"Oğlumun biznesinə göz dikiblər" - MƏHKƏMƏ
17-05-2021, 20:35
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilməli olan proses təxirə salınıb.
Buna səbəb işə baxan hakimlər kollegiyasında təmsil olunan Telman Hüseynovun koronavirusa yoluxma ehtimalının olmasıdır. Hakim test verdiyi üçün proses mayın 24-ə qədər təxirə salınıb.
Solmaz İsmayılova isə bildirir ki, oğlu günahsızdır və o, biznesinə göz dikən məmurların sifarişi əsasında həbs edilib:
“Oğluma qarşı ittihamların heç bir əsası yoxdur. İstintaq dövründə onunla bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişəm. İndi məhkəməsi başlayıb. Ölkə başçısı ədalətli insan, özünün də dediyi kimi, hər bir azərbaycanlının prezidentidir. Ona görə də əminəm ki, ona etdiyim müraciətlərin nəticəsi olacaq və məhkəmədə işə obyektiv baxılacaq”.
S.İsmayılova iddia edir ki, oğlu şirkətdə qalan payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənərək həbs olunub. 3 ay 10 gün həbsdə qaldıqdan sonra şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalamaqla sərbəst buraxılıb, barəsindəki cinayət işinə xitam verilib:
“3 il dözsə də, daha sonra hüququnu tələb etməyə başladı və bundan sonra yenə hədə-qorxular, təhdidlər başladı. Təhdidlərdən çəkinməyərək haqqını tələb etməyə davam etdiyi üçün yenidən həbs edildi ki, guya 2013-2014-cü ildə özünə məxsus, dövriyyəsi və gəliri milyonlarla ölçülən şirkətin 600 min manat vəsaitini mənimsəyib. Bunun nə qədər absurd ittiham olduğu hamı üçün gün kimi aydındır”.
Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.