Yeni Qarabağ savaşı:Kreml necə davranacaq? – Təhlil

6-04-2016, 15:41           

Yuri Jiqalkin

Azadlıq radiosu (ABŞ), 05.04.2016

Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar davam edir. Azərbaycan müdafiə nazirliyinin məlumat verdiyi kimi, “keçən gecə bütün cəbhə xəttində gərginlik saxlanıb, erməni tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqlərinə atəşı davam etdirir”.

Ermənistan müdafiə nazirliyi öz növbəsində bildirir ki, Azərbaycan tərəfi keçən gecə təmas xəttindəki döyüşlərdə “Qasırğa” reaktiv yaylım atəşi sistemindən (RYAS) istifadə edib. Azərbaycan bu məlumatı təkzib edir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi təzələnmiş döyüş əməliyyatları nəticəsində xeyli qurban haqda məlumatı “kədərli” adlandırdı və hər iki tərəfi güc tətbiqini dayandırmağa və münaqişəni gücləndirməkdən çəkinməyə çağırdı.

Amerikalı ekspertlər işarə edirlər ki, Suriyadakı müharibə üzündən Rusiya-Türkiyə qarşıdurması Dağlıq Qarabağla bağlı duruma mənfi təsir edə biləcək ən təhlükəli amildir. Dağlıq Qarabağda döyüş əməliyyatlarının yenilənməsi haqda məlumat Amerika ekspertlərinin diqqətini Ermənistan ərazisində beş minlik hərbi kontingent saxlayan və bu yaxınlarda döyüş təyyarələri, helikopterlərlə gücləndirən Rusiyanın roluna yönəltdi. Eyni zamanda müşahidəçilər bu fikrə meyllənir ki, bölgədə ciddi hərbi münaqişə tərəflərdən heç birinin maraqlarına cavab vermədiyi halda Kremldə durumu öz xeyrinə çevirmək tamahı ola bilər. Dövlət Departamentinin keçmiş yüksəkvəzifəli əməkdaşı Ceffri Mankof Christian Science qəzetinə müsahibəsində qeyd edir ki, onun fikrincə, Ruisyanı bu bölgədə sadəcə sülh yox, həm Ermənistanda, həm də Azərbaycanda təsirini gücləndirə biləsi saziş maraqlandırır. Mankof hesab edir ki, Kreml yalnız öz şərtləri ilə sülhə şərait yaradacaq.

Azadlıq radiosunun həmsöhbəti, Nyu-York şəhər universitetinin professoru Racan Menon hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı durumun inkişafı daha çox Moskvanın davranışından asılı olacaq:

– Putinin bu şəraitdə hərəkətlərini müşahidə etmək maraqlı olacaq. Əslində, Rusiya Ermənistanın söykənə biləcəyi yeganə qüvvədir, yəni Ermənistan tərəfinin davranışı daha çox Kremldəki əhvali-ruhiyyədən asılı olacaq. Digər tərəfdən, hərbi qüvvəsi son zamanlar xeyli möhkəmlənmiş və Qarabağdakı hərbi münaqişə ilə əhalinin diqqətini iqtisadi problemlərdən yayındırmağa həvəslənən Bakının tərəfində Türkiyə durur. Türkiyə prezidenti bildirdi ki, Azərbaycanın bu münaqişədə üstün çıxacağına ümidvardır. Bütün bunlar potensialca Putinlə Ərdoğan – məlum olduğu kimi, böhranlı durumlarda geri çəkilmək istəməyən iki lider arasında qarşıdurmaya dönüşə bilər. Fikrimcə, durumun bu cür inkiaşfının nişanələri hələlik yoxdur. Düşünürəm ki, Kreml münaqişənin Rusiyanın Ermənistan tərəfdən hərbi əməliyyatlara girişəcəyi həddə qədər ağırlaşmağını istəməzdi. Lakin indiki durumda öncədən nəsə söyləmək çətindir, çox şey rəqiblərin təmas xəttində davranışından asılı olacaq.

– ABŞ tərəfdən hansısa addımlar gözləmək olar, yoxsa Vaşinqton münaqişədən məsafə saxlamağa üstünlük verəcək?

– Düşünürəm ki, gərginliyin zəifləyəcəyi və tərəflərin çıxış vəziyyətinə qayıdacağı ümidiylə gözləmə mövqeyi tutacaq. Amerika şirkətlərinin Azərbaycanda əhəmiyyətli, birbaşa yatırımları yoxdur, bölgədə sabitlik ABŞ-ın strateji marağındadır. Ona görə də Vaşinqton neytral tərəf kimi çıxış edir. Birləşmiş Ştatlar vasitəçi rolunu öz üzərinə götürərmi? Tamamilə mümkündür, çünki ABŞ Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ üzrə Minsk sülh prosesi deyilən qurumun həmsədridir. Mənim baxışıma görə, indiki durumda birtərəfli Rusiya vasitəçiliyindənsə çoxtərəfli vasitəçilik xeyli uğur vəd edir. Şübhəm var ki, Putin qəflətən yeganə vasitəçi rolunu öz üzərinə götürməyə cəhd edərsə, Türkiyə prezidenti Ərdoğanın bununla barışacağını güman etmirəm.



Vaşinqtondakı Qudzon institutundan politoloq Riçard Vayts ehtimal edir ki, vəziyyət daha çox münaqişənin həllinə səbəb olacaq:

– Düşünürəm ki, münaqişə xeyli dərəcədə məhdud olacaq, çünki həm Azərbaycan, həm də Ermənistan hökuməti dərk etməlidir ki, irimiqyaslı münaqişə həm bu, həm də o biri tərəf üçün nə qədər mənfi nəticələnə bilər. Bakı öz hərbi imkanlarına görə daha çox inamlı ola bilər və istina deyil ki, Türkiyənin onun tərəfindən münaqişəyə müdaxiləsinə güvənə bilər, lakin Rusiyanın Ermənistan tərəfdən çıxış etmək variantı çəkindirici və güclü amildir. Durumu bütünlükdə dəyərləndirib demək olar ki, zəifləmə amilləri hazırda daha güclü görünür.

– Bu münaqişəyə öz izahınız varmı? Kremli tənqid edənlərdən bəziləri “Moskvanın barmağı”nı, Ankara ilə qarşıdurmada siyasi xal toplamaq cəhdləri görürlər.

-Etiraf etməliyəm ki, bu mənim üçün müəmmadır. Ermənistan və Azərbaycan prezidentləri keçən həftə Vaşinqtondaydılar, vitse-prezident Co Baydenlə görüşdülər. Bu görüşlərin nəticələri üzrə açıqlama verildi ki, ABŞ bölgədə sülhə dəstəkdə maraqlıdır. Ehtimal etmək olar ki, bu cür əməliyyatlar hər iki ölkədəki daxili-siyasi təsəvvürlərdən doğub. Məlum olduğu kimi, müharibə əvvəlcə hakimiyyəti müdafiə etməkdə əhalini birləşdirir. İstisna olunmur ki, baş verənlər hansısa şəkildə Rusiya-Türkiyə qarşıdurması ilə əlaqəli ola bilər. Lakin hərbi əməliyyatları kim törədir-törətsin, ümid edirəm ki, münaqişə iştirakçıları və onların arxasında duranlar müharibənin nələr törədə biləcəyini dərk edirlər. Və onun dinamikasını heç kim öncədən görə bilməz, heç kim bilmir ki, o necə inkişaf edə bilər.
Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.