Azərbaycanın zərbəsi və... - Sərkisyan yaşamaq üçün danışıqlardan imtina edir

10-05-2016, 13:03           
Azərbaycanın zərbəsi və... - Sərkisyan yaşamaq üçün danışıqlardan imtina edir
Aprelin 2-də qəfil başlayan hərbi əməliyyatlarda Azərbaycan silahlı qüvvələri hücuma keçib ermənilərin təmas xəttindəki bəzi mövqelərini ələ keçirdi və ermənilərin əks-hücumlarını uğurla dəf etdi. Aprelin 5-də hərbi əməliyyatların dayandırılmasına dair razılaşma əldə olunanda Azərbaycan hərbçiləri təmas xəttində ələ keçirdikləri bəzi mövqelərini əllərində saxlamaqda idi və bu, erməniləri pərt edib.

Virtualaz.org xəbər verir ki, bu cümlələlər tanınmış rusiyalı hərbi analitik Pavel Felqenhauerin “The National İnterest” jurnalında dərc edilmiş, Jamestaun Fondu üçün hazırlanmış təhlilində yer alır.

Müəllif qeyd edir ki, aprelin əvvəllərində gedən döyüşlərdən sonra Qarabağ yenidən beynəlxalq birliyin diqqət mərkəzində yer aldı. Moskva isə yaranmış vəziyyətdən öz mövqelərini möhkəmləndirmək üçün İrəvana və Bakıya təzyiq göstərərək onları hərbi əməliyyatları dayandırmağa məcbur etdi. Pavel Felqenhauer xatırladır ki, Rusiya Ermənistan və Azərbaycanı danışıqlar masasına qaytarmaq üçün misli görünməmiş diplomatik səylər göstərib. Lakin bu səylər uğursuz olub.

“Moskvadakı məlumatlı mənbələrin bildirdiyinə görə, Azərbaycan danışıqlara hazırdır, hesab edir ki, dörd günlük müharibədə əldə etdiyi taktiki uğurlar onun danışıqlar prosesində mövqelərini möhkəmləndirib. Ermənistan isə görünür elə bu səbəbdən danışıqlardan imtina edib. Hər iki tərəf hərbi qüvvələri hər an tətbiq edə bilmək üçün hazır saxlayır”-təhlildə deyilir.

Rusiyalı analitik qeyd edir ki, Ermənistan Rusiya sülhməramlılarının münaqişə bölgəsində yerləşdirilməsini də qəbul etməyib. Rusiyaya gəldikdə isə o, Ermənistanın hərbi müttəfiqidir. Ancaq Azərbaycanı və Gürcüstanı da itirmək niyyətində deyil, Rusiya bütün regionda hökmranlıq etmək niyyətindədir və bu səbəbdən Ermənistanın kaprizlərini deyil, öz maraqlarını nəzərə almalıdır.

Təhlildə deyilir ki, görünür bu səbəbdən Rusiya Azərbaycana ən müasir hücum silahları satır, Ermənistana isə daha az miqdarda və nisbətən köhnə silahlar verir. Hərçənd ki, bu silahlar Ermənistanın nə vaxtsa ödəyəcəyi şübhə altında olan Rusiya krediti hesabına verilir.

Müəllifə görə Azərbaycanın 2 aprel hücumu ilk növbədə taktiki qələbə əldə etməyə və patriotizmi yüksəltməyə hesablanmışdı. Hər iki hədəf əldə olunub, lakin Bakının hərbi naliyyətlərini davam etdirmək istəyi də yüksəkdir. Azərbaycan müharibə hazırlıqlarında İsraillə sıx əməkdaşlıq edir, bu ölkədən 150 kilometr radiusa malik raketlər, zərbə pilotsuz uçan aparatları, müxtəlif başqa müasir silahlar alır.

“Hazırda Azərbaycan Ermənistan üzərində hərbi üstünlüyə malikdir. Aprelin əvvəllərində gedən döyüşlərdə Azərbaycan ordusu öz düşmənini alçaldaraq bir neçə dəqiq zərbə endirib və erməniləri ciddi itkilərə məruz qoyub”-təhlildə deyilir.

Pavel Felqenhauerə görə Sərkisyan siyasi baxımdan yaşaya bilmək üçün hər hansı zəiflik nümayiş etdirə bilməz, hər hansı güzəştlər barədə danışıqlar apara bilməz və yaxın zamanda Azərbaycanın uğurlarına qarşı hərbi, yaxud siyasi baxımdan müəyyən qələbə əldə etməyə çalışacaq. Görünür ötən həftə Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyinə dair qətnamə layihəsini müzakirəyə çıxarması bu cəhdlərdən biri idi. Lakin erməni tərəfi daha sonra elan etdi ki, qətnamə layihəsini dəstəkləmir və ancaq Qarabağda hərbi əməliyyatlar yenidən başlasa bu məsələyə baxacaq.

Təhlildə deyilir ki, belə vəziyyətdə hərbi əməliyyatların yenidən və daha iri miqyasda başlaması riski olduqca yüksəkdir. Və bu halda münaqişə regional xarakter ala, Rusiya və Türkiyə də ora cəlb oluna bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.