Hazırda gedən prosesin mahiyyəti qısa şəkildə belə izah oluna bilər - dövlət öz vəsaitini geri istəyir.
14-05-2015, 21:41
Son günlər mediada bəzi iş adamlarının istintaqa cəlb edilməsi və həbsi ilə bağlı ziddiyyətli xəbərlər yayılır.
APA-nın apardığı araşdırma nəticəsində bəlli olub ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən külli miqdarda ictimai vəsaitin mənimsənilməsi və dələduzluq faktları ilə bağlı cinayət işi başlanılıb.
Araşdırmalar zamanı bəlli olub ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək, qaytarmayıblar. Yaranmış kredit borcları faizləri böyük məbləğdə ölçülür.
Məlumata görə, bəzi iş adamları ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyindən, o cümlədən bankların iş adamlarına yüksək məbləğdə kredit tranşları açmasından sui-istifadə edərək, müxtəlif həcmdə vəsaiti kredit şəklində götürüb, onları qeyri-istehsal sahələrinə yatırıb, bir hissəsini isə mənimsəyiblər.
İstintaq araşdırmaları nəticəsində ciddi kredit borclarını qaytarmaqdan boyun qaçıran və müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışan iş adamlarından bəziləri barəsində həbs qətimkan tədbiri seçilib.
Artıq Nərimanov rayon Məhkəməsi tərəfindən "PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev və daha bir neçə nəfər barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Bu şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məlumatlara görə, istintaqa cəlb edilənlər arasında "Avesta" Holdinqin təsisçisi Hacı İbrahim İbrahimli (Nehrəmli), sabiq deputat, "Globus Plaza"nın sahibi Dünyamin Xəlilov, "AAAF İnşaat" MMC-nin rəhbəri Tofiq Heydərov, "Oceanstream INC” və “General Construction” MMC-nin təsisçisi Xaqani Bəşirov da var.
İbrahim İbrahimlinin mayın 13-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə vermək üçün dəvət edildiyini onun qardaşı Natiq İbrahimov da APA-ya təsdiqləyib.
Məlumata görə, kredit götürmüş və müxtəlif bəhanələrlə onun qaytarılmasından boyun qaçıran şəxslərdən 14-ü artıq həmin vəsaiti ödəyib və sərbəst buraxılıb.
Qeyd edək ki, Bayraq Meydanının sabiq müdiri Rəşad Məmmədovla bağlı da Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. Lakin bu cinayət işinin kredit borcu yaranmış iş adamları ilə bağlı aparılan istintaqa aidiyyəti yoxdur. Bu cinayət işi Bayraq Meydanı ərazisində aparılmış söküntü işləri zamanı baş vermiş maliyyə pozuntuları və "Azİmport" şirkətinin qanunsuzluqları ilə bağlıdır.
Belə sahibkarlıq olurmu?
Sosial şəbəkələrdə bəzi müxalifətçilər və media orqanları baş verənləri "Azərbaycanda sahibkarlığa və iş adamlarına hücum" kimi dəyərləndirir. Yanaşmanın özündə bir məntiqsizlik var, çünki
a) iş adamı olmaq həmin şəxsə toxunulmazlıq hüququ vermir;
b) qanunvericiliyin tələbləri peşəsindən asılı olmayaraq bütün insanlara tətbiq edilir;
c) saxlanan şəxslər sahibkarlıqla məşğul olduqlarına görə deyil, əslində məşğul olmadıqlarına, dövlətdən bu məqsədlə aldıqları vəsaiti qanunsuz yolla mənimsəmək şübhələrinə görə həbs olunublar;
d) bankdan kredit götürüb mənimsəmək, dövlət subyekti (indiki situasiyada bank) qarşısında öhdəliyini yerinə yetirməmək, kredit tərəfdaşını pis vəziyyətdə qoymaq, aldığı krediti heç bir istehsal sahəsinə yatırmamaq qanunvericiliyin tələblərinin pozulması deməkdir;
e) bankdan kredit götürüb mifik layihələrə, heç bir gəlir imkanı olmayan daşınmaz əmlaka yatırmaq sərmayə qoyuluşu deyil, sərmayənin mənimsənilməsidir...
Bu adamlar sadəcə banklardan aldıqları və geri qaytarmağı planlaşdırmadıqları milyonlar hesabına lüks həyat yaşayıb, varlanıb, təyyarələr, özəl mülklər və binalara sahib olub, təmtəraqlı həyat sürüblər. akin onların bizneslərinin gəliri həyat tərzlərinə adekvat olmayıb. Külli miqdarda kreditlər alıb, sonra isə onu qaytarmağı ağıllarından belə keçirməyən bu şəxslər eyni zamanda dövlət qarşısında əsas öhdəliklərindən birini yerinə yetirməyib, vergi ödəməyiblər.
Hazırda gedən prosesin mahiyyəti qısa şəkildə belə izah oluna bilər - dövlət öz vəsaitini geri istəyir. Ən əsası ciddi humanizm nümayiş etdirərək, kredit borcunu ödəyən iş adamlarını sərbəst buraxır. Dövlətlə sahibkar arasında münasibətlərin mahiyyətində tək qarşılıqlı münasibət durur - öhdəliklərin yerinə yetirilməsi. Dövlət sahibkarlığın inkişaf etdirilməsi, iqtisadi inkişafın təmin olunması öhdəliyinə sadiqdir. Bu öhdəliyi yerinə yetirmək üçün iş adamlarına güzəştli kreditlər verir, rəsmi qurumlara iş adamlarına münbit şərait yaradılmasını tapşırır. İş adamı həmin krediti təyinatı üzrə xərcləməyib mənimsəyirsə, dövlətin vəsaiti geri istəməsi niyə sahibkarlığa qarşı hücum kimi dəyərləndirilməlidir? Yəni, məsələnin mahiyyətində yalnız yerinə yetirilməyən öhdəliklər dayanır. Mənimsəmənin istintaqla araşdırılması hüquq-mühafizə orqanlarının vəzifəsidir.
Hazırda baş verən proses sahibkarlığın inkişafı üçün əsas stimul olan bankların normal fəaliyyətini təmin etmək, kredit borclarının qaytarılmasına və maliyyəsinin miqdarından asılı olmayaraq hər kəsin qanun qarşısında cavab verməsinə nail olmaqdır.
Bu da faktlar!
Azərbaycan Prezidentinin iradəsinə əsasən son 2-3 il ərzində dövlət qulluğundan sui-istifadə edən və vəzifə səlahiyyətlərini aşan vəzifəli şəxslərin, yaxud da onların konkret cinayət əməli törətmiş ailə üzvlərinin məsuliyyətə cəlb olunması ilə bağlı sərt tədbirlər həyata keçirilib.
2013-cü ildə İsmayıllı rayonunda baş vermiş hadisələrdən sonra rayonun icra başçısı Nizami Əkbərov və onun qardaşı, əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov vəzifələrindən azad olunmuşdular.
Ötən ilin sentyabrında sərxoş halda avtomobil idarə edərək, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun atası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Mübariz Mədətov isə hadisədən dərhal sonra vəzifəsindən azad edilib.
Bu il aprelin 10-da isə Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında adam bıçaqlayan Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur. Qeyd edək ki, T. Əsədullayevi istintaqa Şərif Əsədullayevin özü təhvil verib.
Bu il martın 31-də isə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov oğlu Ceyhun Səfərovun qanunsuz əməllərinə görə işdən çıxarılıb. C. Səfərov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.
Bu il mayın 12-də isə Bakının Səbail rayon İcra Hakimiyyəti başçısının Asif Əsgərovun oğlu, ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Əsgərli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bütün bu faktlar onu göstərir ki, Azərbaycan hakimiyyəti qanun pozuntularına dözüm göstərmək fikrində deyil. Baş verənlər hakimiyyətə qarşı ittihamının əsassız və qərəzli olduğunu bir daha göstərir. Kiçik bir misal - milyonlarla dollar qrant vəsaitini mənimsəyən QHT rəhbərindən də, külli miqdarda dövlət vəsaiti mənimsəyən iş adamından da hesab sorulur. Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qəza törədən qızı da həbs olunur, Səbail rayon İcra Hakimiyyəti başçısının qəza törədən oğlu da. Burada hansı ayrı-seçkilikdən, siyasi sifarişdən söhbət gedə bilər? Qanun hamıyla eyni davranır. Dünənə kimi qanunun "hamıya eyni davranmasını davasını döyənlər", "bu kredit oliqarxlarından narazılar" indi qanunun hamıyla eyni davranışına niyə etiraz edirlər? Məntiq hardadır?
Digər tərəfdən bu, müxalifətin qanunun tərəfində deyil, qanunsuz yolla külli miqdarda vəsait qazanmış, buna görə həbs olunmuş şəxslərin yanında olmasına, onları müdafiə etməsinə dair ilk fakt deyil. Onlarla belə fakt söyləmək olar. Təkcə onu demək kifayətdir ki, dövlət çevrilişinə cəhddə və külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Fərhad və Rafiq Əliyevlərin hüquqlarını AXCP sədrinin müavini, sonradan müxalifətin prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənli müdafiə edirdi. Müxalifətin korrupsiya faktlarına görə həbs olunan şəxslərin müdafiəsinə qalxması öz maddi maraqlarını təmin etmək məqsədi daşıyır, “demokratiyaya basqı var”, “sahibkarlara hücum var” qışqırtıları bu gerçək məqsədlərini ört-basdır etmək üçündür.
Məhz bu kontekstdən yanaşaraq, baş verənlər mənimsəmənin istintaqla araşdırılmasıdır ki, bu da hüquq-mühafizə orqanlarının vəzifəsidir. Əslində söhbət sahibkarlığın inkişafı üçün əsas stimul olan bankların normal fəaliyyətini təmin etməkdən, kredit borclarının qaytarılmasını və maliyyəsinin miqdarından asılı olmayaraq hər kəsin qanun qarşısında cavab verməsinə nail olmaqdan ibarətdir.