IRENA: Bərpa olunan enerji mənbələri üzrə bir-biri ilə əlaqəli şəbəkələr lazımdır
13-11-2024, 12:54
Bərpa olunan enerji mənbələri sahəsində bir-biri ilə əlaqəli, çevik, balanslaşdırılmış şəbəkələr lazımdır.
Bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Camera noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə bildirib.
"Bu çox mühüm sessiyada agentliyi təmsil etmək mənim üçün çox xoşdur və mən ilk növbədə Azərbaycan Sədrliyini bu sessiyanı təşkil etdiyinə görə təbrik etmək istəyirəm. Təşkilatçılıqla bağlı təcrübəmə əsasən, bu tədbirin çox yaxşı təşkil olunduğunu söyləyə bilərəm", - o vurğulayıb.
Qonağın sözlərinə görə, bərpa olunan enerji mənbələri ilə bağlı infrastruktur qurulması üçün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində işləmək lazımdır:
"Bizə bir-biri ilə əlaqəli, çevik, balanslaşdırılmış şəbəkələr lazımdır. Bu, prioritet məsələ kimi nəzərdən keçirilməlidir. Üstəlik, maliyyə institutları başa düşməlidirlər ki, bu, onların fəaliyyəti üçün də prioritet olmalıdır".