Qarabağda cərimələnən ermənilər pulu hara ödəyirlər? - AÇIQLAMA
20-10-2021, 19:29
Artıq bir ilə yaxındır ki, 30 il müddətində işğal altında qalan torpaqlarımız azadlığına qovuşub. Ölkəmizin humanist yanaşması sayəsində həmin ərazilərdə hələ də ermənilər yaşamaqdadır. Bəs Qarabağda avtomobillə Gorus-Qafan yolundan keçən ermənilər cərimələndikdə cəriməni hansı ölkəyə ödəməlidirlər?
Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Sonxeber.az-a açıqlama verib.
Onun sözlərinə görə, gömrük və polis postunun qoyulması ilə bağlı əvvəl də müəyyən suallar olub:
"İstər Ermənistan, istərsə də digər ölkələr nəzərə almalıdırlar ki, Gorus-Qafan yolu Azərbaycan ərazisidir. Buradan keçərkən gömrük rüsumu, yol hərəkəti qaydaları pozulduqda isə cərimələr bizim ərazidə yazıldığına görə bizə ödənilməlidir.
Bu, beynəlxalq hüquqa əsaslanan bir tələb və qaydadır. Məsələn bu gün siz öz avtomobilinizlə Gürcüstana, Türkiyəyə, Rusiyaya getsəniz və ya digər ölkənin ərazisindən keçsəniz, qayda pozuntusu olduqda cəriməni həmin ölkəyə ödəməlisiniz.
İstər Ermənistana, istərsə də İrana aid olan maşınlar uzun illərdir ki, buradan sərbəst, "necə gəldi" istifadə ediblər və düşünürlər ki, əvvəl necə olubsa, elə də davam etməlidir. Xeyr, bir daha təkrar edirəm: bu torpaqlar bizim ərazilərimizdir və o ərazilərdən yük daşıması həyata keçirilirsə, gömrük rüsumu, eləcə də qayda pozuntusu olduqda cərimələr Azərbaycana ödəniməlidir.
Qeyd edim ki, Qarabağda artıq müəyyən ifrastruktur yaradılıb və hazırda da təkmilləşdirilməkdədir".