Dünya Səhiyyə Təşkilatı niyə bədbindir?

17-05-2021, 06:06           
Dünya Səhiyyə Təşkilatı niyə bədbindir?
Təşkilatın rəhbəri pandemiyanın ikinci ilinin birinci ilə müqayisədə daha öldürücü keçəcəyini deyir

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, pandemiyanın ikinci ili birinci illə müqayisədə daha çox insan ölümü ilə nəticələnə bilər. O, COVID-19-un indiyədək 3,3 milyon nəfərdən çox insanın ölümünə səbəb olduğunu xatırladaraq deyib ki, pandemiyanın daha çox öldürücü ola biləcəyinə gedən yoldayıq.

A. Qebreyesus nəzərə çatdırıb ki, koronavirusa yoluxmanın və ölüm faizinin ən çox azalması Şimali və Cənubi Amerikada, həmçinin, Avropada müşahidə olunur. Ən güclü artm isə Asiyada, ilk növbədə cənub-şərq regionu və xüsusilə Hindistanda özünü göstərir.

Dünya Səhiyyə Təşkilatı rəhbərinin belə bədbin danışmasının arxasında nə dayanır? Bəs, vaksinasiyanın müsbət təsiri olmayacaqmı?

İnfeksionist Nicat Əzimli “Press Klub”un suallarına belə cavab verdi:

“Öz şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu qədər mutasiyalar var, əvvəlki letallıq və kontagiozluqda deyil, virus daha tez yoluxur, daha tez replikasiya olunur. Bu isə təbiidir, çünki normal olaraq, əvvəlki il ilə müqayisədə letallığı yüksəkdir. Bunu Tedros Adanom Qebreyesus deməsə də, bilirdik. Onun dediyini də məhz bu halla əsaslandıra bilərik. Mutasiyalar var, ölüm göstəricilərində artım müşahidə olunur. Həkim olaraq özümüz xəstəliyin ağırlaşdığının şahidiyik. Buna əsaslanaraq həmin fikirləri təsdiqləmək mümkündür”.

İnfeksionistin sözlərinə görə, həkimlər indiyə qədər qeydə alınmış mutasiyaların bəzilərində vaksinin təsirinin olduğu qənaətindədirlər:

“Hələ də vaksinin effektiv olduğunu düşünürük. Bəzi mutasiyalarda isə vaksinin effektiv olması ilə bağlı şübhələr mövcuddur. Bəzən düşünürlər ki, yeni ştammlarda vaksinin effektivliyi olduqca aşağıdır. Amma hələ də bu fikirləri təsdiqləyən elmi aradşırmalar yoxdur. Peyvəndlərin hansı mutasiyaya qarşı effektiv, hansına qarşı effektivsizliyi barədə hələ ki nəsə demək mümkün deyil”.

Əzimli ölkəmizdəki vəziyyəti şərh edərkən Azərbaycanda son dalğanın öncəkilərdən daha qısamüddətli olduğunu söylədi:

“Ölkəmizdə son dalğa həm də daha az plato həddi ilə oldu. Yəni daha az yuxarı hədd yoluxmanın şahidi olduq. Yoluxma maksimal olaraq iki mini keçdi. Əvvəlki dalğalarda isə bu, daha uzunmüddətli və yoluxma halları dörd-beş min həddində idi. Ona görə də, peyvəndin effektivliyini də görürük. Təbii ki, əhalinin bir hissəsi xəstəliyi artıq keçirmiş, təbii immunizasiya olmuşdu. Əhalinin bir hissəsi isə süni immunizasiya – yəni vaksin sayəsində immunitet qazanmışdı. Bunun nəticəsi olaraq, həmin insanlar yoluxmadı və yoluxma zənciri hər on nəfərin iki və üçündə qırıldı. Ona görə də, yoluxma sayları azalmağa doğru meylləndi. Bu zaman daha aşağı plato həddini gördük”.

Həkim-farmakoloq Müşfiq Hüseynov isə “Press Klub”a açıqlamasında bildirdi ki, pandemiya zamanında Dünya Səhiyyə Təşkilatı və onun qeyri-adekvat reputasiyalı başçısı bir neçə dəfə o qədər də populyar olmayan qərarlar verdi:

“Hamının yadındadır, Çində ilk simptomlar meydana gələndə təşkilat çox ziddiyyətli açıqlamaları ilə yadda qaldı”.

M.Hüseynov pandemiyanın 2019-cu ilin noyabr ayında başladığını xatırladaraq 2021-ci ilin noyabr ayında tamamlanacağını vurğuladı. Həkimin fikrincə, payızda bizdə pandemik situasiya bitəcək, sadəcə, lokal yoluxma hallarının olması gözləniləndir:

“Yəni ikinci il elə bu ildir. Yoluxanların arasında ölənlərin sayının çox olduğu fikri ilə razıyam. Bəli, ölənlərin sayı çox oldu. Çünki epidemik qanunlara görə, üçüncü dalğa birincidən böyük, ikincidən kiçik, amma çox öldürücü olur. Bu, həmişə belədir, həmişə də belə olacaq. Bəlkə 2022-ci ilin yazında yeni virus çıxacaq, onu heç kim deyə bilməz. Amma məntiqlə, bu payız hər şey bitəcək. O baxımdan, Operativ Qərargahın yerində olsam, 1 iyunda sərt karantin rejimini, demək olar ki, ləğv edərəm. Bu il də keçənilki səhvi etməsinlər. İnsanları yayda dənizsiz, günəşsiz, meyvəsiz və istirahətsiz qoymasınlar”.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Dünya Səhiyyə Təşkilatı isə 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, bir ay sonra – martın 11-də qlobal miqyasda pandemiya elan edib.

Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.