Azərbaycanda 10 nəfərin 100 milyon dolları var - təfsilat
4-03-2016, 09:04
Hazırda Azərbaycan vətəndaşları arasında 10 nəfərin 100 milyon dollar sərvəti var. Fins.az-ın istinadən verdiyi məlumata görə, bu barədə «Knight Frank» şirkətinin hazırladığı «The Wealth Report» («Sərvət Hesabatı») adlı hesabatda bildirilir.
Dünya ölkələrində varlı şəxsləri araşdıran hesabat müəllfləri Azərbaycanda da milyonçuların sayının artdığını bildirirlər.
Azərbaycanlı milyarder "ən varlı türklər" sırasında
Hesabata görə, 2015-ci ilin sonunda Azərbaycanda var-dövləti 1 milyon dollardan artıq olanların sayı 5600 nəfər olub. Son 10 ildə, yəni 2005-ci ildən indiyədək milyonçuların sayı 5,6 dəfə artaraq 1000 nəfərdən 5600 nəfərə qalxıb. 2014-cı ildə isə milyonçuların sayı 5500 nəfər olub. Başqa sözlə, təkcə 2015-ci ildə ölkədəki milyonçuların sayı 100 nəfər artıb. Təşkilatın proqnozlarına görə, 2025-ci ilədək ölkədəki dollar milyonçularının sayı daha da artaraq 9500 nəfərə çatacaq.
Hesabata görə, hazırda Azərbaycanda var-dövləti 10 milyon dollardan çox olan 240 nəfər var. Son 10 ildə belə şəxslərin sayı 6 dəfə artıb. Belə ki, 2005-ci ildə «10 milyonluq» varlılar cəmi 40 nəfər idi. 2015-ci il ərzində belə şəxslərin sayı dəyişməyib və 2014-cü ildə olduğu kimi qalıb. Proqnozlara görə, 2025-ci ildə ölkədə 10 milyonu olanların sayı daha 170 nəfər artaraq 410 nəfər olacaq.
30 milyonu olanlar
Hesabatda bildirilir ki, Azərbaycanda sərvəti 30 milyon dollardan artıq olanların sayı 87 nəfərdir. Son 10 ildə, yəni 2005-ci ildən indiyədək belə şəxslərin sayı 5 dəfədən çox artaraq 16-dan 87-yə qalxıb. 2015-ci ildə 30 milyonduq varlıların siyahısına daha biri əlavə olunub. 2025-ci ildə isə belə şəxslərin sayı daha da artacaq və artıq 10 ildən sonra ölkədə sərvəti 30 milyon dollardan çox olan 148 nəfər yaşayacaq.
Hesabatdan məlum olur ki, Azərbaycanda var-dövləti hətta 100 milyon dollardan artıq olan şəxslər də var, amma onların sayı böyük deyil – cəmi 10 nəfər. Son 10 ildə belə şəxslərin sayı 5 dəfə artıb. 2005-ci ildə 100 milyonluq sərvəti ilə cəmi 2 nəfər öyünə bilərdi. Hesabat müəllifləri hesab edir ki, qarşıdakı 10 ildə, yəni 2025-ci ilədək belə varlıların da sayı artacaq və həmin vaxt artıq 17 nəfərin 100 milyon dolları olacaq.
1 milyard dolları olan hələlik yoxdur
«The Wealth Report» hesabatına görə, indiyədək Azərbaycanda heç kimin sərvəti 1 milyard dollar olmayıb və bu 2025-ci ilədək də baş verməyəcək. Buna baxmayaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan əslli milyarderlərin olduğu da bir həqiqətdir.