Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
14-06-2022, 13:14
![Dollar sürətlə bahalaşır:](/uploads/posts/2022-06/1655196136_1.jpg)
Bazar qiymətləri göstərir ki, ABŞ Mərkəzi Bankı (FED) 1994-cü ildən bəri ən sərt şəkildə faiz artıra bilər.
Fyuçers qiymətlərinə görə, FED yüksələn inflyasiya ilə əlaqədar olaraq bu həftə faiz dərəcələrini 0,75 bənd artıracaq. FED-in bu həftəki iclası da daxil olmaqla, növbəti üç iclasda 1,75 bənd faiz artıracağı gözlənilir.
Bu vəziyyət iki dəfə 0,50 bənd və bir dəfə 0,75 bənd artım ehtimalını göstərir. Üç iclas üçün əvvəlki proqnoz hər biri üzrə 0,50 bənd idi. Məlumatlar ABŞ-da inflyasiyanın may ayında 8,6 faizə yüksəldiyini və 40 illik ən yüksək səviyyəsini yenilədiyini ortaya qoyub.
"Allianz SE"nin Baş İqtisadi məsləhətçisi və "Bloomberg Opinion"un müəllifi Mohamed El-Erian CBS kanalında deyib: “Mən inflyasiya proqnozunun daha da pisləşməsindən narahatam. Bu templə 9 faizə çata bilərik”.
FED-in inflyasiya ilə mübarizədə geridə qalmağa davam etdiyini deyən El-Erian, çərşənbə günü yekunlaşacaq FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasından 0,50 bənd artım gözlədiyini qeyd edib.
"Hazırda staqflyasiya dövründəyik" deyən El-Erian, uzunmüddətli inflyasiyanın ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyə biləcəyini söyləyib. FED-in keçmiş sədri Ben Bernanke isə açıqlamasında, tənəzzül ehtimalı olsa da, FED-in inflyasiyanı aşağı salmaq üçün şansının olduğuna inandığını bildirib.
ABŞ-ın keçmiş maliyyə naziri Lourens Summers yaxın iki ildə tənəzzülün ola biləcəyini deyib. "JPMorgan Chase & Co"nun Baş iqtisadçısı Bruce Kasman inflyasiyanın tənəzzülə səbəb olmadan “məqbul səviyyəyə” endirilməsi ilə bağlı əvvəlkindən daha pessimist olduğunu söyləyib. Cümə günü açıqlanan inflyasiya məlumatlarından sonra "Barclays" və "Jefferies LLC", FED-in bu həftəki iclasında faiz dərəcələrini 0,75 bənd artıracağını proqnozlaşdırırlar.
“Bloomberg”in sorğusunda artım gözləntiləri 0,25 bənddən 1.00 bəndə qədərdir. FED-in faiz artırmağa başladığı üçün dollar indeksi 20 ilin ən yüksək səviyyəsindədir.
Qeyd edək ki, FED-in iclası bu gün başlayacaq və sabah da davam edəcək. FED faiz qərarının sabah Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq.
Baş verən proseslər zəminində dollarda kəskin bahalaşma olacaqmı? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bidirdi ki, son iki ayda dollar aparıcı valyutalara, funt-sterlinq, avroya qarşı möhkəmlənmə prosesindədir:
“Əsasən də avroya qarşı nisbətdə tarixi maksimumları vurmaqdadır. Uçot dərəcələrinin artırılması siyasəti ilə bağlı ötən ildən proqnoz verilmişdi. Eyni zamanda bu ilin birinci rübü ərzində kifayət qədər açıqlamalar verilib. Dolların möhkəmlənmə prosesi gedir və bu davam edə bilər. Uçot dərəcəsinin artırılması elə proseslərdəndir ki, valyutanın möhkəmlənməsi, dayanıqlığını təşkil edir”.
Dolların Azərbaycan manatına qarşı nisbətdə proqnoza gəldikdə isə ekspertin sözlərinə görə, elə bir siyasət yürüdülür ki, konkret məzənnə formalaşıb:
“Hər hansı üzən məzənnə siyasəti tətbiq olunmur. Eyni zamanda makroiqtisadi göstəricilər, idxal-ixrac əməliyyatları arasındakı müsbət saldo manatın dayanıqlı qalacağına zəmin yaradır. Bu baxımdan Azərbaycan manatına hər hansı təhlükə yoxdur.
Eyni zamanda Azərbaycan manatı istər funt, istər avroya qarşı nisbətdə möhkəmlənir. Bu da o deməkdir ki, qismən üzən məzənnə siyasətinə keçmişik. Yəni avro və funt strelinqə qarşı manat üzən məzənnədədir. Bu gün dollar möhkəmləndiyinə görə, Azərbaycan manatı da valyutalara qarşı möhkəmlənir”.