“Uşaqlar arasında yayılan koronavirus deyil, bu xəstəlik...” - İnfeksionist
23-08-2021, 17:33
Son günlər ölkədə koronavirusa yoluxma dinamikası günbəgün artır.
Günlük statistik rəqəmlər artıq 4000- ə yaxınlaşıb. Ölüm faizinin yüksək olması həyəcan təbili çalır. Buna baxmayaraq, Operativ Qərargahın son brifinqində hələlik qapanmalara ehtiyac olmadığı bildirildi, insanların vaksinləşmədə iştirak etmələri tövsiyə edildi.
Virusun müxtəlif yaşda insanlarda fərqli əlamətlərlə özünü büruzə verdiyi təsdiq olunub. Uşaq və yeniyetmələrdə "Delta"nın daha çox yüksək temperatura səbəb olduğu, yaşlılarda isə daha çox nəfəs darlığı ilə özünü göstərdiyi deyilir.
Uşaqlar arasında virusun yayılma xəbərləri ilə gündəlik qarşılaşırıq. Yaşlı insanlar da virus səbəbilə xəstəliyə tab gətirmir.
Belə olan halda, virusdan necə qorunmalı? Qapanmalara gedilmədiyi bir zamanda virusla necə mübarizə aparmalıyıq?
İnfeksionist Mərdan Əliyev Cebhe.info-nun suallarını cavablandırıb.
- Yoluxma dinamikası artır. Qarşıdan gələn günlər üçün vəziyyəti necə proqnozlaşdırmaq olar?
-Yoluxmaların sayı gördüyümüz kimi artır. Son vaxtlar daha çox artım var idi. İndi isə rəqəmlər bir az stabilləşməyə meyillidir. Görünür ki, insanlar koronavirusla bağlı davranışlarına daha çox fikir verməyə başlayıblar. Yəni maska taxır, sosial məsafəyə diqqət edir, digər qaydalara əməl edirlər. Həm də onlar həqiqətən gördülər ki, yaxın qohumları, dostları xəstələnir, kimlərsə həyatını itirir. Həmçinin, bildirim ki, toyların sayında azalma da məsələyə təsir etdi. Məhərrəmliklə bağlı toy mərasimləri az keçirilir. Bu da yoluxma dinamikasına təbii ki, öz təsirini göstərir. Əgər belə olmasaydı, biz virusun sürətlə artmasını görməliydik. Yəni tempdə azalma oldu. Ola bilsin ki, yaxın zamanlarda rəqəmlər elə bu tempdə davam etsin.
-Əvvəlki yoluxma statistikalarına nisbətən ölüm faizi daha yüksək olur...
-Bu, xəstələrin xəstəxanaya gec müraciət etməsi nəticəsində olur. Əksər hallarda xəstələr ağırlaşmış formada həkimlərə müraciət edirlər. İndi belə bir tendensiya ilə qarşılaşırıq. Xəstələr 5- 6 gün ev şəraitində müalicə almağa çalışırlar. Ağırlaşan vaxt xəstəxanalara müraciət edirlər. Bu da ölüm sayının artmasına səbəb olur.
-Virusun müxtəlif yaşda insanlarda fərqli əlamətlərlə özünü büruzə verdiyi təsdiq olunub. Məsələn, deyilir ki, uşaq və yeniyetmələrdə "Delta" daha çox yüksək temperatura səbəb olur. Yaşlılarda isə daha çox nəfəs darlığı ilə özünü göstərir. Fikriniz önəmlidir.
- Öncə bildirim ki, nəfəs darlığı istənilən xəstədə ağırlaşma halından sonra müşahidə olunur. Bunun yaş məsələsində fərqi yoxdur. Bu, ağciyər funksyasının zəifləməsi nəticəsində, yəni “buzlu şüşə”nin ağciyərin böyük hissəsini əhatə etməsindən sonra baş verir. Yəni orqanın hava tutumu azalır və təbii ki, nəfəs darlığı müşahidə edilir. Böyüklərdə xəstəlik adətən qızdırma ilə müşahidə olunur. Yaşlılarda da digər şəxslərdə olduğu kimi nəfəs darlığı, temperaturun yüksək olması, halsızlıq olur. İnsan əgər hərəkət edəndə təngənəfəslik hiss edirsə, bu, artıq nəfəs darlığı, ağciyərin funksyasının azalması deməkdir. Ağciyərdə pnevmoniya, “buzlu şüşə” olanda nəfəs darlığı baş verir.
Uşaqlarda isə hazırda boğaz ağrısı, qızdırma ilə müşayiət olunan xəstəlik yayılıb. Amma bunun həqiqətən də koronavirus olub- olmamasını bilmirik. Bizim ölkəyə epidemioloji nəzarət edən qurumlarımız əslində araşdırıb, məlumat verməlidirlər ki, uşaqlarda olan sözügedən xəstəlik nədir.
-Qeyd etdiniz ki, uşaqlar arasında yayılan xəstəlik koronavirus deyil, bəs, sizcə bu xəstəlik nədir?
-Mən hesab edirəm ki, bu rinovirusdur. Rinovirus kəskin respirator virus xəstəliklərindən biridir. Hər il mövsümü baş verir. Mən uşaqlardakı hazırda yayılan virusun rinovirus olması ehtimalı üzərində daha çox dayanıram. Düşünürəm ki, uşaqlar arasında yayılan xəstəlik koronavirus deyil. Ya da ola bilər ki, başqa virusdur. Məsələn, adenovirus da ola bilər, amma, məncə, rinovirusa daha çox oxşayır.
-Uşaqlar əgər rinovirusa yoluxursa, müalicə isə koronavirusa görə aparılırsa, bunun gələcəkdə nə kimi fəsadı ola bilər?
-Uşaqlarda etioloji müalicə aparılmır. Yəni onlara dərman preparatı verilmir. Bu, əks göstəriş yaradacağı üçün məsləhət deyil. Sadəcə olaraq, bu yaşda uşaqlarda simptomatik müalicə aparılır. Temperaturun salınması üçün maye verilir, vitamin terapiyası aparılır. Bu, həm rinovirusun, həm də koronavirusun müalicəsində eyni qayda ilə tətbiq olunur. Uşaqlarda adətən ağırlaşma, fəsad olmur.
-Deyilir ki, gənclərdə "Hindistan ştammı" boğaz ağrısı ilə müşayiət olunur və dad, qoxu hissinin itirilməsi ilə nəticələnir. Nə deyə bilərsiniz?
- Ştammlarda adətən simptomlar eynidir. Koronaviruslu xəstələrdə virus əvvəldən boğaz ağrısı ilə başlayır. Bəzən boğaz ağrısı olmaya da bilər.
- Boğaz ağrısı neçə gün çəkə bilir və bunu adi virus xəstəliyindən necə ayırd etmək olar?
-Xəstəlik ümumilikdə 10 gün müddətində olur. Bu müddətdən sonra virusun çoxalması dayanır və orqanizmin özünün müqaviməti hesabına antitellər əmələ gəlir, xəstəliyi qabaqlayır. 10 gündən sonra ağırlaşma baş verirsə, bunun bərpa olunması bir müddət çəkə bilər. Amma ağırlaşmamış halda 10 günə xəstəlik təmamilə sağalır.
-Virus ağız boşluğuna düşən zamanı ilkin tibbi müdaxilə kimi nələr etmək olar ki, orqanizmə yayılmasın? Virusun qarşısını əvvəlcədən nə ilə almaq mümkündür?
-Burada əsas profilaktika qaydaları qorunmalıdır. Əgər şəxs hiss edirsə ki, virusa yoluxub, onda yüngül əlamətlər var, bu zaman koronavirus əleyhinə erkən müalicəyə başlanılmalıdır. Başqa qorunma qaydaları yoxdur. Birinci növbədə orqanizmə D vitamini qəbul olunmalıdır. Çünki bizim regionda D vitamini çatışmazlığı var. Araşdırılıb ki, D vitamini çatışmazlığı olanlarda virus xəstəlikləri ağır gedir. Buna görə sözügedən vitaminlərin qəbul edilməsi xəstəliyin gedişini xeyli yüngülləşdirə bilər. Vitamin C -nin qəbulu da məsləhətlidir. Kimdə boğaz ağrısı varsa, bu tövsiyələrə əməl etməsi məsləhətdir. Müalicə aparılsa, xəstəlik yüngül keçirilə bilər.