Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar? - Bu, onları uçuruma apara bilər

22-08-2021, 00:12           
Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar? -
"Əksər xarici cizgi filmləri kommersiya məqsədi güdür. Bu da uşaqları məhvə aparır. Yaxşı olar ki, valideynlər bu məsələlərə diqqət etsinlər. Əks halda, bu, uşaqlarımızda çox ciddi fəsadlar buraxa bilər".
Cizgi filmləri hər bir uşağın formalaşmasında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanda ən böyük problemlərdən biri də milli cizgi filmlərinin qıtlığıdır. Bununla bağlı Azərbaycan Animasiya Filmləri Studiyasının (Azanfilm) animatoru Sultan Abbasbəyli ilə milli cizgi filmlərinin istehsalından, cizgi filmlərinin uşaqlara təsirindən Sputnik Azərbaycan-a danışıb:

"Ölkədə milli cizgi filmlərinin sayı mütləq artmalıdır. İl ərzində 1-2 cizgi filmi istehsal olunur. Amma bu, çox azdır. Mütləq cizgi serialları, silsilə cizgi filmləri olmalıdır. Hazırda "Oğurlanmış bahar" filmi, "Tıq-tıq xanım möcüzələr axtarışında" serialının 2-ci bölümü tamamlanmaq üzrədir. Bu cizgi filmləri həm də uşaqlar üçün faydalıdır. Belə ki, o, hər dəfə bir bölgəyə səfər edir. Orada olan möcüzələrlə balaca tamaşaçıları tanış edir. Birinci bölümdə Dəmirağaca, ikinci bölümdə Qobustana, üçüncü bölümdə Qarabağa gedəcək. Orada Azıx mağarası, Xudafərin körpüsü haqqında məlumat veriləcək. Bununla da uşaqlar həm də Azərbaycanı tanımış olacaqlar".
Həmsöhbətimiz deyir ki, balaca tamaşaçılarımızın xarici cizgi filmləri ilə böyüməsinin böyük fəsadları ola bilər:

"Mənim qohumumun uşağı bir dəfə atama "əlinizdən öpürəm" demişdi. Bizdə bu adət yoxdur. Bu, Osmanlı türklərinə məxsus adətdir. Bu o deməkdir ki, artıq uşaqlarımız bizim ənənələrdən bixəbərdirlər. Mən demirəm baxmasınlar, hətta elə xarici cizgi filmləri var ki, mən onları tövsiyə edirəm. Amma paralel olaraq öz cizgi filmlərimizə də baxsınlar. Xüsusən tələffüzlərdə problem yaranıb. Əsasən "C", "Ç" samitlərinin tələffüzündə problem var. Uşaqlar öz dilimizdə deyil, başqa dillərdə dil açır".
Animatorun sözlərinə görə, bəzi xarici cizgi filmləri sırf kommersiya xarakterlidir: "Əksər xarici cizgi filmləri kommersiya məqsədi güdür. Bu da uşaqları məhvə aparır. Yaxşı olar ki, valideynlər bu məsələlərə diqqət etsinlər. Əks halda, bu, uşaqlarımızda çox ciddi fəsadlar buraxa bilər. Uşaqlar həmin kommersiya xarakterli cizgi filmlərinə baxır, orada gördüklərini tətbiq etməyə çalışırlar. Uşaqlarda aqressivlik formalaşır. Bu da təəssüf ki, bəzən uşaq intiharı ilə nəticələnir".

Azanfilm studiyasında rejissor və animator kimi fəaliyyət göstərən müsahibimiz bildirir ki, cizgi filminin istehsalında psixoloqla məsləhətləşmək lazımdır:

"Biz cizgi filminin ssenarisindən tutmuş hər kadrına qədər psixoloqla məsləhətləşirik. Ola bilər bizim üçün adi bir söz, adi bir kadr olsun, amma bu uşaq psixologiyasına pis təsir edə bilər. Bizim cizgi filmlərimizdə heç bir aqressiya yoxdur. Həm əyləncəlidir, həm də maarifləndirici. “Tıq-tıq xanım” bizim köhnə cizgi qəhrəmanımızdır. Amma ora yeni personajlar əlavə etmişik. Bizim uşaqlığımızın ""Tıq-Tıq xanım"ı vəfasızdır, gedir özünə başqa dost axtarır. Bu da uşaqlara çox pis mesajdır. Amma bizim müasir "Tıq-Tıq xanım"ımız daha qayğıkeşdir, dostları var. O, hər səyahətdə yeni dostlar tapır və Azərbaycanın dilbər guşələrini gəzir, balaca tamaşaçılarımızı həmin yerlərlə tanış edir".
"Balaca tamaşaçılarımıza vətənpərvərlik hisslərinin aşılanması üçün cizgi filmlərinin böyük rolu var", - həmsöhbətimiz deyir: "Mən özüm vətənpərvərlik mövzusunda cizgi filmimi hazırlamışam. Gənclər və İdman Nazirliyi virtual formatda müsabiqə elan edib. Müsabiqə müharibə və pandemiya mövzusundadır. Mən həm o müsabiqə üçün, həm də öz vətəndaş borcumu yerinə yetirmək üçün çəkmişəm. Bizim qəhrəmanlarımızdan biri Camal Qəmbərov Cəbrayıl rayonunun işğaldan azad olunmasında fəal iştirak etdi. Xatırlayırsınızsa, gedib öz həyətini tapmışdı. Orada işğaldan öncə əkdikləri nar ağacından nar dərib foto çəkdirmişdi. Bu, hər birimizi duyğulandırmışdı. Mən həmin mövzuda animasiya hazırlamışam".

Qəhrəmanımız heç bir ali təhsil almayıb. Təəssüflə qeyd edir ki, bizdə animasiya üzrə təhsil yoxdur:

"Mən Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum, amma ödənişli olduğuna görə imtina etdim. 17 yaşımdan kinostudiyada çalışıram. O vaxt qarşıma məqsəd qoymuşdum ki, animasiya sənətini inkişaf etdirəcəyəm. O hədəfə də durmadan irəliləmişəm, daha da irəliləyəcəm. Özüm internetdən öyrənirdim. Azərbaycanın tanınmış animasiya rejissoru Elçin Hami Axundov da mənə bu yolda çox kömək edib. Mənim bu sahədə tələbələrim olub. Ümid edirəm animasiya kursları açılar, universitetdə bu sahədə fakültələr açılar, biz də gedib tədris edərik".
"Rəşid Ağamalıyevin yaratdığı "Animafilm" festivalı animasiyanın inkişafına təkan verəcək. Bu müsabiqə yeni antimatorların tanınmasına çox kömək edəcək. 6 ay üzərindən işlədiyimiz cizgi filmi uşaq əlini yuyub gəlib oturub baxmağa hazırlaşanda artıq bitir. O da bir dəfə efirə gedir. Ona görə də davamlı olaraq çəkilməlidir ki, uşaqlar baxsınlar. Bu sahə çox bahalı sahədir. Ona görə də mütləq dövlət və özəl qurumlar yardım etməlidir. Mən özüm reklam çarxlarından gəlir əldə edirəm. Halbuki mənim daha çox cizgi filminə faydam dəyə bilər. Cizgi filmindən gəlir əldə etsəm, müxtəlif istiqamətlərə yox, ancaq bir istiqamətə - cizgi filmlərinə yönəldərəm fikrimi", - deyə S.Abbasbəyli fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.