“Emin Əmrullayev, bu videoya görə büdcədən nə qədər pul sildiniz?” – Jurnalistlər Təhsil Nazirliyinə qarşı

15-03-2024, 19:23           
“Emin Əmrullayev, bu videoya görə büdcədən nə qədər pul sildiniz?” – Jurnalistlər Təhsil Nazirliyinə qarşı
İctimai Televiziyada təhsil problemləri və jurnalist münasibətləri mövzusunda guya sosial səciyyəli videoçarx yayımlanıb.

TEREF xəbər verir ki, “dərin mənalı” videoçarx ölkə jurnalistlərində böyük hiddət doğurub.

Bunu jurnalistlərin sosial şəbəkələrdəki paylaşımlarından və mövzu ətrafında açılan geniş diskussiyadan da görmək mümkündür. Həmkarlarımız bu təşəbbüsü “həyasızlığın pik həddi” adlandırıblar.

Repotyor.info saytının baş redaktoru Arifə Əliyeva birbaşa elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib: “Hörmətli Emin Əmrullayev, bu mənasız videonun əmələ gəlməsinə büdcədən nə qədər pul silmisiniz? Sizin yarıtmaz təhsil idarəçiliyinizə görə qızımın sinifində 47 şagird təhsil alır. Ona görə də məcbur olub boğazımızdan kəsib, uşaqları repetitor yanına göndəririk”.

HAŞİYƏ. Videoçarxda xanım müəllimlə jurnalistin məktəbin foyesində şagirdlərin qarşısında mübahisəsi əks olunub. Daha doğrusu, məktəbə müsahibə almaq üçün gəldiyini deyən və “niyə məktəbliləri tərbiyə etmirsiniz” sözlərini aramsız təkrarlayan jurnalistin simasında müəllim bütün qələm əhlini ittiham edir, onu imla yazdıracağı ilə hədələyir, jurnalist isə onun qarşısında kəkələyir.

Ssenaristin analitik təfəkkürünə isə yalnız “qibtə” etmək olar. Müəllimin prokurorsayağı “Səsinizin tonunu aşağı salın, sizə dedim. Bura məktəbdir. Jurnalistsiniz, lap yaxşı. İndi qabağınıza (qarşınıza da yox – red) bir kağız qoydurub, sizə imla yazdıraram. Görüm necə yazacaqsınız? Müsahibə götürməyə gəlmisiniz, lap yaxşı. Əvvəlcə bir imla yazın görək” sözləri lap keçmiş müdafiə naziri Rəhim Qazıyevin tənqidi sual verən jurnalistə “İndi səni cəbhəyə əsgər apararam ha” təhdidini xatırladır.

Videoçarxda müəllimin dilindən səsləndirilən “İndi uşaqdılar, savaşıblar-vuruşublar, sabah da barışarlar. Biz də bir valideyn kimi, müəllim kimi onlara öyüd-nəsihət verərik. Sabah da hər şey yaxşılıqla qurtarar. Amma siz, sizin kimi insanlar bu uşaqları bütün ölkənin qabağında mühakimə edirlər. Guya burada nə böyük iş baş verib? Bir terror hadisəsi və ya ölüm hadisəsimi baş verib?” sözləri Əhməd Əhmədov faciəsindən dərs alınmadığını göstərir.

Müəllimin yüksək tonda “Bu vaxta qədər heç görməmişəm ki, bir icra başçısından, başqa bir məmurdan bu tonda müsahibə götürəsiniz. Amma iş məktəbə gələndə hamınız şirə-pələngə dönürsünüz. Nə məsələdir ha?” çağırışını isə, açığı, biz də başa düşmədik. Əcəba, bunu efirində yayan İTV nə demək istəyir?! İkincisi, məgər ifşaya layiq məmurların üzərinə cəsarətlə gedən elə jurnalistlər deyilmi?

İmla yazmağa gəldikdə, bilirik ki, bu, Emin Əmrullayevin yaralı yeridir. “Bəzi müəllimlər öz fənnini bilmir” və ya “Onların arasında “şaftalı” sözünü belə yaza bilməyən müəllimlər var” fikirlərini biz deməmişik. Bunu elm və təhsil naziri Emin Əmrullayev öz brifinqlərində deyib.

Yəqin ki, İTV-nin baş direktoru Balakişi Qasımovun bu məsələ ətrafında açılmış müzakirələrdən xəbəri var. Əgər ona məruzə edilməyibsə, biz bir daha bəzi həmkarlarımızın fikirlərini ona çatdırmağı özümüzə borc bilirik.

Bahəddin Həzi: “Təhsildəki problemi jurnalistlər yaradıb?! Bir Elm və Təhsil Nazirliyi qalmışdı jurnalisti aşağılamayan. İnana bilmirəm, inanmaq istəmirəm ki, bu, ETN-nin yaradıcılığı olsun. Elədirsə, çox təəssüf! Bu, nə videodur belə?! Məktəbdə uşaqların dalaşıb-dalaşmaması jurnalistin imlasından qaynaqlanıb?! İmla yaza bilməyən jurnalist varsa, deməli, təhsil sistemi ona bunu öyrətməyib. Bir də ki əsl jurnalist də, əsl müəllim də bir-biri ilə o tonda danışmır. Həm də uşaqların yanında.

Bir az inandırıcı olun, cənablar və xanımlar. Sanki sözləşibsiniz, bir ordu kimi gəlirsiniz medianın üstünə. Amma bir probleminiz olan kimi qaçırsınız jurnalistin üstünə. İTV bunu yayıb. İTV-nin özü jurnalistikanı təmsil etmirmi?! Jurnalistlər bu filmlə özlərini aşağılamış olur. Niyə axı?! Nə baş verir?! Müəllimin efirə çıxmağı qəbahət kimi təqdim edilir. Nədir bu?! Videoçarxmış! Çarxımız çönüb, deyəsən.

Bəli, təhsildə də qüsurlar var, mediada da. Amma bu qüsurları düzəldək deyərkən, daha böyük qüsurlara yol veririk. Bu videoya baxan uşaq nə müəllimə hörmət edər, nə jurnalistə, nə bütövlükdə cəmiyyətə. Bir-birimizin üstünə qışqıra-qışqıra problem həll edirik?!”.

Xalid Kazımlı: “Bu, nə düşük söhbətdir? Müəllimə dirəşib ki, jurnalist imla yazmalıdır. Görünür, bu kadrı çəkənlər hələ İNŞA ilə İMLA-nın fərqini bilmirlər. İnşanı adam özü öz başından yazır, imlanı isə söz-söz, heca ilə deyirlər, şagird də oturub yazır. Klip çəkəndə də düz-əməlli bir şey çəkin. Xirtdəyə qədər zibilin içindəsiniz, hələ jurnallistə imla yazdırmaq istəyirsiz?”

Fərid Şahbazlı: “İTV-nin və Elm və Təhsil Nazirliyinin mediaya qarşı açıq düsmənliyi və hörmətsizliyi anlaşılan deyil. Çox ayıb bir video olub”.

Bəxtiyar Füruzə: “Düz deyir. İndi jurnalistlərin əksəriyyəti imla yazacaq səviyyədə deyillər. Acı olsa da, gerçəkdir. Ən acınacaqlısı isə budur ki, tənqid etdikləri jurnalistləri bu təhsil sistemi yetişdirib. İmla yaza bilən jurnalist arzulayırlarsa, normal təhsil sistemi qursunlar. Bunu isə bacarmayacaqlarına əminəm, çünki özləri də imla yazmağı bacarmırlar”.

Vüqar Sadıqov: “HamıVIZ… Görək növbəti videoçarxda hansı ləhcədə danışacaqlar?”.

Yeri gəlmişkən, Mətbuat Şurasının sədri Rəşad Məcid məlum videonu qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsi, uğursuz cəhd və təxribat adlandırıb.

“O ki qaldı videodakı dialoqa – müəllimin olduqca aqressiv və qəddar bir tonda danışması, məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistkaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir”.

Onun fikrincə, həmin serialı ərsəyə gətirən prodakşn iki fərqli peşə sahibləri arasında gərginlik yaratmaqla yanaşı, bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyub:

“Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq”. (konkret.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.