Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu ilə bağlı dünyaya göstərdiyi NÜMUNƏ
10-05-2016, 18:04
"Prezident İlham Əliyev də çıxışlarından birində son aprel hadisələrinin Azərbaycan Ordusunun regionda ən güclü ordulardan biri olduğunu göstərdiyini söylədi. Bu aprel hadisələri sanki münaqişənin istiqamətini dəyişdi. Azərbaycan bu gün artıq güc nümayiş etdirən tərəf kimi şərtlərini diktə etməyə qadirdir. Azərbaycan Ordusunun bugünkü inkişafı buna gətirib çıxarıb".
Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə istər milli təhlükəsizlik, istərsə də dövlətçilik baxımından Azərbaycan üçün ən böyük təhdidlərdən biri məhz erməni terrorizmi olacaq. Bu təhdidin qarşısını almaq üçün ilk növbədə güclü orduya malik olmaq əsas şərtlərdən biridir: "Bu məsələni Prezident İlham Əliyev daim diqqətdə saxlayır. Orduya ayrılan büdcə məbləği artırılır. Digət tərəfdən, alınan silahların hamısı yüksək keyfiyyətli, müasirdir".
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müxtəlif addımların atıldığını xatırladan A.Nağıyev deyib ki, münaqişənin həlli üçün təklif edilən bütün prinsiplərin - istər Madrid, istər Paris, istərsə də Kazan prinsipinin əsasında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması dayanmalıdır.
Politoloq hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra millətin öz müqəddəratını təyin etməsi hüququnun təmin olunması istiqamətində müvafiq addımlar atmaq olar: "Hazırkı məqamlardan ən əsası, istər sülh, istərsə də diplomatik yolla olsun, Ermənistana güc nümayiş etdirməklə onu danışıqlar masasına əyləşdirməkdir. Buna da nail olmaq üçün çox güclü orduya malik olmaq lazımdır. Çünki bu gün yalnız Ermənistanla Azərbaycan üz-üzə qalsa, münaqişəni həll etmək o qədər də böyük problem olmaz. Lakin Ermənistanın böyük havadarları var. Rusiya kimi bir dövlətin Ermənistan ərazisində müasir hərbi bazaları var. Buna görə də bunların hamısını həll etmək üçün güclü ordunun olması vacibdir. Güclü ordunun olması məhz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən mühüm amildir. Bu terrorçuları, işğalçıları danışıqlar masasına əyləşdirmək üçün onlara güc nümayiş etdirmək lazımdır. Düşünürəm ki, bunu da Prezident İlham Əliyev çox aydın şəkildə görür. Dövlət başçısı ordu quruculuğunun inkişafının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri amilini həmişə birinci şərt kimi nəzərə alır".
A.Nağıyev deyib ki, Azərbaycan Ordusunun gücü ilə yanaşı, xalqda ruh yüksəkliyinin, qələbə əzminin olduğu da dünyaya nümayiş etdirildi.
Onun sözlərinə görə, əsas məqamlardan biri Azərbaycanın dünyaya ordumuzun insan itkisi vermədən, hərbi texnikaları NATO standartlarına uyğun, uzaq məsafədən idarəetmə metodu ilə, yüksək bacarıqla idarə etdiyini nümayiş etdirə bilməsi oldu.
Ekspert hesab edir ki, Azərbaycan Prezidentinin xanımı ilə bərabər cəbhəyanı ərazilərə səfər etməsi, əsgərlərlə, erməni atəşi nəticəsində evləri dağılan Ağdam, Tərtər rayon sakinləri ilə görüşməsi insanlarda yüksək ruh yüksəkliyi yaradıb: "Serj Sarkisyan Dağlıq Qarabağ ərazisinə onu qoruyan dəstəsi ilə birlikdə, Rusiyanın helikopteri ilə gəlir. Digər tərəfdən, oraya hərbi geyimdə gedir. Azərbaycan Prezidenti xanımı ilə hərbi formada deyil, məhz mülki formada, təmas xəttinin 200 metrinə, hətta təmas xəttinə qədər gedib əsgərlərlə, sakinlərlə görüşür, verdiyi vədlərin də hamısına əməl edir. Əsas odur ki, Ordu və hakimiyyət bir yerdədir. Bu ruh yüksəkliyini heç kim dana bilməz. Bu gün hərbi xidmətə getmək üçün nə qədər müraciətlər var! Təbii ki, bunun ən böyük səbəbkarlarından biri Ali Baş Komandan kimi Azərbaycan Prezidentidir. Onun özü və ailəsi tərəfindən atılan addımlar dünya ictimaiyyətinə bir nümunə kimi göstərilə bilər. Azərbaycan Prezidentinin özünün də döyüş ruhu, qələbə əzmi olduğu üçün Azərbaycan Ordusu qələbəyə nail olacaq!"