Masazır dairəsində 1 saatlıq tıxac: “Hər səhər yolu bağlayırlar” – VİDEO + AÇIQLAMA

21-10-2021, 11:15           
Masazır dairəsində 1 saatlıq tıxac: “Hər səhər yolu bağlayırlar” – VİDEO + AÇIQLAMA
Bu gün səhər saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) DYP əməkdaşları tərəfindən yolun təxminən 1 saat müddətində bağlandığı iddia edilir.
Yeniavaz.com-a müraciət edən sürücülər bildiriblər ki, eyni hal demək olar ki, hər gün baş verir. Onlar bu gün bu prosesin daha uzun çəkdiyini, nəticədə bu istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin təxminən 1 saat müddətində tıxacda gözləməli olduqlarını deyiblər:
“Yol açılanda görürsən ki, əsas yol tamamilə boşdur. Hər gün səhər eyni problemi yaşayırıq. Bu istiqamətdə hərəkət edən hamı, istisnasız hər gün getdiyi ünvana yubanır, nəyə görə? İçində xəstə olan təcili yardım avtomobili bu tıxaca düşsə, vay o xəstənin halına. Yolun niyə bağlandığını da soruşanda, deyirlər, hərəkəti tənzimləyirik. 1 saata hərəkət tənzimlənmir. Nəqliyyatı öz axarına buraxsalar, daha tez çatarıq”.
Sürücülər tıxacdan kadrları redaksiyamıza təqdim ediblər:

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Namidan Piriyev Yeniavaz.com-a açıqlamasında sözügedən yolda hərəkətin tənzimlənməsi üçün bəzi istiqamətlərdə məhdudlaşdırıldığını bildirib. O qeyd edib ki, buna səbəb Masazır dairəsinə bir neçə istiqamətdən avtomobillərin daxil olmasıdır.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı bu il, sürücülər dəfələrlə redaksiyamıza müraciət ediblər. Onlar iddia edirlər ki, buna səbəb nazirlərdən birinin günün o saatlarında Bakı-Sumqayıt yolundan istifadə etməsidir. BDYPi isə bu iddianın həqiqətəuyğun olmadığını bəyan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.