Neftin qiyməti düşür, bəs benzin niyə ucuzlaşmır? - Ekspert səbəbləri açıqladı

26-09-2022, 16:36           
Neftin qiyməti düşür, bəs benzin niyə ucuzlaşmır? -
"Neft qiymətləri ucuzlaşır, bu gün Brent-in ən ucuz partiyası 83.45 dollara satılıb. KİV-lərin bu gün mənə ünvanladığı suallar isə əsasən Aİ-95 markalı benzinin qiymətinin ucuzlaşma perspektivləri ilə bağlıdır. 13 iyulda Aİ-95 marlakı benzinin 1 litrinin qiyməti bazar iştirakçılarının kartel sövdələşməsi ilə (çünki yüksəkoktanlı benzinlərin qiyməti rəsmən dövlət tərəfindən tənzimlənmir) bütün Azərbaycanda 2 manat təyin edildi. Həm hökumət, həm də istehlakçılar seyrçi mövqe tutdular. Yəni hökumət bunun bazarda inhisar halı olmasını heç araşdırmadı".
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu fikirləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban öz sosial media hesabında paylaşıb.
O qeyd edib ki, bu məsələyə istehlakçılar da etiraz etməyiblər:

"Yəni olan budu, alırsan al, almırsan maşınına milli istehsal olan 92-i vur. Xeyli istehlakçı elə sonuncu yolu tutub. Çünki Aİ-95-in satışları ötən illə, əsasən də 2020-ci illə müqayisədə xeyli azalıb. O zaman KİV-lər nə yazırdı? Bəs, dünya bazarında neftin qiyməti 100-ü aşıb, ona görə də idxal benzininin qiymətindəki artım da obyektivdir.
İndi də KİV-lər diqqəti ona çəkir ki, bəs, dünya bazarında neftin qiyməti 85 dollardan aşağı düşüb, bu, özünü Aİ-95 və Aİ-98-in qiymətlərində göstərəcəkmi?
Məntiqlə göstərməlidir. Çünki hələ sentyabrın 7-də Brent markalı neftin qiyməti ilk dəfə olaraq 86 dollardan aşağı qiymətə ticarət edilməyə başlamışdı. Düzdür, sonrakı günlərdə 93-94-ə qədər yüksəlsə də, amma sentyabrın 22-dən 90 dollardan aşağı qiymət diapozonunda ticarət edilir".
İ.Şaban yanacaq bazarında real rəqabət mühitinin olmadığına da diqqət çəkib:
"Azərbaycanda yanacaq bazarında (o cümlədən idxalda) REAL rəqabət mühiti olsaydı, təbii ki, hər YDM-də alıcılar müxtəlif qiymətlər görə bilərdilər və bu, daim üzü yuxarı gedən qiymətlər olmayacaqdı.
Mən illərdir təkrar edirəm: nədən sayı 900-ü adlamış YDM-lərdən birinin ağlına gəlməyib ki, dövlət tərəfindən tənzimlənməyən kateqoriya yanacağı öz qonşusundan 1 qəpik ucuzuna satsın? Və ya baha!
Rəqabət nədir - taksi xidmətlərində görürük. Bəs yanacaqda niyə olmasın? Rəqabət bir yana heç hökumət açıqlamır ki, bazarda 1 manata satılan benzindən gələn gəlir necə bölüşdürülür: istehsalçıya nə qədər çatır, daşıyana və satana və hər litr yanacaqdan dövlətin büdcəsinə nə gəlir?
Axı dövlət tərəfindən tənzimlənən bazarda belə şeylər kommersiya sirri ola bilməz? Xaricdə dövlətin tənzimləmədiyi bazarda belə bu məlumatlar açıqdır. Özü də qonşularımız Türkiyə və Rusiyada".
Ekspert daha bir maraqlı məqamı açıqlayıb:
"Azərbaycana 2022-ci ilin I yarısında ölkəyə idxal zamanı 1 ton Aİ-95 markalı benzinin qiyməti 978,17 dollardan rəsmiləşdirilib. Amma Aİ-92 markalı benzinin 1 tonu daha baha idxal edilib - 1149,84 dollar.
Siz təəccüblənməyin. Bu ilin ilk yarısında Azərbaycan bilirsiniz, nə qədər aşağı oktanlı benzin idxal edib? Rəsmi statistikaya görə, 150,8 min ton və bunun üçün 173,4 mln dollar vəsait xərclənib.
Elə bilməyin ki, Aİ-92 markalı benzinin idxalı H.Əliyev adına NEZ-da aprelin 4-dən mayın 25-dək davam edən təmirlərlə əlaqəlidir. Bəli, əlaqəsi var, amma tam yox. Çünki cari ilin ilk rübündə, təmirdən əvvəl Azərbaycan 50 min tondan çox Aİ-92 markalı benzin idxal etmişdi, İİ rübdə isə bu həcmlər 100 min tona çatıb. Elə iyulda da idxal olub. Bilirsiniz nə qədər? Gündə 1,5 milyon litr!!!
Əgər Aİ-92 markalı benzini ölkəyə gətirmək belə baha başa gəlirsə, onda nədən Aİ-95-in qiymətini aşağı salıb onun satış həcmlərini artırmağı düşünmür bizim dövlət tərəfindən tənzimlənməyən bazarımızı TƏNZİMLƏYƏN oyunçular?"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.