Rusiyanın oğurluq “Airbus” və “Boeing”ləri - Sanksiyalara baxmayaraq, uçurlar

2-03-2023, 00:09           
Rusiyanın oğurluq “Airbus” və “Boeing”ləri -
Ukrayna müharibəsinin başlamasından bir il ötməsinə baxmayaraq, Rusiya aviadaşıyıcı şirkətləri 467 ədəd “Airbus” və “Boeing” sərnişin təyyarələrinin istismarını davam etdirirlər.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı məlumat yayan “Bloomberg” nəşri müharibədən əvvəl Rusiyada belə təyyarələrin sayının 544 ədəd olduğunu yazır.

Məlumatdan göründüyü kimi, Rusiyanın istismar etdiyi sözügedən təyyarələrin sayı o qədər də kəskin şəkildə azalmayıb. Məlum olduğu kimi, adı çəkilən aviaşirkətlərin Rusiyada fəaliyyətinə sanksiyalar səbəbindən qadağa qoyulub. Rusiya isə böyük hissəsi icarəyə götürülmüş həmin təyyarələrin sahiblərinə qaytarılmasına qadağa qoyub. Nəticədə faktiki olaraq, bu təyyarələr oğurluq sayılır. Bu isə həmin təyyarələrin texniki, proqram, eləcə də ehtiyat hissələri təminatında problemlər yaradır. Buna baxmayaraq, Rusiya tərəfi təyyarələrin istismarını davam etdirə bilir.

Ekspertlər hesab edirlər ki, Rusiya həmin təyyarələr üçün lazım olan ehtiyat hissələrini digər “dost ölkələrin” əli ilə almağa nail olur. Lakin yazıda qeyd olunur ki, “qara yollarla” ehtiyat hissələri əldə olunsa da sözügedən təyyarələrin idarəetmə proqramlarının yenilənməsi və digər texniki işlər həyata keçirilmədiyindən, onların təhlükəsizliyi məsələsi getdikcə daha çox sual doğurmağa başlayır.

Buna baxmayaraq ki, Rusiyanın daxili uçuşlarının sayı ötən illə müqayisədə cəmi 15 faiz azalıb. Xarici ölkələrə gəlincə, ABŞ və Avropa ölkələrinə yolu bağlanan Rusiya aviadaşıyıcıları əsasən MDB ölkələrinə, eləcə də Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Tailand kimi ölkələrə uçuşlar həyata keçirə bilirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.