Facebook-un dərdi nədir?

6-12-2023, 10:44           
Facebook-un dərdi nədir?
Hamı məhdudiyyətlərdən gileylidir, mütəxəssis isə bunun siyasi məqsədlərlə edilmədiyini deyir
Son zamanlarda istifadəçilərin Facebook platforması ilə bağlı narazılıqları çoxalıb. Ən çox da
siyasi motivli postlarla bağlı “Facebook” ya istifadəçi profillərini, səhifələrini bloklayır, ya da
onların postlarının geniş auditoriyaya çatmasını məhdudlaşdırır. İstifadəçilər isə iddia edirlər ki,
bu, Facebook-un Azərbaycandakı CDN serverlərinə müdaxilə ilə bağlıdır. Qeyd edək ki, bu
günlərdə Facebook-un ana şirkəti Meta Platforms, Inc.-in 5 il qabaq CDN serverlərini
Azərbaycanda da yerləşdirmək barədə AzərTelkom MMC ilə anlaşdığı barədə sosial
şəbəkələrdə məlumat yayılıb.
İşin narahatlıq doğuran başqa bir tərəfi bu sosial şəbəkələrdə Kütləvi İnformasiya Vasitələrinə
məxsus səhifələrin yayım imkanlarının məhdudlaşdırılmasıdır. Bəzi istifadəçilər bunu sosial
şəbəkələrin, xüsusilə Facebook-un ictimai-siyasi məzmunlu paylaşımlara məhdudiyyət qoyan
alqoritmlə işləməsi ilə izah edirlər. Belə bir rəy də var ki, Azərbaycanda yerləşdirilmiş CDN
serverlərinə müdaxilə yolu ilə ölkəmizə aid seqmentdə məqsədli şəkildə tətbiq olunur.

Problemin əsl səbəbi nədir? Həqiqətənmi bu resursun işinə məhz ölkəmizdə, yaxud, lap elə
başqa hansısa ölkədə siyasi arqumentlərlə müdaxilə etmək imkanı mövcuddur? Yoxsa bu,
yalnız alqoritm problemidir?
“Beynəlxalq sosial şəbəkələr müntəzəm olaraq təkmilləşir və onlarda insan faktoru, insan
tədqiqatı aradan çıxır, yerini süni intellektə verir”.
Bu sözləri Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi
Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasov Pressklub.az-a açıqlamasında bildirib.
Müsahibimiz deyir ki, artıq böyük şəbəkələri idarə etmək üçün operatorlar saxlamaq əlverişli
deyil. Bunun üçün də orda qərar qəbul etmə mexanizmi süni intellektə keçir.
“Orada qeyri-etik sözlərə, ifadələrə və siyasi motivlərə qarşı müəyyən filtrlər var. Beynəlxalq
platformalar daha çox siyasi motivlərə girməməyə çalışırlar. Çünki bu, onların reputasiyasi
üçün böyük əngəldir. Bu baxımdan, həmin şirkətlər üçün korporativ məqsədlər daha ön planda
olur. Məsələn, bir postun önə çıxması daha çox oradakı korporasiyanın marketinq
strategiyalarına uyğun olmalıdır. Təbii ki, bunun üçün də müəyyən qədər pul verməlisiniz ki,
daha çox insana çıxış edəsiniz”.
Elvin Abbasov deyir ki, orada məşhur “göy işarə” kimi korporativ məqsədlər güdən marketinq
motivləri və çalarları var. Əlavə edir ki, Facebook-un insanların qarşısına çıxardığı çətinlikləri
aşmaq mümkündür: “Bunları aşmaq mümkündür, amma o qədər də əlverişli deyil. Yəni, bir
postu aşarsan, iki postu aşarsan. İnsanlar öz xeyirləri və reklamları üçün sosial şəbəkələrdən
istifadə etmək istəyirsə, təbii ki, ora ödəniş etməlidirlər. Bu, çox məntiqlidir. Çünki şirkət böyük
investisiya edir, bu sistemləri qurur və təkmilləşdirir”.
Mütəxəssis bildirir ki, Facebook-un filtrlərində siyasi motivlərin bu şəbəkədə yer almaması üçün
alqoritmlər var. Məqsəd isə insanların bu platformanı əylənmək və asudə vaxtlarını keçirmək,
şəxsi bacarıqlarından orada yazmaq üçün istifadə etməsini stimullaşdırmaqdır.
“Yəni, sosial şəbəkələr o qədər də arzu etmirlər ki, orada siyasi motivlər olsun. Bildiyiniz kimi,
bir neçə il əvvəl “Ərəb baharı” kimi siyasi təlatümlər oldu ki, orada sosial şəbəkələr üzərindən
birləşmə, toplaşma taktikası quruldu və dünyanın bir neçə ölkəsində ardıcıl olaraq, bu tipli
siyasi çaxnaşmalar baş verdi. Hətta Trampın seçkilərində də Twitter üzərindən böyük oyunlar
getdi. Və bunların hər birinin qarşısını almaq üçün sosial şəbəkələr siyasi motivləri daha çox
məhdudlaşdırır. Amma bu o demək deyil ki, Facebook hansısa bir ölkənin mövqeyini
dəstəkləmək, digər hansısa ölkənin mövqeyini vurmaq istəyir. Əksinə, çalışılır ki, siyasi
motivlərin qarşısı tamamilə alınsın”.
Mütəxəssis filtrlər barədə danışarkən onu deyir ki, Facebook-dakı süni intellekt filtrləri hansısa
şəxsin öz bacarığı haqqındamı post paylaşır, yoxsa siyasi motivli post yazır: “Artıq filtrlər süni
intellekt tərəfindən idarə olunur. Yəni, hər hansı bir status siyasi məzmunludursa, qeyrietikdirsə, şikayət olunduğu halda qısa bir müddət ərzində süni intellekt vasitəsi ilə qarşısı
alınır. Şikayət çox böyüsə, o zaman insan faktoruna keçilir. Yəni problemi insan araşdırmağa
başlayır. Amma bütün hallarda, çalışırlar ki, insan faktoru olmasın, süni intellekt əvvəlcədən

təyin olunmuş alqoritmlər əsasında həll edə bilsin. Bu baxımdan, sosial şəbəkələrin mahiyyəti
getdikcə daha çox qəlizləşir”.
Elvin Abbasov deyir ki, məsələn, Amerikada, yaxud Avropanın hansısa ölkəsində qeydiyyatda
olan sosial şəbəkələr var. Yəni, onların vergi sistemində qeydiyyatdan keçib, onlara vergi ödəyir,
o ölkənin qanunlarına tabe olan sosial şəbəkələrdir: “Birmənalı olaraq deyirəm ki, sosial
şəbəkələr hər bir ölkənin qanunvericiliyinə və ya siyasi oyunlarına adaptasiya ola bilməz.
Çünki sosial şəbəkələrin alqoritmləri elədir ki, hər bir ölkə üçün fərqli bir alqoritm, fərqli bir
hədd qoya bilmirlər. Qlobal yanaşma var, hamı ortaq bir yerə gəlmək məcburiyyətindədir. Hər
kəs anlayır ki, sosial şəbəkələr hər ölkənin qanunvericiliyinə və onların siyasi oyunlarına tabe
ola bilməz”.
Müsahibimiz eyni zamanda maraqlı bir məqama toxunur. Deyir ki, beynəlxalq ictimaiyyət üçün
ortaq maraqlar məsələsində sosial şəbəkələr tərəflərdən birinə daha çox diqqət ayırır. Məsələn,
Ukrayna və Rusiya arasındakı münasibətlərdə daha çox Ukraynaya dəstək verirlər: “Bu,
beynəlxalq miqyaslı bir problemdir, burada beynəlxalq ictimaiyyət üçün ortaq olan maraqlar
var. Amma bizim məsələmizdə bir az fərqli vəziyyət yarandı. Azərbaycanla Ermənistanın
arasında baş vermiş hadisələrdə beynəlxalq icma, siyasi maraq dairələri daha çox
Ermənistanın tərəfini tutmağa meylli idi. Məhz beynəlxalq hüquq Azərbaycanın tərəfində
olduğu, ölkəmiz haqlı mövqedə olduğu üçün sosial şəbəkələr bu məsələyə qarışa bilmədilər.
Qlobal rəy Azərbaycan tərəfindən çıxış etmək məcburiyyətində idi. Erməni lobbisi nə qədər
çalışsa da, bunun qarşısını ala bilmədi. Buna görə sosial şəbəkələr bu məsələyə qarışmadılar.
Amma Ukrayna və Rusiya məsələsində qarışırlar”.
Nəhayət, serverlər məsələsinə gələk. Müsahibimiz deyir ki, istər “Amazon”, istər Facebook,
istərsə də başqa böyük platformalar Azərbaycanda hər hansı bir server yerləşdirsələr belə,
onların serverlərindəki kodlar Azərbaycan hökuməti üçün əlçatan deyil, şifrələnmişdir: “Bu o
deməkdir ki, Azərbaycanda heç bir şirkət, mütəxəssis və ya qurum oraya müdaxilə etməyi
bacarmaz. O alqoritmi, o şifrə və kodları aça bilsə, elə xaricdəkini də rahatlıqla edə bilər. Ona
görə də belə iddiaları doğru saymıram”.
Belə. Mütəxəssis müdaxilə iddialarını haqlı saymır. Amma fakt faktlığında qalır. Şou, yüngül
məzmunlu paylaşımlar, əyləncə xarakterli kontent daha geniş əhatə dairəsi qazanır, nəinki ciddi,
problematik məzmunlu postlar.
Biz də eksperiment etmək qərarına gəldik. Bu yazını Facebook-dakı “Press Klub” adlı korporativ
səhifəmizdə paylaşacağıq. Məhdudiyyətin oldub-olmadığını biz də görəcəyik, oxucularımız da…
Mədinə Useynov
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.