Milyonçularımızın adları nə vaxt bilinəcək? – Açıqlama

3-03-2016, 14:06           
Milyonçularımızın adları nə vaxt bilinəcək? – Açıqlama
Azərbaycanda milyonçular varmı? Qafqazın ən inkişaf etmiş ölkəsi olmağımıza baxmayaraq, milyonçuların rəsmən qeydə alınmamasının və onların adının açıqlanmamasının səbəbi nədir?
Mövzunu Axar.az-a şərh edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib ki, dünyanın heç bir ölkəsində multimilyonerlərin sayı və adları ilə bağlı rəsmi məlumatın açıqlanmasının məcburiliyi haqqında qanun yoxdur:
“Dünyada bu statistika ilə bağlı sadəcə praktika var. Azərbaycan 1991-ci ildən etibarən sahibkarlıq və özəl mülkiyyət şəraitində yaşamağa başlayıb. Aradan 25 il zaman keçib və bu müddətdə ölkəmizdə böyük var-dövlətə malik olan xeyli insan meydana gəlib. İnsanların nə qədər varidatının olduğunu məcburən soruşmaq və yaxud bəyan etməsini tələb etmək, eyni zamanda, bunun açıqlanması ilə bağlı dövlətin öhdəlik götürməsi də doğru deyil. Ancaq hesab edirəm ki, Azərbaycanda multimilyonerlərin sayı və onların varidatının nə qədər olması barədə məlumatın açıqlanmasının bir ənənə formasına salınması yaxşı olardı. Onsuz da hər kəs öz mülkiyyətinə və gəlirinə görə mütəmadi olaraq dövlətə vergi verir. Beləliklə, bu və ya digər şəxsin başqasına nisbətən daha çox varidatının olması barədə məlumatlı olurlar. Bu isə onların özünə də faydalıdır. Bu gün ABŞ, Avropa və dünyanın bir çox inkişaf etmiş ölkələrində belə məlumatlar yayılır və cəmiyyət bunu çox normal qəbul edir”.
Millət vəkili hesab edir ki, cəmiyyətdə multimilyonerlərin çox olması iki baxımdan əhəmiyyətlidir:
“Birincisi, imkanlı şəxsin əldə etdiyi varidata görə ödədiyi vergi və onların hesabına büdcəyə nə qədər vəsait daxil olduğu üzə çıxır. İkincisi, cəmiyyət onların malik olduqları mülkiyyətin tək banklarda saxlanılmaması, eyni zamanda, istehsal sahələri və iş yerlərinin açılmasına sərf olunması barədə də əlavə olaraq məlumatlanır”.
Millət vəkilinin sözlərinə görə, bu ənənənin Azərbaycanda nə vaxt yaranacağını söyləmək çətindir, ancaq bu ənənənin yaranmasının vaxtı artıq yaxınlaşıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda deklorasiya haqqında qanun işləmədiyindən multimilyonerlər haqqında rəsmi şəkildə məlumat əldə etmək olmur:
“Bu qanun işləsəydi, çox yaxşı olardı. Bir müddət öncə ölkədə maliyyə amnistiyası məsələsini də məhz buna görə qaldırdıq. Onsuz da bu pulu hansı yolla olursa-olsun qazanırlar. Guya Amerikada və ya başqa inkişaf etmiş ölkələrdə multimilyonerlərin hamısı düz yolla pul qazanıblar? Düz, ya səhv – bu varidat toplanıb və mövcuddur. Ona görə də Azərbaycanda maliyyə amnistiyası getməlidir ki, kimlərin milyonçu olduğu bilinsin. Bu, həm də həmin imkanlı şəxslərin lazım olduqda vəsaitlərini ölkəyə gətirib, istifadə etmələri baxımından faydalıdır. Əslində, qanunda var ki, imkanlı şəxslər deklorasiya verməlidir. Deklorasiyada onların ölkə daxilində və xaricində olan bütün varidatı barədə məlumat göstərilir. Beləliklə, şəxsin sərvətinin miqdarı bəlli olur”.
Deputat Azərbaycanda multimilyonerlərlə bağlı rəsmi məlumatın açıqlanmamasına da aydınlıq gətirib:
“Ölkədə ictimai-siyasi vəziyyəti nəzərə alaraq və stabilliyi qoruyub saxlamaq məqsədilə hələ bu barədə rəsmi məlumat açıqlanmır. Hər bir insan hansı yolla olursa-olsun, qazanılan varidatını qoruyub saxlamaq istəyir. Rəsmi məlumat açıqlandıqda bu pulların necə və hansı yolla qazanılması barədə hesabat zərurəti meydana çıxa bilər. Bu isə müəyyən problemlər yaradar. Ona görə də məncə, bu məsələdə tələsmək olmaz, hər şeyin öz vaxtı var”.
Qeyd edək ki, hazırda Azərbaycan iqtisadiyyatında gedən mühüm islahatlar, özəlləşmə məsələləri azərbaycanlı milyonçulara geniş imkanlar yaradır. İqtisadçılar isə hazırkı dönəmdə xarici investorlarla bərabər, azərbaycanlı milyonçuların da ortaya çıxmalı olduğunu, özəlləşmədə iştirakını vacib sayırlar. Xüsusilə dövlət əmlakının özəlləşdirilməsi prosesində azərbaycanlı milyonçuların iştirakı ölkəmiz və milli maraqlarımız üçün də əhəmiyyətli və zəmanətlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.