“Kollektorlar qoçuluq, ləğvedicilər isə leşyeyənlik edirlər” - Banklara dair daha bir QALMAQAL

4-03-2016, 12:42           
“Kollektorlar qoçuluq, ləğvedicilər isə leşyeyənlik edirlər” - Banklara dair daha bir QALMAQAL
Vəkil, maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov kollektorları və bankları antikollektorla müqayisə edib. Modern.az saytı xəbər verir ki, ekspert bu barədə danışarkən deyib ki, kreditlərini ödəyə bilməyən vətəndaşlara banklarla yanaşı, kollektorlar (fəaliyyət göstərən banklar üzrə) və ləğvedici şirkətlər (lisenziyası alınmış banklar üzrə) də qan uddurur:

“Dəngedici zənglər, hədələr, şəxsi həyata müdaxilə, təhqirlər, saxlama, zor tətbiq etmə və s. – bütün bu qanunsuz alətlərdən geniş istifadə olunur. Bunun müqabilində vətəndaşdan əldə edilən məbləğlərin xeyli hissəsi (bəzən yarıdan çoxu!) banka deyil, kollektorlara və ləğvedicilərə çatır (sonra da banklar deyir ki, batırıq, pulumuz yoxdur!). Fakitiki olaraq kollektorlar qoçuluq, ləğvedicilər isə leşyeyənlik edirlər. Onların sahibləri məhz əhalidən talançılıqla tutulan pul hesabına dolanır. Buna görə də təsis etdikləri hüquqi şəxslərə faktiki olaraq pul qoymurlar”.

Ə.Həsənov fikirlərini dəqiqləşdirmək üçün aşağıdakı cədvəli təqdim edib:

“Oradan görünür ki, ölkədə 5 kollektor (qoçu!) qurumu var. Birincisi hələ 2005-ci ildən fəaliyyət göstərir. Heç bir dövlət orqanı da onların fəaliyyətinin nə dərəcədə qanuni olması ilə maraqlanmayıb. Nizamnamə kapitallarına diqqət yetirin. Maksimum 100 manatdır! Yəni faktiki heç nə! Bu məbləğlə necə fəaliyyətə başlayıblar? Deməli, əsas məqsəd ilk gündən borcluları talan etməkdən ibarət olub.

İkinci cədvələ diqqət yetirin. Hazırda 6 bankın ləğvedicisi olan 3 şirkətdir (leşyeyənlər). Onları Mərkəzi Bankın təqdimatı ilə məhkəmə təyin edib. Görəsən, hansı meyarlara görə Mərkəzi Bank məhz bunları seçib? Niyə müsabiqə keçirməyib? Nizamnamə kapitallarına diqqət yetirin. Maksimum 70 manatdır. Yəni faktiki heç nə. Bu məbləğlə necə fəaliyyətə başlayıblar? Deməli, əsas məqsəd ilk gündən ləğv edilən banklardakı borcluları talan etməkdən ibarət olub.

Özlərinə və himayədarlarına dolanışıq yeri tapıblar. Əslində, onların qaytardığı kreditlər həmin banklardakı əmanətçilərə çatmalı idi. Lakin əmanətlər batıb, leşyeyənlər isə onların hesabına kef edir. Və ləğvetmə prosesi qeyri-şəffafdır”.

Ekspert müqayisə üçün təsisçisi olduğu “Antikollektor” MMC barədə də rəqəmləri təqdim edib:

“İndi isə üçüncü cədvələ baxın. Antikollektor haqqında məlumatdır. Antikollektor yalnız bu il yaradılıb və cəmi 3 gündür ki, fəaliyyət göstərir. Nizamnamə kapitalı da 10 000 manatdır. Başqa sözlə, təsisçiləri Antikollektorun faəliyyətinə borcluların deyil, öz vəsaitləri hesabına başlayıblar. Ümumiyyətlə, Antikollektorun təsisçilərinin məqsədi gəlir götürmək deyil.

Bir sıra xidmətləri, o cümlədən ilkin məsləhəti Antikollektor pulsuz göstərir (gələcəkdə müəyyən qrup insanlara ümumiyyətlə bütün xidmətlər pulsuz göstəriləcək!). Yalnız bir qismini ödənişli edəcək ki, işçilərə əmək haqqı verə, digər ofis xərclərini qarşılaya bilsin. Və xidmət haqqı da nisbətən ucuz, borcluların işlərini birləşdirmək mümkün olsa isə, çox cüzi olacaq.
Bu müqayisədən hər kəs nəticəni özü çıxarsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.