Avtomobil hansı halda cərimə meydançasına aparıla bilər? - Qanuna görə...

6-08-2023, 14:44           
Avtomobil hansı halda cərimə meydançasına aparıla bilər? -
Sürücüləri maraqlandıran suallardan biri də avtomobilin mühafizə olunan dayanacağa - cərimə meydançasına aparılmasıdır. Avtomobil hansı hallarda cərimə meydançasına aparıla bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov TNS-ə bu sahədə qanunu şərh edib. Bu məsələnin İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi ilə tənzimləndiyini deyən ekspert əlavə edib ki, burada söhbət sürücünün nəqliyyat vasitəsindən kənarlaşdırılmasından gedir: “Avtomobilin mütləq cərimə meydançasına aparılması şərt deyil. Fikrimcə, avtomobilin üzərinə həbs qoyulursa, cərimə meydançasına aparıla bilər. Amma 96-cı maddədə göstərilən qaydada sürücü avtomobildən kənarlaşdırılırsa, avtomobilin cərimə meydançasına aparılmasını məntiqli hesab etmirəm”.

Eldəniz Cəfərovun fikrincə, sürücü icazə vermədiyi halda yol polisi avtomobilə əyləşib nəqliyyat vasitəsini cərimə meydançasına apara bilməz: “Sürücü belə vəziyyətdə sürücülük etibarnaməsi olan ailə üzvlərindən, yaxın qohumlarından bir şəxsi çağıra, yaxud evakuator xidmətindən istifadə edərək avtomobili yaşadığı əraziyə apara bilər. Çünki bəzən avtomobildə nasazlıq olur. 96-cı maddədə isə nəqliyyat vasitəsinin bu halda sürülməsi qadağan olunur. Lakin bu o demək deyil ki, avtomobil cərimə meydançasına aparılmalıdır”.

Ekspert hesab edir ki, müvafiq maddədə ciddi dəyişikliklərə ehtiyac var: “Misal üçün dayandırılmış nəqliyyat vasitəsinin qeydiyyat ban nömrəsi ilə şəhadətnamədə olan rəqəmlər düz gəlmədikdə, avtomobil yoxlama üçün cərimə meydançasına aparıla bilər. Amma nasazlığı olan maşın cərimə meydançasına aparılıb, təbii ki, təmir olunası deyil. Burada hər bir hal üçün prosedur qaydaları nəzərdə tutulmalıdır. Amma təəssüf ki, bütün bunlar 96-cı maddədə ümumi olaraq tənzimlənir. Hesab edirəm ki, baş verən hər bir hadisəyə individual yanaşılmalıdır. Bundan başqa, nəqliyyat vasitələrinin yaxın bir ərazidə olan və mühafizə edilən duracaqda saxlanılması da məcəllənin 97.1-ci maddəsində qeyd edilib. Əgər fors-major durum yaranıbsa, misal üçün, qəza olubsa, avtomobillər müvəqqəti duracağa aparılır. Yaxud nəqliyyat vasitələrinin sahibləri orada deyilsə, avtomobil hərəkətə maneə olursa, avtomobilin sahibi olmadan nəqliyyat vasitəsinin ərazidən uzaqlaşdırılıb cərimə meydançasına aparılması mümkündür".

TNS-in mövzu ilə bağlı sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli qeyd edib ki, avtomobil İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsində nəzərdə tutulan hallarda cərimə meydançasına aparıla bilər:

- şəxsin nəqliyyat vasitəsini idarəetmə hüququ və nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda;

- nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları olmadıqda və ya saxta qeyri-standart dövlət nişanları ilə idarə edildikdə;

- nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi şəhadətnaməyə uyğun gəlmədikdə;

- nəqliyyat vasitəsi alkoqol, narkotik vasitə və psixotrop maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə əsas verən şəxs tərəfindən idarə olunduqda (Lakin onunla birlikdə gedən şəxsin nəqiyyat vasitəsini idarə etmək hüququ varsa, bu nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilə bilməz);

- nəqliyyat vasitəsində xüsusi normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda;

- xüsusi çoxavazlı səs və sayrışan işıq cihazları ilə təchiz edildikdə (Lakin bu pozuntuları yerində aradan qaldırmaq mümkündürsə, maşın cərimə meydançasına aparıla bilməz);

- məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının qərarı varsa, inzibati cərimə barədə qərar 2 ay müddətində icraat edilmədikdə (Bu halda isə sizin cəriməni yerindəcə ödəməyiniz maşının cərimə meydançasına getməsinin qarşısını alacaq);

- yüklənən iri qabaritli və ağır çəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında qanunvericiliyə zidd şəkildə hərəkət etdikdə.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.