Azərbaycan çayını kimlər unutdurur? - Plantasiyalar kiçilir, piştaxtalarda rəngli çaylar peyda olur
3-09-2021, 16:57
Azərbaycan bu il xaricdən aldığı qara çayın idxalının həcmi kimi qiymət indeksləri də artıb.
Belə ki, 2021-ci ilin birinci yarısında xaricdən 6 507 ton həcmində qara çay idxal etməklə, 2020-ci ili 9% üstələyib. İdxal edilmiş fermentləşdirilmiş qara çaya görə, ölkədən 25.46 milyon dollarlıq çıxıb. İdxal edilmiş çayın 86.5%-i Şri-Lanka Demokratik Sosialist Respublikasından gətirilib.
Şri-Lanka Azərbaycana 5 626.5 ton həcmində qara çayı 22.96 milyon dollara satıb. 2020-ci ilin müvafiq dövründə Şri-Lanka Azərbaycana 5 269.3 tonu 20.94 milyon dollara satmışdı. Bu o deməkdir ki, Azərbaycana qara çayı 2020-ci ildə 3.97 dollar/kiloqrama idxal etdiyi halda, 2021-ci ildə 4.08 dollar/kiloqrama satıb. Yəni 3% bahalaşma olub.
Qeyd edək ki, Azərbaycanda idxal olunmuş qara çayın pərakəndə satışı 1 avqust tarixinə ortalama hər 500 qr. üçün 10.41 manat olub.
Xatırladaq ki, ölkəmizdə çay bitkisi uzun illərdir ki, becərilir. Son dövrlərdə bu sahədə geriləmə müşahidə edilir ki, bununla bağlı ölkə başçısı da ənənəvi sahələrin bərpasının vacibliyini bildirib. Ancaq bu gün hələ də mağazalarda yerli çay üstünlük təşkil etmir.
“Azərbaycan istehsalı” sözləri yazılmış çaylar isə elə yalnız sadəcə sözdən ibarətdir. Yerli Lənkəran çayını isə baha qiymətə çətinliklə tapmaq olur. Əgər hazırda çay idxalı üçün 20 milyon dollardan artıq vəsait sərf edilirsə, demək ki, hələ də ölkədə bu sahədə irəliləyiş nəzərə çarpmır.
Dövlət xaricə valyuta ödəməyə, istehlakçı isə daxili bazarda ancaq rəngdən ibarət çaylar almağa məcbur qalıblar.
Bununla bağlı kənd təsərrüfatı üzrə ekpert Qadir Bayramlı Cebhe.info-ya bildirdi ki, Azərbaycanın çay istehsalı və yerli bazarın tələbinin böyük hissəsini ödəmək üçün potensial imkanı var, ancaq bu istifadə olunmur:
“Belə ki, 1980-ci illərdə ölkədə yaşıl çay yarpağı istehsalı 36 min ton idi. Sonrakı dönəmdə 91-ci ildə bütün sahələrdə görülən tənəzzül nəticəsində çay istehsalı 480 tona düşdü. Sonrakı dövrdə bu sahədə görülən tədbirlər nəticəsində istehsal artıb, ancaq bazarı, yerli tələbi ödəmək üçün kifayət deyil. Bunun səbəbi odur ki, çox sürətlə 90-cı ildən başlayaraq uzun müddət mövcud olan çay plantasiyaları söküldü, dağıdıldı. Bizim çay yetişdirmək üçün arealımız çox böyük deyil. Bu, sadəcə Lənkəran-Astara bölgəsi, çox az miqdarda da Zaqatala bölgəsindədir.
Ancaq Lənkəran-Astara bölgəsində çay istehsalını artırmaq üçün xeyli imkan var. Sadəcə əvvəlki çay plantasiyalarını genişləndirmək lazımdır, məhsuldarlıq artırılarsa, intensiv təsərrüfat üsullarına keçirilsə istehsalın həcmi daha da artacaq. Çay istehsalı üçün ayrıca çox əhəmiyyətli həcmdə təkliflər təqdim olunmalıdır”.
Ekspert deyir ki, çay adətən rütubətli subtropik iqlimdə yetişir və bu da ancaq Azərbaycanın Lənkəran-Astara bölgəsində mövcuddur:
“Zaqatalada xüsusi mikroiqlim var və o şəraitdə çay az miqdarda da olsa yetişdirilir. Bu, bizə əsas verir ki, ölkənin digər bölgələrində çay yetişdirmə imkanları araşdırılmalıdır. Həmin araşdırmaların ancaq faydası ola bilər. Bütün bölgələrdə mümkün deyil, bəzi bölgələrdə mümkündür.Çünki çayın yetişməsi üçün xüsusi torpaq, hava şəraiti lazımdır. Düşünürəm ki, bütün imkanlarımızı səfərbər eləsək, onu artırmaq üçün xüsusi proqram qəbul edərsək, o şəffaf şəkildə yerlərdə həyata keçirilərsə, çay istehsalını artırmaq, yerli çayın sayının artırılmasına nail ola bilərik. Çay digər bitkilərdən fərqli xüsusiyyətlərə malikdir.
Məsələn, taxıl, yem bitikiləri, subtropik meyvələr ölkənin əksər bölgələrində yetişdirilir. Çay xüsusi diqqət, qayğı tələb edir. Hələ ki, o bölgədə bizim çayçılıq sahəsində müəyyən kadrlarımız var. Digər tərəfdən ölkədə olan çayçılıqla bağlı elmi araşdırmaları genişləndirmək, xarici təcrübəni öyrənmək lazımdır. Həmçinin, Azərbaycanda ən məhsuldar çay sortlarının seçilməsi, əkilməsi, becərilməsi sahəsində işlər görülməlidir. Aqrotexniki tədbirlərin səviyyəsi yüksəldilməlidir. Bunlar hamısı olsa, çayçılıqda dönüş yaratmaq mümkün olacaq”.
Ekspert onu da vurğuladı ki, yerli tələb daxili imkanlar hesabına ödənilmirsə, biz onu idaxl etmək məcburiyyətindəyik:
“Bundan başqa Azərbaycan idxal edilən çayların üzərində nəzarət gücləndirilməlidir. Bəzən mağazalarda şəffaf paketlərdə mənşəyi məlum olmayan çaylar da görmək mümkündür. Ona görə də AQTA bu sahədə fəaliyyətini genişləndirməlidir ki, heç olmasa xaricdən gətirilən çaylar standartlara uyğun olsun, əhalinin sağlamlığına zərər verməsin”.