Yanlış qidalanma, hərəkətsiz həyat - Şəkərli diabetdən necə qorunaq?

22-05-2024, 16:24           
Yanlış qidalanma, hərəkətsiz həyat - Şəkərli diabetdən necə qorunaq?
"Şəkərli diabet xəstələrinin sayının artması insanların qəbul etdiyi qidalarla əlaqədardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, insan orqanizminə daxil olan qidaların kalorisi ilə sərf olunan kalori arasında bir disbalans var:

"Orqanizmə daha çox kalori daxil olur, amma az sərf olunur. İnsanlarda tənbəlləşmə gedir, daha az hərəkət edib, daha çox qida qəbul edirlər ki, bu da artıq çəkiyə səbəb olur. Bu isə insulin dirəncinə gətirib çıxardır. İnsulin dirənci isə şəkərli diabetə gedən bir başa yoldur. Şəkərli diabet xəstələrinin həm gəncləşməsi, həm sayının artması da bununla bağlıdır”.


Adil Qeybulla hesab edir ki, bu prosesdə eyni zamanda koranavirus pandemiyasını da nəzərə almalıyıq:

"Pandemiya xeyli insanlarda problemlər yaratdı, yəni onların immun sisteminə ciddi neqativ təsir göstərdi. Son nəticədə də bu şəkərli diabet xəstələrinin sayının artmasına səbəb oldu".

Professor təəssüflə insanlarda tənbəlləşmə olduğunu vurğulayıb:

"Düşünürəm ki, insanlar sağlam həyat tərzinə keçməlidirlər. Az qida qəbulu, çox hərəkət, təmiz havada gəzmək, aktiv idmanla məşğul olmaq bu xəstəliyin qarşısının alınması yollarından biridir”.

Qeyd edək ki, Azərbaycanda diabet xəstəliyi ilə bağlı statistika açıqlanıb. 2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb. Bu ilk dəfə xəstələnənlərin statistikasıdır. Onların arasında insulindən asılı olanlar - 1044 nəfər, insulindən asılı olmayanların sayı isə 29456 nəfərdir Xatırladaq ki, tibb müəssisələrində qeydiyyatda olan şəkərli xəstələrin ümumi sayı 385 179 nəfərdir. Onların arasında insulindən asılı olanlar 35 765 nəfər, insulindən asılı olmayanların sayı isə 349 414 nəfərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.