Qadın qətllərinin səbəbi nədir?
3-09-2021, 11:48
"Sonsuzluq da məişət zorakılığına səbəb olan amillərdəndir. Belə olan halda hətta nəsillərarası problemlər də yaranır. Ailələr boşanır və onlar ayrı-ayrı yaşayırlar. Lakin təəssüflər olsun ki, cütlüklər övladlığa uşaq götürmək haqda düşünmürlər".
Sputnik. Bu günlərdə məişət zorakılığına dair bir xəbər hər kəsi sarsıtdı. Belə ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub.
Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, dünyasını dəyişən qadının övladı ilə birgə özünü binadan atdığı söylənilsə də, A.Niftəliyevanın anası qızının bunu intihar məqsədilə etmədiyini iddia edib. Bununla bağlı ana Mehriban Süleymanova "Qafqazinfo"ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək damdan atıldığını bildirib.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açqılamasında bu haqda danışıb:
"Ötən ilin cari dövrü ilə müqayisədə qadın qətlləri artmayıb. Əksinə, ötən ilin cari 3 ayı ilə müqayisədə məişət zəmnində baş verən zorakılıqlarının sayında da azalma müşahidə edilib. Öncə qətllərlə bağlı qeyd edim. Ötən il 40 qadın qətlə yetirilib. 2021-ci ildə isə daha çox məişət zəminində fiziki zorakılıq halları olub. Lakin 2020-ci ildə baş verən hadisələrdə pandemiyanın da təsiri olmuşdu. Qeyd edim ki, 2020-ci ilin cari dövrü ilə müqayisə etsək, cinayət hadisələrinin sayı azalmaqdadır. 2020-ci ilin birinci rübündə ailə-məişət zəminində 973 cinayət faktı qeydə alınmışdısa, 2021-ci ilin birinci rübündə 292 belə fakta görə cinayət işi açılıb. 2020-cui ildə qadınlara qarşı 5 min 176 zorakılıq faktı qeydə alınmışdı ki, onlardan da 2 min 7-si üzrə cinayət işi açılmışdı".
Komitə nümayəndəsi əlavə edib ki, quruma müraciət edilirsə, primitiv mexanizmlər işləyir.
"Ümumiyyətlə, təkcə bizə yox, aidiyyəti üzrə digər dövlət qurumlarına - Daxili İşlər Nazirliyi, icra nümayəndəliklərinə müraciət edilirsə, yerlərdə onlara dəstək göstərilə bilər. Lakin təəssüflər olsun ki, əksər hallarda bizə müraciət daxil olmadıqda hadisələr ölümlə nəticələnir", - deyə o bildirib.
E.Səfərov deyir ki, bu kimi hadisələrin baş verməsində 3 əsas səbəbin rolu var. Hansı ki, cinayət işlərində əsas bu səbəblər qeyd edilir:
"Qeyd edim ki, məişət zorakılığının baş verməsinə səbəb olan əsas amillər sırasında sosial səbəblər heç ilk 10-da yer almır. Narkotik vasitələr və alkoqollu içki istifadəsi, ailədəki zorakılıq, sonsuzluq faktoru da məişət zorakılığına səbəb olan amillərdən biridir. Hətta belə olan halda nəsillərarası problemlər də yaranır. Ailələr boşanır və onlar ayrı-ayrı yaşayırlar. Lakin təəssüflər olsun ki, cütlüklər övladlığa uşaq götürmək haqda düşünmürlər. Bundan başqa, xəyanət məsələsi də çox aktualdır, bu da nəticə olaraq qətllərin törədilməsinə səbəb olur. Məişət zorakılığında da qısqanclıq əsas səbəb olaraq göstərilir. Bundan başqa, məişət zorakılığına səbəb olan amillərdən biri də məhdudiyyətlər və sterotiplərin tətbiq olunmasıdır. Stereotiplərin olması gündəlik zorakılıq faktlarının baş verməsinə səbəb olur. Tərəflər bir-birini başa düşmür, danışıqlar aparmırlar. Ümumiyyətlə, ailələr qurulanda da bəzi nüanslar nəzərə alınmır", - deyə E.Səfərov əlavə edib.
Komitə rəsmisi bildirir ki, təəssüfər olsun ki ali təhsilli, yaxşı təminatlı ailələrdə də bu və bu kimi xoşagəlməz hallar var:
"Qadına qarşı cəmiyyətdə, ailədə olan stereotiplər var, hansı ki bunlar məhdudiyyətlər yaradır. Baxanda görürsünüz ki, nə sosial vəziyyət, nə də ki təhsil səviyyəsi buna təsir etmir. Ən çox təsir edən məqamlar məhz stereotiplərdir. Nəyə görə bu gün Azərbaycanda doğulan qız uşaqlarının nisbəti oğlan uşaqları ilə müqayisədə hər il azalır? Çünki artıq doğulanadək qız uşağına qarşı ayrı-seçkilik var. Ana bətnində ikən gender və cinsi ayrı-seçkilik olur".
Səfərov onu da deyir ki, təəssüflər olsun ki ailələrdəki zorakılıq, psixoloji travmatik vəziyyət ən çox uşaqlara mənfi təsir edir
"Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib ki, zorakılıq faktları bütün dünyada aktual olan məsələdir.
"Azərbaycanda da belə hallarla qarşılaşırıq. Statistik rəqəmlərə baxanda artımın olmadığını görürük. Əvvəlki illərlə müqayisədə qadınlara qarşı zorakılıqların olması ilə bağlı rəqəmlər demək olar eynidir. Sadəcə bəlkə də bu cinayətlərin şiddəti artıb. Həmçinin belə məsələlərə diqqətin artması və işıqlandırılması ilə belə bir hiss yaranır ki, cinayətlərin sayı artıb. Hətta bir fakt olsa belə, bu bizi narahat edir. Dövlət Komitəsi olaraq bu istiqamətdə müəyyən tədibirlər həyata keçiririk. Bilirsiniz ki, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun qəbul olunub, həmçinin Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün milli fəaliyyət planı da qəbul olunub. Bu, elə bir məsələdir ki, bütün qüvvələr birləşsə, cəmiyyət dövlətin keçirdiyi tədbirlərə adekvat cavab versə, hansısa müsbət nəticələr əldə etmək olar. Biz də buna çalışırıq".