan olub və Moskva Dövlət İnstitutunun Beynəlxalq Biznes fakültəsini bitirib. 2015-ci ilin iyun ayında moskvalı iş adamı Arkadi Krutirin oğlu Semyonla evlənib.

Mariayanın “Instagram” səhifəsində onun məşhurlarla çəkdirdyi şəkillər yer alır. Məsələn, repçi Timati, müğənni Nikolay Baskov, model Alyona Şişkova. O, özəl təyyarələrdə uçur, “Chanel”, “Balmain”, “Dior”, “Gucci”, “Hermes”kimi lüks geyim markalarına müraciət edir.



Sergey Sarkisov

Rusiyalı iş adamı – “RESO-Qarantiya” sığorta şirkətinin ortağı S.Sarkisovun 22 yaşlı oğul Sergey Sarkisov Moskvanın bahalı klublarının daimi qonağı hesab olunur.

O, özünü “Qara şahzadə” adlandırır, “Bentley” və “Ferrari” ilə gəzir. 18 yaşını məşhurlarla qeyd edən gənc bu ziyafətə 12 milyon rubl xərcləmişdi. Onun da fotoları “Rich Russian Kids”də yayımlanır.

Gənc 2019-cu ilin aprelində əyləncə məclislərinin birində komaya düşmüşdü. Mətbuatda yayılan məlumatlara görə, buna naməlum preparatların dozadan artıq qəbulu səbəb olubmuş. İki həftə ərzində həkimlər gənc varisin həyatını xilas etmək üçün mübarizə aparıblar və nəhayət buna nail olublar.

Sarkisov bir müddət atasının şirkətində də işləyib və satış meneceri vəzifəsini tutub…

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.